Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

-

Martın 26-da Lənkəranda SU-8 yaşayış massivi deyilən ərazidə sakinlər etiraz aksiyası keçiriblər.

«Report» xəbər verir ki, aksiyaya toplaşanlar yaşadıqları ərazidə avtonəqliyyat vasitələrinin sürətlə hərəkət etməsi səbəbindən tez-tez yolda qəzaların baş verdiyini bildiriblər.

Sakinlər deyiblər ki, «Şəhidlər Xiyabanı» küçəsində son 10 gün ərzində bir neçə yol qəzasında, azı, 4 nəfər ağır xəsarət alıb. Bu ərazidən 200 metr aralıda martın 23-də baş verən sonuncu yol qəzasında vurularaq dünyalarını dəyişən 4 nəfərin hamısı SU-8 massivinin sakinləri olub.

Sakinlər bildiriblər ki, həmin küçə avtomobillərin sürətlə idarə olunduğu əsas yoldur. Bu ərazidə uşaq bağçası, iki məktəb və şadlıq sarayı var. Üstəlik, şəhərlərarası avtovağzala çıxışın da bu yolun üstündə olması gün ərzində hərəkətin intensivliyini artırır.

Zərərçəkənlərin qohumlarının da iştirak etdiyi aksiyada əsas tələblər işıqforların quraşdırılması, piyada keçidinin qurulması və yolda sürətin azalmasına xidmət edən maneələrin qoyulmasıdır.

DİN-İN MÜNASİBƏTİ

Günün sonunda Daxili İşlər Nazirliyi Lənkərandakı aksiyaya münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Ehsan Zahidov APA-ya deyib ki, Lənkəranda 25-30 nəfər razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

«Lakin Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları bu qanunsuz cəhdin qarşısını dərhal alıblar. Onların aksiya keçirməyə cəhd göstərməsinin səbəbi həmin əraziyə yeni işıqforun quraşdırılması tələbi olub. Polis əməkdaşlarının sakinlərlə apardığı izahedici söhbətdən sonra onlar dağılışıblar. Bununla belə, şəhər sakinlərinin yeni işıqforun quraşdırılması ilə bağlı müraciətləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək», - deyə DİN sözçüsü bildirib.

E.Zahidov, həmçinin, aksiyada saxlanılanların olmadığını deyib.

XS
SM
MD
LG