Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:50

Bakıdan Astanaya iki fərqli müraciət


MSŞT-in iclası. Foto arxiv
MSŞT-in iclası. Foto arxiv

«Azərbaycan prezidentinin oktyabrın 21-də verdiyi fərman vətəndaş cəmiyyətinin fəaliyyətini bərpa edə bilməsindən ötrü əsas təşkil edir. Bu fərman hökumət ilə danışıqların nəticəsi olaraq qəbul edilib».

Azərbaycandan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq rəhbər komitəyə QHT nümayəndələrinin göndərdiyi müraciətdə belə deyilir.

AZƏRBAYCANIN STATUSU TAM BƏRPA EDİLSİN

Sözügedən müraciəti Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının 5 üzvü - Əliməmməd Nuriyev, Ruhəngiz Hüseynova, Sevil Allahverdiyeva, Məmmədhəsən Həsənov və Elşən Nağıyev imzalayıb.

Müraciət müəllifləri qeyd edirlər ki, 2014-cü ildə QHT qanunvericiliyinə edilən dəyişikliklər vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi çətinliklər yaradıb. Onlar vurğulayırlar ki, MSŞT təmsilçilərinin Azərbaycana səfər etməsi, ölkə başçısı ilə müzakirələr aparması bu sahədə mövcud problemlərin həllinə əhəmiyyətli töhfə verib.

Müraciətdə bildirilir ki, MSŞT təmsilçilərinin Azərbaycana səfərindən sonra QHT-lərin əksər problemləri həll edilib. Sərhəd-keçid məntəqələrində koalisiya üzvlərinin yoxlanması aradan qaldırılıb, vergi cəzaları qaldırılıb, bank hesablarındakı həbslər götürülüb.

Müraciətin sonunda Azərbaycanın MSŞT-dəki statusunun tam bərpa edilməsi istənilir.

AZƏRBAYCAN NAMİZƏD STATUSUNDA SAXLANSIN

Digər müraciət isə Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Şurası adından göndərilib.

Həmin müraciətdə də 2014-cü ildə QHT-lərin fəaliyyətinə problemlərin yaranmasından, ancaq son zamanlar həmin problemlərin həlli istiqamətində müəyyən addımların atılmasından bəhs olunur.

Müəlliflər ölkə başçısının oktyabrın 21-də verdiyi fərmanın xarici donorlardan qrant əldə edilməsinə və qrant müqavilələrinin qeydiyyatına müsbət təsir göstərmədiyini vurğulayırlar. Onların qənaətincə, Azərbaycanda QHT-lərin fəaliyyətinə dair qanunvericilikdə məhdudiyyətlərin aradan qaldırılmasına ciddi ehtiyac var.

«Biz MSŞA QHT Koalisiyası olaraq Azərbaycanın MSŞT çərçivəsində namizəd statusunda saxlanılmasında maraqlı olduğumuzu bildiririk», - müraciətin sonunda qeyd olunub.

Müraciət müəllifləri həmçinin, Azərbaycanla bağlı yeni tədbirlər planının qəbulunu, Bakıya yüksəksəviyyəli missiya göndərilməsini xahiş ediblər.

MSŞT 13 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.

Həmin vaxt bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

Oktyabrın 25-də Qazaxıstanın paytaxtı Astanada təşkilatın beynəlxalq rəhbər komitəsinin 35-ci iclası başlayıb. Həmin toplantıda Azərbaycanın təşəbbüsdəki statusu da müzakirə edilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG