Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:58

Dövlət qəzeti ölkəyə yeni ad qoyur: 'Heydər Əliyevin Azərbaycanı'


Heydər Əliyev və Leonid Brezhnev
Heydər Əliyev və Leonid Brezhnev

Heydər Əliyevin hakimiyyət dövrləri, minimum əməkhaqqı, ölkədə ədalət mühakiməsinin durumu, problemli kreditlər bugünkü medianın aparıcı mövzularıdır.

BİR-BİRİNƏ ZİDD İKİ DÖVRÜN BAŞÇISI

«Azərbaycan» qəzeti «Azərbaycanın şərəf ünü» başlıqlı məqalə ilə çıxış edib.

Məqalə keçmiş prezident Heydər Əliyevin iki ayrı-ayrı dönəmdəki hakimiyyətinə həsr edilib.

H.Əliyev 1969-cu ildə sovet dönəmində, Kreml tərəfindən Azərbaycanda hakimiyyətə gətirilib.

Müəllifə görə, «məhz bu tarixdən qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşib». Məqalədə H.Əliyevin sovet dönəmi üçün siyasi fəaliyyəti belə dəyərləndirilir: «Heydər Əliyev müstəqilliyin dolanbaclarında azan, «Xəzərə tökülmək» qorxusu ilə yaşayan milləti xilas edən, ona itirdiyi böyüklüyünü, aliliyini yenidən qaytaran xilaskardır».

Müəllif daha sonra H.Əliyevin 1993-cü ildə müstəqil Azərbaycana prezident seçilməsi dövrünə toxunur: «Azərbaycanın qazandığı bütün uğurlar bu şəxsiyyətin adı ilə bağlı olduğundan, həmçinin dövlətin mövcudluğu bu fenomenin əməyinin bəhrəsi kimi təşəkkül tapdığından bu ölkə «Heydər Əliyevin Azərbaycanı» adlanmağa tam layiqdir».

Samir Əliyev
Samir Əliyev

AZƏRBYACANDAN BAŞQA...

«Azadlıq» qəzeti iqtisadçı-ekspert Samir Əliyevin «Azərbaycandan başqa bütün MDB ölkələrində minimum maaş artırılıb» məqaləsini dərc edib.

Müəllif yazır ki, 2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əməkhaqqı artırılıb. Misal üçün, bu il iyulun 1-dən Rusiyada minimum əməkhaqqı 117 dollara (7500 rubl) qaldırılıb. Ondan əvvəl isə Ukraynada mayın 1-dən minimum əməkhaqqının aylıq məbləği 58.4 dollara (1450 qrivna), saatlıq məbləği 0.35 dollara yüksəldilib.

Belarus hökuməti işəgötürənlər qarşısında iyunun 1-dən sonra işçiyə ayda ən azı 119 dollar (239.18 BYN) vermək öhdəliyi qoyub. Moldovada artım mayda olub. Ermənistanda hazırda minimum əməkhaqqı təxminən 115 dollardır. Gürcüstanda isə 70 dollara bərabərdir.

Azərbaycanda isə minimum əməkhaqqı sonuncu dəfə 3 il öncə – 2013-cü il sentyabrın 1-də 105 manata qaldırılıb: «Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi. Son devalvasiyadan sonra minimum əməkhaqqı indiki məzənnə ilə 68 dollara düşüb».

Məhkəmə
Məhkəmə

ƏDALƏT MÜHAKİMƏSİ OLMAYANDA

«Novoye Vremya» qəzetində «Ədalət mühakiməsi nə zaman normaya dönəcək» başlıqlı yazı dərc olunub.

Məqalədə ölkədəki ədalət mühakiməsinin durumu tənqid olunur: «Elə ki, məhkəmə sistemindən cəza vasitəsi kimi istifadə edilir, o zaman qanunun aliliyi bundan çıxan bütün nəticələrlə arxa plana keçir».

Müəllif ayrı-ayrı vaxtlarda hakimlərin cəzalandırılması ilə bağlı faktlara toxunur.Məqalədə hakim seçkilərinin şəffaf və müəyyən qurumların müdaxiləsi olmadan mümkün olmadığı deyilir: «Məhkəmə sisteminin modernləşdirilməsinin ən əsas məqsədi Azərbaycanda müstəqil məhkəmə icraçılığı yaratmaq olmalıdır. Yalnız bu halda ədalət mühakiməsi boş söz olmaqdan qurtararaq normaya dönəcək».

Əkrəm Həsənov
Əkrəm Həsənov

ÖZLƏRİNƏ GÖRƏ XALQI SOYANLAR

«Bizim Yol» qəzeti isə bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla bank-vətəndaş münasibətlərini müzakirə edib.

Kreditlərin banklara qaytarılmasında yaranan problemlərdən danışan müəllifə bildirir ki, ilk növbədə Azərbaycanda «Müflislik haqqında» qanun qəbul edilməlidir. Bunun səbəbini ekspert belə izah edir: «Kimin ki, həqiqətən borcunu qaytarmaq imkanı yoxdur, o, müflis elan edilməli və ondan bir daha həmin borc tələb edilməməlidir». Ə.Həsənov deyir ki, həmin şəxs bundan sonra müəyyən dövr, yəni. 3-5 il ərzində heç yerdən borc ala bilməz.

Məqalədə problemli kreditlər, onların qaytarılmaması səbəblərinə də toxunulur:

«Azərbaycanda belə bir təcrübə var ki, bankların problemli kreditlərinin xeyli hissəsi elə bank sahiblərinin özlərinə, yaxud da yaxınlarına məxsus bizneslərə, eyni zamanda bankı idarə edən şəxslərin dost-tanışlarına ayrılan kreditlərdir».

Ə.Həsənov deyir ki, qayıtmayan kreditlər əmin kreditlərdir və banklar da qayıtması üçün heç bir tədbir görmürlər. Çünki bu adamlar nə məhkəməyə verilir, nə başqa yollar axtarılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG