Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

Əhali seldən səsverməyə gedə bilmir


Küçələrdə tək-tük adamlar görünür.
Küçələrdə tək-tük adamlar görünür.

-

Cənub bölgəsində səsvermə intensiv yağan yağışlarla müşahidə olunur. Astara, Lənkəran, Masallı rayonlarının 20-yə yaxın yaşayış məntəqəsində kritik vəziyyət yaranıb.

Yerli sakinlər deyirlər ki, yağış səsvermənin gedişinə mənfi təsir göstərir. Astara şəhəri, Kavrein adına küçədə yerləşən 100-dən çox ev su altında qaldığından əhali səsverməyə gedə bilmir.

«NƏ SƏSVERMƏ, ONUN HAYINDA DEYİLİK»

Fətəli Məmmədovun dediyinə görə, bu evlərdə təhsil alan məktəbli uşaqlar da dərsə gedə bilmirlər. Səsvermə isə yaddan çıxıb:

«Su bəndini bağlayıblar. Sular həyətlərimizə dolub. Yerli icra orqanların bu barədə xəbərləri var, çıxış yolunu da göstərmişik. Hələ ki, heç nə yoxdur. Nə səsvermə, onun hayında deyilik».

77 saylı DSK-nın 7 saylı məntəqəsinin önü su ilə doludur.

Küçələrdə tək-tük adamlar görünür. Söhbət etdiyimiz adamlar isə bazara getdiklərini bildirirdilər. Lənkəranın Girdəni kəndində isə vəziyyət gərgin olaraq qalır. Kəndin yarıdan çoxu su altındadır. Təhlükəli vəziyyətdə olan evlərin sahibləri isə müvəqqəti olaraq qohumların evlərinə köçüblər. Kənardan kənddə yerləşən seçki məntəqəsini müşahidə etdik. Aktivlik görmədik. Kənd sakinləri deyirlər ki, təbii fəlakət məntəqədə səsvermənin nəticələrinə təsir göstərəcək.

100-dən çox ev su altında qalıb.
100-dən çox ev su altında qalıb.

QUTULARA TOPA BÜLLETENLƏRİN ATILDIĞI DEYİLİR

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində namizədliyi qeydə alınmış Daşqın Nuriyev AzadlıqRadiosuna bildirib ki, 21 saylı məntəqədə qutulara topa bülletenlərin doldurulmasını gözü ilə görüb. Buna etiraz edib, lakin onu və nümayəndəsini məntəqədən uzaqlaşdırıblar:

«19-cu seçki məntəqəsində bir seçici 4-5 vəsiqə ilə gəlmişdi, səs verdi. Heç kim buna etiraz etmədi. 44BT167 dövlət nömrə nişanı olan «Ford» markalı maşını bir neçə seçki məntəqəsinin önündə görmüşəm. Bu maşınla yaşlı adamları məntəqələrə gəzdirərək onlara təkrar-təkrar səs verdirirlər, karusel qaydası ilə. Biabırçılıqdır».

73 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Hüseyn Cavadzadə sosial şəbəkələrdə ölkə prezidentinə müraciəti yayıb. O, icra orqanlarının seçkiyə müdaxiləsinə etirazını bildirib.

Seçki məntəqələri isə deyilən iradları rədd edirlər və böhtan hesab edirlər.

XS
SM
MD
LG