Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

►Olimpiada Azərbaycan ağırlıqqaldıranlarının üzünə bağlandı

“Bundan sonra bizim idmançılar harda çempion olacaqlar, medal qazanacaqlar, onlara şübhəylə yanaşacaqlar”

İyunun 29-a qədər Azərbaycanın ağıqlıqqaldırma üzrə milli komandası, bir nəfərlə də olsa, Rio Yay Olimpiya Oyunlarında çıxış edəcəyinə ümid bəsləyirdi. Ancaq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dünən verdiyi qərarla Azərbaycan komandasının bütün lisenziyalarını ləğv elədi.

Buna keçən il Hyustonda keçirilmiş dünya çempionatı zamanı 6 Azərbaycan idmançısının dopinq testindən keçə bilməməsi səbəb olub. Diskvalifikasiyaya məruz qaldıqlarından idmançıların 2015-ci il Dünya Çempionatından topladığı xallar da Azərbaycan millisinin hesabından silinib.

“8 il ... idmandan ömürlük uzaqlaşdırılmaq deməkdir”

Bir neçə ay əvvələ qədər 21 yaşlı ağırlıqqaldıran Elxan Əliquluzadənin də olimpiya arzuları vardı. Qanında dopinq aşkar olunandan sonra o, nəinki Rioya getməyəcək, 8 il digər beynəlxalq və yerli yarışlara da qatılmayacaq:

“Olimpiya Oyunlarına 4 vəsiqəmiz vardı, kim güclü olacaqdı, komanda tərkibində iştirak edəcəkdi. Ehtimal vardı ki, mən də gedəcəyəm. İndisə dopinqə görə 8 il heç yerli yarışlarda belə iştirak edə bilməyəcəyəm. Mənimçün də bu məsələ çox müəmmalldır. Bilmirəm, necə olub ki, düşmüşəm. Çünki mən heç vaxt o dərmanlardan qəbul eləməmişəm. O da var ki, qəbul olunan vitaminlərin də təsiri ola bilər, adi qidanın da. 8 il idmandan uzaqlaşdırıldım, bir də 29 yaşında qayıdacağam. Bu, əslində, idmandan ömürlük uzaqlaşdırılmaq deməkdir”.

Elxan Əliquluzadə hazırda işsizdir.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

Xərclənən o pulların da hamısı heçə getdi

Azərbaycanın Olimpiya Oyunlarında medal gözlədikləri növlərdən biri də ağırlıqqaldırma olub. “Komanda.az” saytının redaktoru Natiq Muxtarlı deyir ki, indi ağırlıqqaldırmada baş verənlər Rio Olimpiadasından gətiriləcək medalların sayına da təsir edəcək:

“Ağırlıqqaldırmada həmişə sözünü deyən idmançılarımız olub. Bu gün bu idman sahəsinin acınacaqlı durumda olması həm də olimpiadadan medal gətirmək perspektivimizi sıfıra endirdi. Hökumət də bu sahəyə xeyli vəsait xərcləmişdi. Deməli xərclənən o pulların da hamısı heçə getdi. İdmançılardan dopinq tapılması təkcə ağırlıqqaldırmaya yox, bütövlükdə Azərbaycan idmanına vurulan zərbədir. Dünyada dopinq qalmaqalına çox həssas yanaşırlar. Azərbaycan idmançılarının adlarının dopinqdə hallanması digər idman növlərində mübarizə aparan idmançılarımızın nailiyyətlərini də kölgələyəcək. Bizim idmançılar harda çempion olacaqlar, medal qazanacaqlar, dərhal onlardan analiz götürüləcək. Onlardan həmişə şübhələnəcəklər. Təbii ki, bu da yaxşı heç nə vəd eləmir”.

Çingiz Hüseynzadə

Çingiz Hüseynzadə

MOK: “İstər-istəməz, idmançılar müəyyən dava-dərman qəbul edirlər”

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də deyir ki, Rio Olimpiadasında Azərbaycan ağırlıqqaldıranlarından medal gözləyirdilər. Ancaq vitse-prezident bunun ümumi çıxışa təsir göstərməyəcəyini düşünür:

“Bunun ümumi çıxışımıza heç bir təsiri olmayacaq. Çünki bizdə başqa idman növləri üzrə kifayət qədər medal almağa layiq idmançılarımız var. Əlbəttə, biz də bu idman növündən medal gözləyirdik. İndi federasiyada struktur dəyişikliyi olub. Vitse prezidentlər, baş katib dəyişib, yeni məşqçi gəlib. Bu məsələ ciddi araşdırılacaq. Dopinq məsələsi, ümumiyyətlə, qəliz məsələdir. Çünki hər dəfə dopinq sayılan pereparatların siyahısı dəyişir. Yeni analiz növləri çıxır. İstər-istəməz, idmançılar müəyyən dava-dərman qəbul edirlər. Hansı doza düşür, hansı düşmür, bunlar araşdırılmalıdır. Olimpiya Komitəsi bu məsələni nəzarət altına alacaq. Ümid edirəm ki, gələcəkdə belə problemlər olmayacaq ”.

Dopinq qalmaqalından əvvəl dünya yığmaları arasında 135 xalla 16-cı yerdə olan Azərbaycan komandası 31-ci pilləyə enib.

XXXİ Yay Olimpiya Oyunları bu il avqustun 5-dən 21-ə qədər Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək. Azərbaycan olimpiadaya müxtəlif idman növlərində 50-dən artıq lisenziya qazanıb.

Buna da bax: E.Məmmədyarov:"Sülhə nail ola bilərik"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG