Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

‘Lukashenkonun əli aşağıdır’


Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib. 28noy2016

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib. 28noy2016

Belarus prezidenti Alexander Lukashenko noyabrın 28-də Azərbaycana ikigünlük səfərə gəlib.

Azərbaycanla Belarusu bir-birinə bağlayan nədir? - “Dayaq axtarırlar”

AzadlıqRadiosu-nun sualına politoloq Rasim Ağayev belə cavab verir. O, iki ölkə arasında məsafə uzaq olsa da, onları yaxınlaşdıran məqamların çox olduğunu bildirir: “Bir məqam hakimiyyətin idarə edilməsidir. Digər tərəfdən, Belarus da Azərbaycan kimi “iki güc arasında qalıb. Bütün postsovet ölkələri eyni durumdadır. Bir tərəfdən Rusiyanın yeni, müstəqil dövlətlərə təsir gücü artır, ikincisi, o, açıq bəyan edir ki, sərhədləri yaxınlığında Qərbin güclənməsini arzulamır. Qərb də Rusiyanı təkləmək niyyətindədir. Ona görə bu cür həssas vəziyyətdə incə siyasət tələb olunur. Bunun nəticəsində postsovet məkanındakı ölkələr dayaq axtarırlar, bir-birlərinə dəstək olmağa çalışırlar”.

Buna da bax:​ Lukashenka Azərbaycana gəlib

Rasim Ağayev

Rasim Ağayev

“Lukashenko-nun siyasi şüurunda nə qədər dəyişiklik baş verib”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Belarusla Rusiyanın müttəfiq olsalar da, zaman-zaman münasibətlərdə gərginlik yaşadıqlarını söyləyir: “Məsələn, Krımın işğalından sonra Lukashenko birbaşa olmasa da, dolayısı yolla, bircə cümləylə mesajını çatdırdı. Rusiya hakimiyyəti “Krım tarixən bizim olub” bəyan edəndə, Belarus prezidentinin açıqlaması belə oldu ki, ona qalsa, Rusiya torpaqlarının yarıdan çoxu vaxtilə monqol-tatarların nəzarətindəydi, onda gərək həmin torpaqlar Monqolustana qaytarılsın. Bu, ciddi mesaj idi. Görünən buydu ki, Lukashenko Rusiyanın Ukraynanı parçalamasından narazı qalmışdı”.

Buna da bax:​ Lukashenkoya 'Heydər Əliyev' ordeni verildi [yenilənib]

Düzdür, Belarus Ukrayna və ya Gürcüstan kimi Qərbə yön almayıb. O, bir neçə il öncə insan haqları sahəsindəki məhdudlaşdırmalara görə Qərbin sanksiyaları ilə də üzləşib. Hərçənd Rasim Ağayev deyir: “Biz indiki Lukashenko-nu 10-15 il öncəki Lukashenko ilə müqayisə etsək, onun siyasi şüurunda, apardığı xarici siyasətdə nə qədər dəyişiklik görərik”.

“Minsk əlaltı deyil”

Elxan Şahinoğlu da bu fikirdədir ki, Belarus Ermənistan kimi Rusiyanın “əlaltısı”, “tam nəzarətinə keçirdiyi dövlət” deyil:

“Azərbaycanla Belarusun fərqi odur ki, Avropa İttifaqı Bakıya sanksiya tətbiq etməyib. İndiki halda əməkdaşlıq edirlər. Üstəlik, Avropa İttifaqı ilə strateji sənəd də imzalanmalıdır. Azərbaycan Ukrayna, Gürcüstan və ya Moldova kimi Aİ və ya NATO üzvü olmaq istəmir, bu ayrı məsələdir. Amma Belarus kimi bizim də Rusiya ilə münasibətlərimiz hamar deyil. Özəlliklə də aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana təzyiq edəcəyi və Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması yönündə cəmiyyətdə və bəzi hakimiyyət dairələrində gözlənti olsa da, bu baş vermədi. Əksinə, Ermənistana daha çox dəstək verildi”.

Buna da bax:​ Lukashenko son hadisələrdən narahatdır

“Lukashenko Azərbaycanda bazar axtarır”

Politoloqlar bu fikirdədirlər ki, Belarus məhsulları son zamanlar Rusiya bazarında sıxışdırıldığından Alexander Lukashenko Azərbaycana yeni “münbit” bazar axtarmağa gəlir.

“Təsəvvür edin, Rusiya ilə Belarus müttəfiqdir, hər ikisi də, Avrasiya İqtisadi Birliyinin üzvüdür, amma Lukashenko şikayətlənir ki, Belarus mallarını Rusiya sərhədində saxlayırlar, Rusiya bazarına girişinə qadağa qoyulur. Haqlı olaraq sual edir: “Bu necə ortaqlıqdır ki, bizim ölkənin malları Rusiya bazarına girə bilmir?” Bu da ona görə baş verir ki, Rusiyada oliqarxlar ucuz və keyfiyyətli Belarus mallarının bazara girməsini istəmirlər. Ona görə də Lukashenko başqa bazarlar da axtarmaq məcburiyyətindədir”, – Şahinoğlu deyir.

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

Onun qənaətincə, Belarus prezidenti Azərbaycandan ölkəsinə investisiya uma bilər: “SOCAR müxtəlif ölkələrə investisiya qoyur, məsələn, Belarusun qonşusu Ukraynaya, Gürcüstana. Yəqin Lukashenko Belarusda da bu addımın atılmasını gözləyir. Səhv etmirəmsə, Azərbaycanda artıq ortaq traktor zavodu tikilməlidir, ticarət dövriyyəsi artır. Bu mənada əməkdaşlığı davam etdirmək mümkündür”.

Buna da bax:​ Belarusda tikilən AES-də xoşagəlməz olay

Politoloq Rasim Ağayevə görə, maliyyə vəziyyəti ağır olan Lukashenko üçün Azərbaycan Şərq regionuna, Türkiyəyə, İrana “çıxış qapısıdır”.

Borc istəyə bilərmi?

Bir neçə il öncə Azərbaycan Belorusa 200 milyon dollar kredit vermişdi. Alexander Lukashenko Azərbycan dövlət başçısından yenidən borc istəyə bilərmi?

Buna da bax: Belaruslu hüquq müdafiəçisi: "Əliyev rejiminə qarşı..."

Rasim Ağayev bunu istisna etmir: “Lukashenko-nun indi əli aşağıdır. Belarus Azərbaycana müttəfiq də olmasa, qarşılıqlı münasibətlər yaratmaq sərfəlidir”.

Elxan Şahinoğlu Belarusun, Qazaxıstan kimi, Azərbaycana Dağlıq Qarabağ münaqişəsində hər zaman dəstək verdiyini yada salır. Baxmayaraq ki, Belarus da, Qazaxıstan da Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü kimi Ermənistanın hərbi müttəfiqi sayılırlar.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG