Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:02

►“Mərkəzi Bank "topdan" bütün valyutadəyişmə məntəqələrini bağlaya bilməz”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bu barədə rəsmi qərar yoxdur:

“Ola da bilməzdi. Çünki Mərkəzi Bank "topdan" bütün valyutadəyişmə məntəqələrini bağlaya bilməz. Bu, qanunsuzdur. Mərkəzi Bankın 6 yanvarda təsdiq etdiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın yeni redaksiyası qüvvəyə minib. Həmin Qaydaların 7.1-ci bəndində deyilir: "Mübadilə şöbəsi ayrıca binada və ya binanın küçəyə çıxışı olan əlahiddə hissəsində yerləşdirilə bilər. Binanın daxilinə çıxışı olan mübadilə şöbələri yalnız qapalı tipli iri ticarət və əyləncə mərkəzlərində, yarmarkalarda, mehmanxanalarda, vağzallarda, limanlarda, poçt idarələrində açılır". İndi nə oldu ki, sözügedən obyektlərdə mübadilə şöbələri ola bilməz?”

Buna da bax: «Məni yeznəm Emin Milliyə görə həbs ediblər»

Ekspert xatırladır ki, həmin qaydaların 6.1-ci bəndinə əsasən mübadilə şöbəsinə verilmiş icazə Mərkəzi Bank aşağıdakı əsaslardan biri olduqda ləğv edir:

Əkrəm Həsənov

Əkrəm Həsənov

1) mübadilə şöbəsinin ləğv edilməsi barədə bankın müraciəti olduqda;

2) mübadilə şöbəsinin açılmasına icazə almaq üçün təqdim edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;

3) bank lisenziyası ləğv edildikdə və ya banka qarşı tətbiq olunmuş təshih tədbirləri çərçivəsində fəaliyyətdə olan mübadilə şöbəsinin fəaliyyətinə xitam verilməsi barədə sərəncam verildikdə;

4) mübadilə şöbəsi açılmasına icazə verildikdən sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud şöbənin altı aydan çox müddət ərzində fəaliyyətinin dayandırıldığı müəyyən edildikdə;

5) mübadilə şöbəsinin əsasnaməsində nəzərdə tutulmayan əməliyyatlar və xidmətlər həyata keçirildikdə;

6) mübadilə şöbəsinin fəaliyyətində bu qaydaların tələbləri təqvim ili ərzində iki dəfədən artıq pozulduqda.

“Yəni birdən-birə bütün mübadilə şöbələri üzrə sözügedən əsaslar yarandı? Yaranmadısa, belə çıxır ki, Mərkəzi Bank özbaşınalıq edir. Əvvəla, ona görə ki, qanunvericiliyə zidd olaraq sahibkarlıq subyektinin obyektini bağlayır. Daha sonra, yaxınlarda lisenziya verib almaq səlahiyyəti İqtisadiyyat və Sənaye Nazirliyinə verilib. Mərkəzi Bankın hazırda belə səlahiyyəti yoxdur”.

“Mübadilə şöbələri də bankların qurumu deyilmi?”

Məsələnin iqtisadi mahiyyətinə gəlincə, ekspert bildirir ki, əslində Mərkəzi Bank valyutadəyişmənin leqal yollarını azaldır və qara bazar üçün şərait yaradır:

“Əlbəttə, Mərkəzi Bank deyəcək ki, xeyr, əslində guya valyuta ajiotajının qarşısını alır. Amma necə? Məgər mübadilə şöbələri də bankların qurumu deyilmi? Formal olaraq qurumudur. Amma reallıqda belə deyil, onlar bank rəhbərləri ilə qeyri-rəsmi işbirliyi qurmuş sahibkarlara mənsubdur və Mərkəzi Bank illər boyu buna göz yumub. İndi isə birdən ayılıb deyir ki, “bağlayıram sizi”. Buradan həmçinin o bəlli olur ki, Mərkəzi Bank bazarı kifayət qədər dollarla təmin edə bilmir. Səbəb də ikisindən biridir: ya elan etdiyi qədər dolları yoxdur, ya da elan etdiyindən artıq manat buraxıb dövriyyəyə. Hər bir halda burada hüquq-mühafizə orqanları ciddi araşdırma aparmalıdır”.

“Başlıca problem valyutanı necə satmaq deyil...”

Qubad İbadoğlu

Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, mübadilə məntəqələrinin fəaliyyətinin dayandırılması "qara valyuta bazar"ının formalaşması üçün “yaşıl işıq” yandıracaq: “Son günlər Mərkəzi Bankın verdiyi sistemsiz və ziddiyyətli qərarlar əhali arasında çaşqınlıq yaratmaqla yanaşı valyuta satışı üzrə "qara bazar"ların yaranmasını və inkişafını stimullaşdırır. Hazırda Azərbaycan iqtisadiyyatının başlıca problemi valyutanı necə satmaq deyil, onu xaricdə qazanmaq və sərbəst şəkildə ölkəyə gətirməkdir. Buna yalnız yerli istehsalın inkişafı və onların ixracatının təşviqi yolu ilə nail olmaq mümkündür.

“İnsanlara manatı güclə sevdirmək mümkün olmayacaq”

Ekspert bildirir ki, son 10 ildə hökumət "papağını günə vermək"lə məşğul olub:

“Buna baxmayaraq hələ də inzibati tənzimləmə vasitələrindən başqa bir iş görmür. Bu isə ölkədə həm valyuta və həm də ərzaq qıtlığına gətirib çıxara bilər. İnsanlara güclə manatı sevdirmək mümkün olmayacaq. Ona olan etibarı qaytarmaq üçün valyuta bazarında tələb və təklif tarazlığı ilə manatın gerçək məzənnəsi formalaşdırmaq lazımdır. Liberal islahatlar həyata keçirilməli, gizli iqtisadiyyat leqallaşmalı, inhisarçılıq və korrupsiya aradan qalxmalı, bir sözlə, ölkədə azad bazar qanunları bərqərar olmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG