Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:01

Zərərvericilər ağacları hörümçək toru kimi örtür


Lənkəran və Astara meşələrində qəribə zərərvericilər peyda olub, iyun 2016

Lənkəran və Astara meşələrində qəribə zərərvericilər peyda olub, iyun 2016

Lənkəran, Astara rayonlarının meşələrində qəribə zərərvericilər yayılıb. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin işçiləri artıq yerli mütəxəssislərlə birlikdə ağacları dərmanlamağa başlayıblar.

Biz ərazidə olanda Astara rayonunun Sərək kəndindəki meşənin ağaclarına da dərmanlar vurulurdu. Mütəxəssislərin deməsinə görə, zərərvericilər əsasən qəbiristanlıqların və türbələrin ərazilərində olan meşəliklərdə müşahidə olunur. Sərək kənd qəbiristanlığında olan meşə zolağının bir hissəsi tamamilə yanmışdı. Zərərvericilər ağacları hörümçək toru kimi örtürlər. Qısa vaxtda ağacın yarpağı yanır və sıradan çıxır. Adının çəkilməsini istəməyən mütəxəssisin deməsinə görə zərərvericilər vaxtında aşkarlanıb:

«İlkin ocaqları, vaxtında söndürmüşük»

«Zərərverici 2-3 gündə 10 hektar meşəni məhv edə bilir. İlkin ocaqları demək olar ki, vaxtında söndürmüşük. «Devaplan», «sipermetrin» tərkibli dərman səpilir və yaxşı da nəticə verir. Ehtimal ki, zərərvericilər şimal tərəfdən gəlib. Ekspertizaya verilib, lakin hələ məlum deyil ki, zərərvericilər hansı dəstəyə aiddirlər».

Sərək kənd sakini Cavid Həziyev deyir ki, əvvəllər belə halla rastlaşmayıblar:

«Belə görməmişik. Özümüz də gəlib kömək edirik. Ağacları kəsib bir yerə yığırıq. Dərmanlayırlar. Kəndə heç bir təhlükəsi yoxdur. Zərərvericilər o qədər də yayılmayıb».

6 kənddə zərərverici aşkarlanıb

Astara ərazisində 100 hektar sahədə zərərvericilərin olduğu deyilir. Bunun 85 hektarında dərmanlar səpilib. Rayonun 6 kəndində zərərvericilər aşkarlanıb.

Lənkəranın Hirkan kənd sakinləri də deyirlər ki, zərərvericiləri meşə ərazisində müşahidə ediblər. Lənkəran ərazisində də zərərvericilərə qarşı tədbirlər davam edir. Deyilənə görə 35 hektardan çox meşəyə zərərverici düşüb. Mütəxəssislərin deməsinə görə, görülən işlər bu problemin aradan qaldırmasına kömək edəcək.

Hər iki rayonun hektarlarla meşə fondu var. Hirkan qoruğu da bu ərazilərə daxildir. Mütəxəssislər həmin ərazilərdə zərərvericilərin olması barədə heç bir məlumata malik olmadıqlarını deyirlər. Həmin ərazilər isə Ekologiya və Təbii sərvətlər nazirliyinin tabeliyindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG