Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:16

Mərkəzi Bank manatın məzənnəsini yeni mexanizmlə müəyyən etməyə başlayıb.

Mərkəzi Bank (MB) manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bunun üçün yeni hərrac mexanizmi də yaradılıb. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunacaq. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.

Buna da bax: Manat sərbəst buraxıldı/ 1 dollar 1.55 manat oldu

Ümumiyyətlə, MB-nin məzənnə rejimi həmişə mübahisə mövzusu olub. MB “üzən məzənnə” rejimi olduğunu desə də, ekspertlər faktiki rejimi “təsbit olunan” adlandırırlar. Ekspertlər haqlı idilər, çünki MB həm rəsmi məzənnə təyin edir, həm də marja müəyyənləşdirirdi. “Üzən məzənnə” rejimində isə məzənnə bazarda müəyyənləşir.

“MB hələ indi elan edir ki...”

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, MB "üzən məzənnəyə" keçdiyini hələ indi elan edir: “Bəs yaxşı, biz keçən ilin fevralından deyəndə ki, manat "üzə" bilməz, bunun üçün "hovuz" yoxdur, maliyyə nazirindən tutmuş, MB rəhbərinə qədər etiraz edirdilər, bizi populizmdə günahlandırırdılar, indi nə deyəcəklər?!”

Yeni qaydalara görə, banklar valyutanı həm də sata biləcəklər. Ekspert sual edir ki, banklar hər dəfə dollar alırsa, bankların ciddi xarici borcu varsa, onlar niyə dollar satmalıdırlar:

“Əgər məzənnə tələb-təklifə görə müəyyən olunacaqsa, bəs tələbin çox olan günləri nə baş verəcək? Bəzi günlər olub ki, MB və Dövlət Neft Fondu cəmi 50 milyon dollar satışa çıxarıblar, amma tələb 900 milyon dollar olub, həmin günlər manat dəfələrlə dəyərdən düşəcək?”

Buna da bax: #Manat ucuzlaşdı - Banka yüz min dollar borcum var - [ikinci video]

“Dollar 1,90-1,95 manata qədər bahalaşacaq”

N.Cəfərli vurğulayır ki, "üzən məzənnə" rejiminə normal valyuta birjası, birjada dollar sata bilən yüzlərlə şirkət lazımdı:

“Hardadı o şirkətlər? İnsanları çaşdırmaq lazım deyil, məzənnə inzibatidir, manatın möhkəmlənməsi üçün heç bir iqtisadi səbəb yoxdur, amma siyasi səbəb ola bilər: Əgər yaxın 3 ayda növbədənkənar prezident seçkiləri təyin edilsə, deməli seçkilərə qədər məzənnədə ciddi dəyişiklik olmayacaq, dollar 1,60-1,65 manat arası "rəqs edəcək", seçkidən sonra məzənnədə ciddi dəyişiklik olacaq. Yox, əgər seçki təyin edilməsə, ilin sonunadək manatın addım-addım dəyərdən düşməsi baş verəcək, dollar 1,90-1,95 manata qədər bahalaşacaq”.

“Amma inanmıram ki, çox satan olsun”

Bank məsələləri eksperti Əkrəm Həsənov MB-nin yeni mexanizmlə bağlı açıqlamasını “səthi” sayır:

“Tam başa düşmək olmur. Təcrübə göstərir ki, onsuz da reallıqla bəyan edilən rəqəm fərqlənir. Açıqlamadan iki şeyi başa düşdüm ki, əvvəla, banklar artıq hərracda dolları sata da bilər. Bu, normal haldır, belə də olmalıdır. Amma inanmıram ki, çox satan olsun”.

Ekspert əlavə edir ki, dollara tələbat azalsa da, qalır: “Diqqətimi çəkən ikinci məqam o oldu ki, hərraca çıxarılacaq vəsait qabaqcadan bəyan edilməyəcək. Əgər həqiqətən də Mərkəzi Bank Neft Fondu hərracda məhdudiyyətsiz dollar həcmini satacaqsa, bu, yaxşı məqamdır. Belə olsa, avqust-sentyabrın "qara bazar" əməliyyatı təkrarlanmaz. Amma reallıqda yenə də məhdudiyyət olacaqsa, onda əhəmiyyətsiz yenilikdir. Sadəcə, göstərirlər ki, nəsə edirik”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG