Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

►Əli Kərimlinin müşavirinin işi üzrə məhkəmə istintaqı yekunlaşdı

"Mən ancaq bəraət istəyirəm. Hətta ən yüngül cəzanı belə, siyasi sifarişin nəticəsi kimi qiymətləndirəcəm".

Bunu AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim martın 7-də məhkəmədə ifadə verərkən dedi.

Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda Məmməd İbrahim dindirilməmişdən əvvəl 18-ci polis bölməsinin rəisi Hikmət Usubovun məktubu elan olundu.

Bölməyə Məmməd İbrahimin vəkili Yalçın İmanovun sorğusu əsasında sorğu göndərilmiş, qeydiyyat kitabı istənilmişdi.

Vəkil qeydiyyat kitabına baxış keçirməklə, iş üzrə zərərçəkmiş kimi təqdim olunan şəxslərin bölməyə nə vaxt müraciət etdiyinin müəyyənləşdirilməsini istəmişdi.

“BİLİRDİM Kİ, GETSƏM, ŞƏRLƏNƏCƏM”

Hikmət Usubov bu işə baxan hakim Turqay Hüseynova göndərdiyi cavab məktubunda yazıb ki, 2015-ci il iyulun 15-dən vətəndaşların ərizə və şikayətləri kitablarda qeydiyyata alınmır, o vaxtdan qeydiyyat kompüterdə aparılır. Zərərçəkmiş Oruc Vəliyevə gəlincə, polis rəisi bu vətəndaşın oktyabrın 5-də bölməyə müraciət etdiyini bildirir.

Daha sonra Məmməd İbrahim məhkəmədə ifadə verdi. O bildirdi ki, həbs olunmamışdan əvvəl "Facebook"da naməlum profillərdən təhqir olunurdu, hədələnirdi. Bununla əlaqədar Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Onun şikayəti araşdırılmaq üçün 17-ci polis bölməsinə göndərilib:

"Bölmədə mənə yazılanları Azər adlı təhqiqatçıya göstərdim. Orada, hətta məni oğlumun başını kəsməklə hədələyirdilər. Həmin ərəfədə Mikayıl Quliyev də yazdığı statuslarda məni açıq-aşkar təhqir edirdi. Sentyabrın 29-da onu görəndə elə buna görə yaxınlaşıb soruşdum ki, “məni niyə təhqir edirsən?” Mən həmin vaxt ona heç bir xəsarət yetirməmişəm, heç təhqir də eləməmişəm. Çünki bilirdim ki, nəticəsi nə ola bilər. Bundan əvvəl dəfələrlə görüşmək üçün xəbər göndərmişdi. Amma getmirdim, çünki bilirdim ki, getsəm, şərlənəcəm. Hətta "Facebook"da yazılan təhqirlərə, hədələrə də cavab vermirdim. Məlumat almışdım ki, əgər bircə kəlmə təhqiramiz cavab versəm, məni kompüterimlə birlikdə aparıb həbs eləyəcəklər. Ona görə də səbir edirdim".

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“ÇOX DƏRİNƏ GETSƏN...”

Siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayan Məmməd İbrahimin sözlərinə görə, onun işi üzrə istintaqı aparan müstəntiq də bunu gizlətməyib:

"Cinayət işinin qondarma olduğunu dəfələrlə müstəntiq özü də mənə etiraf edib. Mənə deyirdi ki, “çox dərinə getsən, silah, bıçaq, hətta plastmas butılka da əlavə edib, maddən daha da ağırlaşdırılacaq”. Sonradan Oruc Vəliyev və Məhəmməd Qurbanovu tapıb onları da zərərçəkmiş kimi təqdim edərək maddəni dəyişəndə dedi ki, “biz buna məcbur olduq, çünki vəkilin hər yerə şikayət edir””.

Məmməd İbrahim deyir ki, Qurbanov və Vəliyev, ümumiyyətlə, hadisə yerində olmayıb. Onları ilk dəfə üzləşmə zamanı görüb:

"Bir dəfə müstəntiqdən soruşdum ki, “bunlar kimdir, hardan tapmısız?” dedi ki, “heç mən də bilmirəm".

Məmməd İbrahim ifadəsinin sonunda məhkəmədən ona bəraət verilməsini istədi.

Daha sonra cinayət işinin materiallarındakı sənədlər, o cümlədən, ekspert rəyləri elan olundu.

Ardınca məhkəmə istintaqının başa çatdığı elan olundu. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istədi.

Məhkəmə prosesi martın 14-də prokurorun çıxışı ilə davam edəcək.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“BUNLAR CİNAYƏT İŞİNİN SAXTA OLDUĞUNU SÜBUT EDİR”

Məhkəmədən sonra vəkil Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Məmməd İbrahim həbs olunandan sonra cinayət məsuliyyətini ağırlaşdırmaq üçün saxta sübutlar toplanıb. Vəkilin sözlərinə görə, 18-ci bölmənin rəisinin məhkəməyə göndərdiyi cavab məktubu da bunu bir daha sübut etdi:

"Cinayət işinin materiallarına görə, Oruc Vəliyev 2015-ci il oktyabrın 1-də 18-ci polis bölməsinə müraciət edib, Məmməd İbrahimin onun sinəsindən yumruqla vurub, təhqir etdiyini bildirib. Məmməd İbrahim isə həm istintaq, həm də məhkəmədə bildirdi ki, Mikayıl Quliyevlə mübahisəsi zamanı orada belə bir şəxs olmayıb. Bu gün bölmənin rəisi Hikmət Usubovun imzası ilə məhkəməyə göndərilən məktubda isə yazılıb ki, Oruc Vəliyev bölməyə oktyabrın 5-də ərizə ilə müraciət edib. İş materiallarında isə yazılıb ki, Oruc Vəliyev oktyabrın 1-də ərizə ilə müraciət edib, 3-də tibbi ekspertiza təyin olunub, 5-də ekspertin rəyi istintaqa daxil olub və elə həmin gün də Məmməd İbrahimin əməli CM-nin 221.1-ci maddəsindən 221.2.2-ci maddəsinə tövsif edilib. Bu necə olur?! Bütün bunlar cinayət işinin saxta olduğunu bir daha sübut edir".

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.

Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG