“Əsas odur ki, ölkəni müdafiə etməyə siyasi iradə olsun”
Litvada “Dəmir qılınc – 2016” adı ilə ölkə tarixinin ən irimiqyaslı hərbi təlimi keçirilib. Təlimdə hərbçilərin qarşısında bütöv bir şəhəri ələ keçirmək kimi iddialı bir tapşırıq qoyulub. Onlar da bu tapşırığın öhdəsindən gəliblər. İndi hökumət düşünür ki, gələn il NATO-nun Almaniyaya aid batalyonunu qəbul edib Litvada yerləşdirməyə tam hazırdır.
Yüzlərlə döyüş texnikasından istifadə edilən təlimə 11 ölkədən 4 min hərbçi qatılıb. Ölkə poliqonlarından birində məxsusi bu təlimdən ötrü bütöv bir şəhər prototipi yaradılıb. Orada yaşayış evləri, məktəb, uşaq bağçası, kilsə, supermarket və sair quraşdırılıb. Bütün obyektlər əslinə maksimum bənzər şəkildə hazırlanıb.
Düşmən qüvvələri rolunda Kanada hərbçiləri çıxış ediblər. Şəhərin xilaskarı rolunu isə üç Baltikyanı ölkə, Polşa və Böyük Britaniya silahlıları yerinə yetiriblər.
"Əsas odur ki, öz ölkəni müdafiə etməyə siyasi iradə olsun"
Jurnalistlərin fikrincə, təlim inamlı təsir bağışlasa da, miqyasına görə hələ də qonşu Rusiyada keçirilən təlimlərdən xeyli geri qalır. Ancaq bu amil Litva prezidenti Dalya Gribayskayte-ni elə də narahat etmir: “Biz təlimlərimizi başqa ölkələrdəki təlimlərlə müqayisə etmirik. Üzərimizə düşən vəzifəni görürük. Bu vəzifə isə düşməni qorxutmaqdan və müdafiəyə hazırlaşmaqdan ibarətdir. Biz bunu NATO-dakı 11 müttəfiqimizə nümayiş etdiririk. Yəni təhdidihamımız eyni cür qiymətləndiririk”.Litva prezidenti əlavə edir ki, NATO ölkələri kollektiv müdafiəyə hazırdırlar. Ona görə də hər hansı müqayisə aparmaq mənasızdır: "Əsas odur ki, öz ölkəni müdafiə etməyə siyasi iradə olsun, vəssalam!”.
Şəhəri azadetmə əməliyyatının gedişini Almaniyalı hərbçilər izləyirlər. Bir neçə ay sonra müttəfiq dövlətlərin Litvadakı birgə hərbi hissəsinə məhz onlar başçılıq edəcəklər.
“Hibrid savaş başqa, hərbi hücum başqa”
Litva ordusunun rəhbərliyi NATO-nun yalnız klassik silahlı münaqişə şəraitində yararlı olacağını da gizlətmir:
“Hibrid müharibə başqadır, hərbi hücum başqa, - deyə Litva ordusunun komandanı Yonas Vitautas Jukas izah edir. – Hibrid müharibənin qarşısını almaq Litva ordusunun vəzifəsidir. Kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddə isə yalnız ənənəvi hücum zamanı tətbiq oluna bilər. Gələn il Litvada yerləşdiriləcək müttəfiq qoşunlar məhz bu hücumu dəf etmək missiyası daşıyacaqlar”.
Hərbi təlimin gedişini amerikalı hərbçilər də izləyiblər. Tezliklə onlara ölkədə xüsusi status veriləcək. Vilnüsdə, Litva tarixində bir ilk olacaq, ABŞ-la hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasına hazırlıq görülür. Amerika hərbçiləri Litvanı müdafiə etmək öhdəliyinin əvəzində bu ölkədə hərtərəfli vergi güzəşti və hətta cinayət təqibindən immunitet qazanacaqlar. Düzdür, NATO-nun yay sammitindəki qərara əsasən, ABŞ silahlı birləşməsinin faktik dislokasiya yeri qonşu Polşa olacaq.