Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:58

'Oğlumu SOCAR-da işə düzəltmək üçün 15 min aldı…'


Maşallah Əhmədov
Maşallah Əhmədov

Veteran futbolçu Maşallah Əhmədov xaricdən daş plitələr gətirməklə yanaşı, indi də işə düzəltmək adı ilə adamlardan pul alıb qaytarmamaqda suçlanır. Özü də söhbət Dövlət Neft Şirkətinə işə düzəltməkdən gedirmiş. Bu məsələ «Neftçi»nin keçmiş futbolçusunun oktyabrın 25-də keçirilən məhkəməsində ortaya çıxıb.

Maşallah Əhmədovun işi üzrə zərərçəkmişlərdən olan Yusif Əzizov deyir ki, ondan oğlunu Dövlət Neft Şirkətinə işə düzəltməkdən ötrü 15 min manat pul alıb. Amma sonda nə işə düzəldib, nə də pulu qaytarıb.

«XOŞBƏXT YUSİFZADƏNİN YANINA GİRİB DANIŞDI»

«Dostum dedi ki, öz oğlu da Maşallah Əhmədovun yanında işləyir, onun məsləhəti ilə Maşallahla görüşdük. Bildirdi ki, 15 min manata Dövlət Neft Şirkətinin strukturlarından birinə düzəldə bilər. Həm də dedi ki, oğlumu xaricdə oxumağa da göndərəcəklər. Mən də pulu verdim. Bir müddətdən sonra Dövlət Neft Şirkətinə getdik, Maşallah Əhmədov Xoşbəxt Yusifzadənin yanına girib danışdı. Dedilər ki, CV-ni gətirsin. Apardı, amma neçə il keçdi, iş düzəlmədi, pulu da qaytarmadı», – zərərçəkmiş Yusif Əzizov ifadəsində belə deyib.

Dediyinə görə, dəfələrlə pulunu geri istəyib, məsələni hüquqi müstəviyə çıxarmaq istəmədiyini Maşallah Əhmədovun nəzərinə çatdırıb, amma xeyri olmayıb. Y.Əzizov futbolçunun ona vurduğu ziyanın təkcə oğlunun işə düzəlməsi üçün verdiyi puldan ibarət olmadığını deyir: «Mənə başqa işlərlə bağlı da verdiyi sözə əməl etmədi. Mənə ümumilikdə 350 min ziyan vurub. İrandan tikinti daşı gətirmək adıyla da pulumu aldı, amma nə daşı gətirdi, nə də pulumu qaytardı».

Yusif Əzizovun ARDNŞ-də işə düzəlməli olan oğlu Nizami də məhkəmədə ifadəsində atasının dediklərini təsdiqləyib. Əlavə edib ki, özü də Maşallah Əhmədovla birlikdə Neft Şirkətində olub.

«BİLMİRDİ Kİ, O DAŞ NEÇƏYƏ SATILIR»

Maşallah Əhmədov isə deyilənlərin doğru olmadığını bildirir. Deyir ki, Dövlət Neft Şirkətinə işə qəbul imtahanladır, o, kimsəni işə düzəldə bilməzdi. İrandan daş gətirmək məsələsinə gəlincə, futbolçu bunları deyib: «Bu adam bilmirdi ki, o daş İranda neçəyədir, Bakıda neçəyə satılır. Yəni bu sahədə təcrübəsi yox idi. Bir gün dedi ki, «məni aldadırsan». Mən də dedim ki, onda get, özün sat. Neçə ay keçdi, sata bilmədi. Yəni, bunun danışdıqlarının heç biri düz deyil».

Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov da məhkəmədə dindirilib. O isə atasının Yusif Əzizovla biznesi olduğunu təsdiqləyib.

Məhkəmə prosesi noyabrın 1-də davam edəcək.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən M.Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə əvəzlənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG