Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:00

►Deputatlığa namizədlər seçiciləri necə cəlb etmək istəyirlər...

- Ay Bahadır kişi, bu kimin şəklidir vurmusan bura?

- Deputat olmaq istəyənlərdəndir. Şəklini də bir-iki uşaq gətirib vurub. İndidən üzünü görmürük...

Bu söhbət Bakıdakı məhəllələrin birində, kiçik meyvə-tərəvəz dükanının qarşısında eşidilir. İndi deputatlığa namizədlərin fotoları, şüarları əks olunmuş plakatları çox yerdə görmək olar – mağazaların vitrinlərində, məktəblərin həyətlərindəki stendlərdə, küçə divarlarında. Televiziyada pulsuz reklam çıxışları olmadığından, pullu da baha olduğundan namizədlər seçiciləri köhnə üsulla cəlb eləmək istəyirlər.

“Mənə səs verin”, “Hamı seçkilərə”

Divarlara vurulmuş plakatların çoxunda namizədlərin şüarlarının əksəriyyəti köhnə, “mənə səs verin” üslubundadır. Mərkəzi Seçki Komssiyasının hazırladığı plakatlarda da əvvəlki seçkilərdə olduğu kimi “Hamı seçkilərə”, “1 noyabr Milli Məclisə seçkilər günüdür”, “Seçki siyahılarında adınızı tapın” və s. şüarlar əks olunur. (Ardı aşağıda)

Buna da bax: "Dedilər, istəyirsən kilsə tik, amma məscid olmaz"

“Neft qurtardı, biz varıq”, “Oyunu pozaq”

Seçicini yeni şüarlarla cəlb etmk istəyənlər də var. ReAL Hərəkatının namizədi, iqtisadçı Natiq Cəfərli özünə “Neft qurtardı, biz varıq” şüarını seçib. Natiq Cəfərli deyir ki, bununla cəmiyyətə “tək neftə arxalanıb yaşamaq olmaz” mesajını çatdırmaq istəyir:

“Yəni neftdən başqa biz varıq, xalq var. Neftdən başqa yaxşı təhsil almış yeni nəsil var. Bu nəsil ölkənin problemlərini həll etməyə qadirdir. Bu ölkədə uğur hekayələri həmişə neftə görə yazılıb. Artıq neft dövrü sona çatıb. Ağılla, təhsillə yazıla biləcək uğur hekayələrinə ehtiyac var”.

Bəs seçicilər bu şüarı necə qarşılayır? Natiq Cəfərli deyir ki, şüarı bəyənənlər də var, bəyənməyənlər də. Bəyənənlərin çoxu gənclər, bəyənməyənlər isə adətən yaşlı nəslin nümayəndələridir:

“Onlar deyir ki, “təqaüddən, maaşlardan yazsan, daha yaxşı olar””.

Başqa bir namizəd Ramin Hacılının isə şüarlarından biri “Oyunu pozaq”dır. Ramin Hacılı deyir ki, bununla adamların fikirlərində özünə yer eləmiş “seçki bir oyundur” fikrini dağıtmaq istəyir:

“Xalq belə fikirdədir ki, seçki bir oyundur. Oyunda iştirakçı olmaq istəmirlər. Düşünürlər ki, onlarla oyun oynanılır, nəticə onların istədiyi kimi yox, oyunu quranların istədiyi kimi olacaq. Ona görə bu şüarla xalqa mesaj vermək istədik ki, oyunu pozmaq sənin əlindədir. Əgər düşünürsənsə ki, oyun oynanılır, o zaman oyunu poz. Seçkiyə gəl, seçimini elə, oyun pozulsun”. (Ardı aşağıda)

“Yapışdırdıqlarını gəlib çıxarmırlar”

Bakı sakini, müəllimə Tamilla Kərimova deyir ki, küçələrdə gördüyü şüarlar seçici kimi onu çəkmir:

“Bəlkə də bu onunla bağlıdır ki, həmin adam deputat olandan sonra seçicilər heç yadına da düşmür. Seçici də nə həmin namizədi, nə də onun şüarını yadında saxlamır ”.

Satıcı Firuz Babayev isə deyir ki, namizədlər onun işini çətinləşdirirlər. Ona görə də onun yadında qala bilmirlər:

“Allah canlarını sağ eləsin, gəlirlər, yapışdırırlar. Heç oxumuram da ki, yadımda qalsın. Seçki qurtarandan sonra yapışdırdıqlarını gəlib heç səliqə ilə çıxarmırlar. Bundan əvvəlki namizədlərin şəkillərinin cırılmış parçaları indi də binamızın divarlarında qalıb”.

Buna da bax: Deputatını özün seç [Virtual səsvermə]

"Şüar seçicini çağırmağı bacarmalıdır"

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacəmi Atakişiyev deyir ki, ən əsası seçici ilə seçilən arasında əlaqənin qurulmasıdır:

“Seçki plakatlarında bayağı şüarlar çox olur. Belə şüarlar insanlarda ikrah doğurur. İnsanı çağıran, ona xoş münasibətini bildirən təşviqat plakatları isə həmişə yaxşı qəbul olunur. Seçilmək istəyən adamların plakatlarını xüsusi mütəxəssislər hazırlamalıdır. Təşviqat plakatlarında böyük dəyişikliklər olmalıdır. Çünki artıq insanların düşüncələri dəyişib. Həm də namizəd hansı ərazidən seçilmək istəyirsə, o əraziyə uyğun, orda yaşayanlara uyğun şüarlar seçməlidir”.

Hacəmi Atakişiyevin sözlərincə, heç nə yazmamaqla da seçicini cəlb etmək olar:

“Mən namizəd olsaydım, susardım. Şüar yazmazdım. Bu gün xarici ölkələrdə yazıdan çox müəyyən kompozisiyalardan istifadə edirlər. Seçicini cəlb eləmək üçün kiçik bir şəkil qoyub ətrafını rəngli eləyirlər. Çoxsözlülük aradan götürülməlidir, rəngli, şəkilli, insana psixoloji baxımdan çox aktiv təsir edən materiallardan istifadə olunmalıdır. Bu da həmin plakatı hazırlayan rəssamın, ya da dizaynerin qabiliyyətindən asılıdır. Əgər plakatı hazırlayanın dünya standartlarından təsəvvürü yoxdursa, heç bir şey deyə bilməyəcək”.

Psixoloq Nəzakət Əliyeva söyləyir ki, namizəd seçicinin yadında qalması üçün onun ürəyindən keçəni deməlidir. Həm də sadə dildə:

“Mənə səs verin”, “Sizi düşünürəm”, “Sizin səsiniz olacağam” kimi şüarlar, əksinə, seçicini özündən uzaqlaşdırır. Seçici bilir ki, namizəd bunu şüar xatirinə deyir. Seçiciyə bir az isti mesaj lazımdır. Məsələn, seçici olan valideynləri namizəd öz fotosunun ətrafında əl-ələ tutmuş uşaq cizgiləri ilə də cəlb edə bilər”.

Buna da bax: Şura ANS-i yenə cərimələdi

“Səs almaq istəyən onu seçənin yanına getməlidir”

Meyvə-tərəvəz satan Bahadır kişi isə deyir ki, dükanına şəklini vurmuş namizəd heç olmasa, özü gəlib şəklini vursaydı, ona səs verərdi:

“Gələydi, deyəydi “bu mənəm, filan-filan işi görmək istəyirəm, bu da şəklim, vurmaq istəyirəm”. Özüm alıb yapışdırardım. Yoxsa tanışlarına verib deyir ki, “bu şəkli aparın haralarasa vurun”. Əsas adamı görmək lazımdır, səs almaq istəyən bir ayaq atıb onu seçənin yanına gəlməlidir...”

(Bu deyilənlər fikrini öyrəndiyimiz insanların şəxsi mülahizələridir və AzadlıqRadiosunun mövqeyini əks etdirmir)

Günün bütün mövzuları

XS
SM
MD
LG