Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:14

Marionet Teatrı ilk tamaşasını göstərib


Marionet Teatrı
Marionet Teatrı

Dekabrın 28-də Marionet Teatrında Üzeyir Hacıbəylinin ölməz «Leyli və Məcnun» muğam operasının marionet tamaşası göstərilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bir neçə gün öncə prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan Marionet Teatrı öz tamaşaçılarını qarşılayıb.

Teatrın bədii rəhbəri Tərlan Qorçu 1987-1988-ci illərdə - Azərbaycanda marionet teatrı mövcud olmadığı bir vaxtda bir neçə nəfərlə «Arşın mal alan» operettasının marionet tamaşası üzərində çalışmağa başladıqlarını bildirib.

Tamaşanın premyerasının 1990-cı ildə Fransada baş tutduğunu bildirən Tərlan Qorçu çətin dövrdə teatrın yalnız xaricdə çıxış etdiyini təəssüflə vurğulayıb.

Tərlan Qorçu marionet tamaşaların hazırlanması üçün 3-5 il zaman gərək olduğunu deyib, «Leyli və Məcnun»un 14-pərdəlik marionet tamaşası üzərində 3 il çalışdıqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, teatrın məqsədi dahi Üzeyir bəyin musiqisinin bütün dünyada təbliğidir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tamaşaya baxıblar.

Teatrın növbəti layihəsi «O olmasın, bu olsun» operettasının marionet tamaşası olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG