Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:02

Ekspertlər: «Kommunal xidmətlərin qiymətləri artırıla bilər»


Serzh Sarkisian və İlham Əliyev
Serzh Sarkisian və İlham Əliyev

-

Prezidentlərin Vyana görüşü, valyuta bazarı, məhkəmələrin vəziyyəti və kommunal xidmətlərin qiymətlərinin artacağı yöndə gözləntilər bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN DİKTƏ EDİR

«Azərbaycan» qəzeti Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü fonunda «Qarabağ gündəmini indi Azərbaycan müəyyənləşdirir» adlı məqalə dərc edib.

Məqalədə Qarabağ münaqişəsinin gündəliyi, iki dövlət rəhbəri arasında keçirilən görüş və problemin həlli ilə bağlı vasitəçi dövlətlərin təşəbbüslərindən geniş bəhs edilir. Müəllif yazır ki, problemin indiyə kimi həll olunmamasının səbəbi işğal edilən torpaqların qaytarılmaması və ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana yetərli təzyiq göstərməməsidir.

Bununla belə müəllif qeyd edir ki, 4-günlük aprel hərbi əməliyyatları situasiyanı bir xeyli dəyişib: «Ermənistanın tam iflasının qarşısını almaq üçün artıq himayədarları, dostları da onun güzəştə getməsini tələb edirlər. Siyasi avantüralar, hərbi təxribatlar vasitəsilə danışıqları nəticəsiz bitirmək indi mümkün deyil. Bu baxımdan hərbi, siyasi və diplomatik cəbhədə tam dalana dirənən Ermənistan hakimiyyəti dünənki görüşə bütün sahələrdə məğlub statusu ilə qatıldı. Bu prosesdə söz sahibi olan ABŞ və Rusiya münaqişənin tezliklə, özü də Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyəcək variantda həllini tələb edirlər».

Valyuta mübadiləsi məntəqəsi
Valyuta mübadiləsi məntəqəsi

MANAT MÖHKƏMLƏNİR, İSTEHSAL DÜŞÜR

«Azadlıq» qəzeti 2016-cı ilin birinci rübündə ölkənin valyuta bazarının kiçilməsindən bəhs edən yazı verib.

Yazıda qeyd edilir ki, bankların satdıqları dollar 55 dəfə azalaraq 79 milyon dollara düşüb. Avro əməliyyatları da 3.5 dəfə azalıb, cəmi 69 milyon avro satılıb. İqtisadçı-ekspert Nemət Əliyev ölkənin bank sektorunda yaranan bu durumu belə dəyərləndirib: «Valyuta bazarının məhdudlaşdırılması Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir. Valyutadəyişmə məntəqələrinin bağlanması, valyuta satışına məhdudiyyətlər tətbiq olunması belə bir vəziyyət yaradıb».

İqtisadçının fikrincə, valyuta bazarının bu dərəcədə kiçiləcəyi gözlənilən idi. N.Əliyevin deməsinə görə, bunun fəsadları qaçılmazdır: «Bunun fəsadları artıq özünü göstərməkdədir. Əgər indiyə qədər ticarət və xidmət sahələrində çalışanlar xarici partnyorlarla iş təşkil edə bilirdilərsə, indi bunu etmək mümkün deyil. Guya aparılan bu siyasət milli valyutanı qiymətə mindirmək məqsədi güdür. Amma reallıqda daxili istehsal düşür».

İqtisadçı qeyd edir ki, manat real olaraq möhkəmlənsəydi, istehsal düşməzdi. Çünki milli valyutanı gücləndirən başlıca amil istehsaldır.

Qaz sayğacı
Qaz sayğacı

QİYMƏTLƏR ARTACAQ

«Exo» qəzeti isə bu günlərdə suyun əhaliyə satış qiymətinin artırılması fonunda ekspertlərlə kommunal xidmətləri müzakirə edib.

Ekspert Nəriman Ağayev qəzetə deyib ki, qiymət artımı bununla dayanmayaraq, davam edəcək. Amma o, bunun nə vaxt baş verə biləcəyini söyləməyib. Ekspertin deməsinə görə, bu sırada elektrikin qiymətinin də qaldırılacağı gözləniləndir.

Ekspertlərdən Eyyub Hüseynov da kommunal xidmətlərə görə qiymətlərin bundan sonra qaldırılacağını istisna etməyib: ««Azərsu» əhalinin öncədən su məsrəfinə görə köhnə qiymətlə ödəniş etməsinin qarşısını alırdı. Bankomatlar vasitəsilə ödəniş etmək qeyri-mümkün idi. Bu da istehlakçı hüququnun pozulması deməkdir».

Ekspertlər qeyd ediblər ki, suyun qiyməti 30 faizdən çox bahalaşıb. Onlar maaş və pensiyaların da buna uyğun artırılmasını təklif ediblər.

Məhkəmə
Məhkəmə

MƏHKƏMƏ, YOXSA BİZNES?

«Novoye Vremya» qəzeti isə Avropa Şurası Parlament Assambleyasının Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edəcək hakimlərin siyahısını geri qaytarmasının səbəblərini araşdırıb. Müəllif siyahının qaytarılmasının səbəbini Azərbaycan məhkəmə sisteminin mahiyyətində görür: «Əgər bizim məhkəmələr ədalət mühakiməsi olmaqdan uzaq qalıbsa, Qərb standartlarından danışmağın yeri yoxdur. Ona görə ki, Azərbaycan məhkəmələrində baş verənləri gördükdən sonra onu ədalət mühakiməsi adlandırmağa adamın dili gəlmir».

Müəllif Azərbaycanda hakim seçkilərinə də inamsızlığını gizlətmir: «Cəmiyyətin total şəkildə korrupsiyaya uğraması, habelə, yerlibazlıq, qohumbazlıq nəzərə alınsa, imtahanların necə keçirildiyini təsəvvür etmək çətin deyil. Cəsarətlə demək olar ki, Azərbaycan hakimləri dünyanın ən xoşbəxt hakimləridir. Ona görə ki, Azərbaycanda məhkəmə ən uğurlu və perspektivli biznes növüdür. Bir çox hakimlər məhkəmə işlərinə insan faciəsi kimi yox, növbəti kommersiya layihəsi kimi yanaşırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG