Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02

-

9 May – Qələbə Günü Rusiyada təkcə böyük bayram deyil. Bu gün həm də hakimiyyət və sadə insanlar üçün qürur mənbəyidir.

Mayın 9-da bir çoxları kimi, məktəblilər də “könüllü” olaraq hərbi paradlarda iştirak edir. Şagirdlər yerli veteranlar üçün konsertlər təşkil edir və digər rəsmi tədbirlərə qatılırlar. Lakin bu il uşaqların bəzi tədbirləri heç də uşaqsayağı alınmayıb.

"ƏSAS ODUR Kİ, BİZ QALİB GƏLDİK"

Məsələn, Samarada bir neçə gənc rejissor vətənpərvərliyi təlqin etmək üçün Qələbə Gününə həsr olunmuş bir videoçarx çəkib. Videoçarxın baş qəhrəmanı keçmiş Sovet İttifaqının hərbi formasını geyinmiş 10 yaşlı oğlanın canlandırdığı ruhdur. Bir qrup uşaq da bu ruhla qarşılaşır. Ruh uşaqlara atasının müharibəyə getdiyini, anasını faşistlərin öldürdüyünü, özünün bir qədər artilleriya zavodunda işlədikdən sonra partizan hərəkatına qoşulduğunu və orada həlak olduğunu nəql edir. Uşaqlardan biri ondan soruşanda ki, ölmək qorxuludur, ya yox, 10 yaşlı ruh deyir: “Əsas o deyil, əsas odur ki, biz qalib gəldik”.

Videonu izləyənlərin çoxu onun uşaqları Vətən uğrunda ölümə səsləməsindən dəhşətə gəliblər. Həmin videoçarxa saysız-hesabsız mənfi reaksiya gəlib. Elə buna görə də YouTube əvvəlcə videoya şərh yazmaq funksiyasını söndürüb. Sonra isə videonu tamamilə silib.

Başqa bir videoda isə 10 yaşlı Anya təsvir olunur. Anya ötən il vəfat etmiş ulu babasının müharibə qəhrəmanlıqlarından danışır. Danışa-danışa onun nəşinin yandırılmış külü ilə svastika çəkir.

1 YAŞLI UŞAQ ÜÇÜN HƏRBİ FORMA

Videoçarx çəkməyə pulu, ya da həvəsi olmayanlar isə müharibə veteranlarını övladlarını Sovet əsgərləri kimi geyindirməklə yad edirlər. İnternetdən uşaqlar üçün hər ölçüdə hərbi paltar tapmaq olar.

Saytlardan birində 1 yaşlı oğlan uşağı üçün Sovet hərbi forması 1800 rubla, yəni 27 dollara satılır.

Yelena Anisimova adlı fotoqraf bu kostyumlardan bir neçəsini alıb. Arzu edən hər kəsin uşağının həmin kostyumda şəkillərini çəkir. Fotoqraf uşaqlar üçün “Mən qəhrəman övladıyam” adlı fotoalbom yaradır. Yelena hər şəklə görə uşağın valideynindən 1000 rubl, yəni 15 dollar alır. Bu qiymətə paltarın kirayə haqqı da daxildir.

Burada oğlu və qızı ilə xeyli şəkil çəkdirmiş bir ana deyir ki, çəkilişdən zövq alıblar: “Oğlum Kiril bütün günü hamıya deyib ki, o hərbçidir”.

İnternetdə hətta yeni doğulanlar üçün də hərbi kostyum satılır – 950 rubla (14.50 dollara). Yaxşı ki, satıcı paltarın oynamaq və yatmaq üçün deyil, bayırda geyinmək və ya şəkil çəkdirmək üçün olduğunu xüsusi vurğulayır: “Düymələr və ulduz həqiqidir, metaldan hazırlanıb. Ona görə də uşağı bu kostyumda nəzarətsiz qoymağı tövsiyə etmirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG