Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:14

Bir ay keçir, Maliyyə Sabitliyi Şurasının işindən soraq yoxdur


Arxiv fotosu
Arxiv fotosu

Maliyyə Sabitliyi Şurası (MSŞ) yaradılan vaxtdan bəri manat durmadan dəyərsizləşib, bankların dollar tələbini qarşılamaq çətinləşib, bir neçə bankın lisenziyası ləğv edilib

Prezident İlham Əliyevin iyulun 15-də imzaladığı fərmanla Maliyyə Sabitliyi Şurası yaradılmışdı. Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə fəaliyyət göstərən Şuraya bir ay müddətində bir sıra həlli vacib işlər görmək tapşırılmışdı.

Bir ay ötüb, amma...

Yeni quruma bir ay içində ölkədə maliyyə-kredit sektorunun durumunu incələmək, eləcə də qanunvericilik bazasının ekspertizasını aparmaq tapşırılmışdı. Şura həmin müddətdə maliyyə sabitliyinə hər hansı təhdidin qarşısının alınmasına, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsinə, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini prezidentə verməli idi.

Ayrılan zaman dilimində MSŞ üzvlərinin toplanıb-toplanmaması haqqında AzadlıqRadiosunun sorğusuna Nazirlər Kabinetinin mətbuat xidmətində deyiblər ki, onlarda bu barədə məlumat yoxdur.

Mərkəzi Bankın mətbuat xidməti də xəbərsizdir

Şuranın katibliyi funksiyası Azərbaycan Mərkəzi Bankına (AMB-yə) həvalə olunsa da, AMB-nin mətbuat xidməti də Şuranın gördüyü işlərdən xəbərsizdir. Hər halda, orada Şuranın ötən müddətdə nə iş görməsinə dair bir söz deməyiblər.

MSŞ ölkənin makroiqtisadi sabitliyinin möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə qurulub. Onun tərkibinə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, maliyyə və iqtisadiyyat nazirləri, AMB İdarə Heyətinin sədri, SOCAR-ın icraçı direktoru və Maliyyə Bazarlarına Nəzarət Palatası Müşahidə Şurasının sədri daxildir.

***Bunlara da baxın: - Referendum məhbusları?

Yeni komissiyanın da işindən xəbər yoxdur

Maraqlıdir ki, iyulun 13-də əlverişli biznes ortamını genişləndirmək və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini yaxşılaşdırmaq məqsədilə komissiya da yaradılıb. Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi bu komissiyanın işindən də hələ xəbər yoxdur.

İqtisadçı ekspert Qubad İbadoğlu MSŞ-nin yaradılmasını hökumətin bu sahədə mövcud problemlərdən məlumatlılı olmasının göstəricisi sayır. O, Azadlıq Radiosuna həmin şuradan böyük gözləntiləri olmadığını da deyib:

«Fikrimcə, bu şuraya həvalə ounmuş vəzifələr yerinə yetirilsəydi, ən azı, mətbuata məlumat verilməliydi. Amma görünür, istər Artur Rasizadənin, istərsə Yaqub Eyyubovun rəhbərliyi ilə yaradılan şura və komissiya görüntü xarakteri daşıyır, islahatların imitasiyasına xidmət edir».

“Belə yanaşma ictimai etimadı azaldır...”

İqtisadçının qənaətincə, islahatlarla bağlı hər bir addım barədə ictimaiyyət məlumatlandırılmalı, islahat paketinin hazırlanmasına yerli və xarici mütəxəssislər, beynəlxalq təşkilat və elmi müəssisələr cəlb edilməlidir. Fərmanda bütün bunlar nəzərdə tutulsa da, icra olunmur, müzakirələr də bağlı qapılar arxasında aparılır:

«Hətta islahat aparılsa da, belə yanaşma ona ictimai etimadı azaldır və nəticələrinə əvvəlcədən mənfi təsir göstərir».

Q. İbadoğlu onu da vurğulayıb ki, şura bank-sığorta sektorunda maliyyə mötəbərliliyi və rəqabət qabliliyyətinin təminatı üzərində çalışsaydı, daha yaxşı olardı.

«Ən optimal yol...»

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna müsahibəsində (müsahibə onun həbs edildiyi gün - avqustun 12-də alınmışdı – red.) deyib ki, yaradılan qurumların effektivliyinə inanmır:

«Əslində, yenidən velosiped icad etməyə lüzum görmürəm. Maliyyə Sabitliyi Şurasının qarşısına quyulan məsələləri həll etmək üçün ən optimal yol azad və ədalətli məhkəmə sisteminin yaradılması, mülkiyyət toxunulmazlığının təmin edilməsidir»

MSŞ yaradılan vaxtdan bəri manatın məzənnəsi aşağı düşməkdə davam edib, bankların dollar tələbini qarşılamaq çətinləşib, bir neçə bankın lisenziyası ləğv edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG