Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Litvada yenidən orduya çağırış başlayıb. Hərbi təcavüz halında əhaliyə nələr etməli olduğunu izah edən broşürlar paylanıb.

Rusiyanın aqressiv davranışları qonşu ölkələrdə, o cümlədən keçmiş sovet respublikalarında narahatlıq doğurur. Hətta NATO-nun üzvü olan Baltikyanı respublikalar belə özlərini təhlükəsiz hiss etmir. Bu il Rusiya Baltik donanmasının iştirakı ilə bir neçə hərbi təlim keçirib. Oktyabrda Baltik dənizində Rusiyanın anklavı, Polşa ilə Litva arasında yerləşən Kalininqrad vilayətinə “Iskander” raket kompleksi göndərib.

Elə həmin ay Rusiyada 40 milyon insan irimiqyaslı mülki müdafiə təliminə qatılıb. Bu, Sovet İttifaqının dağılmasından bu yana ən böyük təlim sayıla bilər. Dövlət mediası əhalini bombardman zamanı ən yaxın sığınacağı necə tapmaq və həyəcan siqnallarına necə reaksiya vermək barədə təlimatlandırıblar. Şagirdlərə əleyhiqaz geyinmək və ilkin tibbi yardım göstərmək öyrədilib. Yanğınsöndürənlər isə çevik əməliyyat tədbirlərini məşq ediblər.

Litvada ölkənin müdafiəsinə hazırlaşırlar

Bütün bunlar, özəlliklə, qonşu Litvada narahatlığa səbəb olub. Həmin vaxt Litvada məzuniyyətdə olmuş kalininqradlı rus biznesmen Oleq Skvortsov onu bürüyən qorxu hissini belə xatırlayır:

“Gözlənilmədən ağır silahlardan atəş açıldığını eşidirsən. Kalininqrada doğru uçan raketləri görürsən. Təbii olaraq, adamı həyəcan bürüyür. Telefona sarılıb soruşursan: “Uşaqlar, Kalininqradda hər şey qaydasındadır?” Sonra məlum olur ki, sən demə, litvalılar öz ölkələrində, bizimkilər də Baltik donanmasında hərbi təlim keçirirmişlər. Amma durum çox gərginləşir”.

Krım, noyabr 2016

Krım, noyabr 2016

2014-cü ildə Krımın ilhaqından sonra rəsmi Vilnüs orduya çağırışı yenidən bərpa edib. Bu gün Litva vətəndaşları hər sahədə ölkəni müdafiəyə hazırlaşırlar.

Bu yaxınlarda hökumət, Rusiya hərbi təcavüz edərsə, vətəndaşların necə davranmalı olduğunu göstərən 75 səhifəlik broşür buraxıb. Həmin broşürlarda Rusiya silahlarının və hərbi texnikasının şəkilləri də yer alıb. Broşürlar məktəblərə, kitabxanalara və iş yerlərinə paylanacaq. Broşürə fövqəladə vəziyyətlərdə ərzaq və geyim barədə tövsiyələr, ilkin tibbi yardım göstərmək və vəhşi təbiətdə necə salamat qalmaq məsləhətləri də salınıb.

Litvanın müdafiə naziri Yuozas Olekas-ın dediyinə görə, Rusiyanın regionda, xüsusilə də Kalininqrad vilayətində fəallığı, burada hərbi qüvvələrini cəmləşdirməsi gərginlik yaradır. Buna görə də litvalılar, təbii olaraq, adi və hibrid situasiyalarda müqavimət imkanlarını gözdən keçirirlər.

Rusiya ilə müharibəyə hazır olmaq lazımdır

Avrasiya məsələləri üzrə ekspert Paul Goble hesab edir ki, Baltikyanı respublikalar hər nə qədər NATO-ya üzv olsalar da, Rusiya ilə hibrid müharibəyə hazır dayanmalıdırlar:

“NATO Rusiyanın, məsələn, Estoniyaya qarşı başlaya biləcəyi hibrid müharibəyə hazır deyil. Rus tankları Estoniya sərhədini keçərsə, NATO bu ölkənin müdafiəsində özünü yaxşı göstərə bilər. Ancaq Rusiya Estoniyada mən təxmin etdiyim yola baş vursa, yəni orada bəzi hadisələr təşkil edib ölkədə sabitliyi pozsa, bax onda NATO bunun öhdəsindən elə də yaxşı gəlməyə bilər”.

Rusiya bu yaxınlarda şərqi Ukraynada, daha öncə isə Gürcüstanda məhz bu üsula əl atmışdı.

Bu hadisələrin fonunda Amerika və onun NATO müttəfiqləri Baltikyanı respublikalara və Polşaya əlavə hərbi kontingent göndərirlər. Moskva isə bunu öz təhlükəsizliyinə təhdid sayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG