Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:02

'Rusiya dovşana 'qaç', tazıya 'tut' deyir'


Ilham Əliyev Sergey Lavrovu qəbul edir, 11 iyul, 2016
Ilham Əliyev Sergey Lavrovu qəbul edir, 11 iyul, 2016

►Ekspertlər Sergei Lavrovun Bakıya səfərini şərh edirlər

“Dovşana “qaç”, tazıya “tut” deyirlər”.

Politoloq Zərdüşt Əlizadə Rusiya xarici işlər naziri Sergei Lavrovun Azərbaycana səfərini AzadlıqRadiosuna şərh edərkən belə deyib.

O, Rusiyanın Qarabağ münaqişəsinin həllində səmimi mövqedə olmadığı qənaətindədir.

İyulun 11-dən Bakıya gələn Sergei Lavrov ertəsi gün mətbuat konfransında deyib ki, Azərbaycan-Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşmaqdır ki, əldən çıxmasın: “Bir şeyə ümid etməyə əsas var – Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq», - deyə o, bildirib.

“…adını tənzimləmə qoyur”

Zərdüşt Əlizadə hesab edir ki, bölgədəki münaqişələr Rusiyanın regionda təsir gücünü artırdığından Lavrovun münaqişənin həllində irəliləyiş olması ilə bağlı dedikləri inam doğurmur:

Zərdüşt Əlizadə: Artıq nə böyük nüfuza sahib rus mədəniyyəti var, nə güclü valyutası, nə də müasir texnologiyalar
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

“Böyük ölkələrin hər biri digərlərinə bir yolla təsir etmək istəyir. Artıq nə böyük nüfuza sahib rus mədəniyyəti var, nə güclü valyutası, nə də müasir texnologiyalar. Rusiya bölgəni yaratdığı, dondurduğu münaqişələrlə təsirində saxlamağa çalışır. Lavrov da təcrübəli diplomatdır, gəlib ki, Rusiyanın xarici siyasətində bu istiqaməti yerinə yetirsin, yəni Qarabağ münaqişəsinin həlli yenə də dondurulsun, konflikt saxlansın və adını da qoyur “tənzimləmə””.

Politoloq deyir ki, Rusiya Ermənistana siyasi-maliyyə-hərbi yardım edir, Azərbaycana isə öz müdafiəsini aparmağa imkan vermir: “Ola bilsin, münaqişənin formatı dəyişsin, yəni qoşunlarınımı yerləşdirsin, ya başqa nə eləsin. Ancaq mən Qarabağ konfliktinin tənzimlənməsində Rusiyadan yaxşı bir şey gözləmirəm”.

“Bircə danışıqlar artıb”

Aprel döyüşlərindən sonra dəyişən bir şey var, o da danışıqların intensivləşməsidir. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna açıqlamasında deyir. Onun sözlərinə görə, son vaxtlar münaqişənin həlli ilə bağlı tərəflərdə və vasitəçilərdə optimist ovqat müşahidə edilsə də, o, Lavrov-un səfərindən nikbin nəticələr çıxara bilməyib:

“Aprel döyüşlərindən sonra Lavrov hər ay ən azı bir dəfə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Mən o vaxt danışıqların intensivləşəcəyini gözləyirdim”.

Elxan Şahinoğlunun fikrincə, danışıqların güclənməsi tərəfləri atəşkəsi pozmaqdan uzaq tutmaq üçündür, bundan başqa ortada konkret addımların atılması görünmür:

“Sergey Lavrov İlham Əliyevlə yanaşı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşüb. Görüşdən sonra verilən açıqlamalardan nikbinlik yağır. Deyirlər ki, “münaqişənin həlli istiqamətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınıq, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamika var. Bir şey müşahidə elədim, İlham Əliyev bazar günü dedi ki, “münaqişənin ən yaxşı həlli variantı mərhələlidir”. Amma Lavrovun ağzından buna bənzər ifadə eşitmədim. Buna görə də münaqişənin həlli ilə bağlı hər hansı ciddi addım atıldığı və ya atılacağı nikbinliyini bölüşə bilmirəm”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Kreml mərhələli variantı qəbul etmir”

Elxan Şahinoğlu deyir, rusiyalı nazirin “mərhələli variantdan” bəhs etməməsi ondan xəbər verir ki, Kreml Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini hələ qəbul etməyib:

“Əks halda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Prezidentlərin Sankt-Peterburqdakı danışıqları “mərhələli həll” planı əsasında gedib” deyən Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Norvuz Məmmədovu təkzib etməzdi”.

Siyasi şərhçi Lavrovun “kiçik ümid yaradan amillər” ifadəsinə də toxunur, onun fikrincə, söhbət Dağlıq Qarabağa veriləcək keçici statusdan gedir: “Belə bir status Azərbaycanın böyük güzəşti sayıla bilər. Bunun məğzi odur ki, Dağlıq Qarabağın müvəqqəti statusu olur, bu arada isə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır, azərbaycanlılar geri qayıdırlar və ermənilər əvvəlki həyat tərzlərinə davam edirlər”.

Müsahibimiz deyir ki, ancaq rəsmi Yerevan müvəqqəti statusa etiraz etməsə də, bunun nə qədər çəkəcəyini bilmək və yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir. “Bu isə bütün razılaşmanı pozur. Və Kremlin İrəvanı bu tələbdən vaz keçməyə məcbur etmək istəməsinə dair heç bir işartı yoxdur”, siyasi şərhçi vurğulayır.

Elxan Şahinoğlu əlavə edir ki, bu dəfə də danışıqlar konkret nəticəyə gətirib çıxarmasa, bir neçə aydan sonra cəbhə bölgəsindəki vəziyyət yenidən gərginləşəcək.

İntensiv dialoq, hətta trialoq mərhələsində

İyunun 12-də keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, “hazırda intensiv dialoq, hətta trialoq” formatındadırlar. Onun sözlərinə görə, Minsk qrupu həmsədrləri müzakirələrdə fəal iştirak edirlər və əsas məqsəd hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır: “Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid olan münaqişəni çözək», deyə azərbaycanlı nazir vurğulayıb.

Aprelin əvvəlində Azərbaycanla Ermənistanın cəbhə xəttində baş verən dörd günlük müharibədə hər iki tərəfdən onlarla ölən, yaralanan olub. Bundan sonra Rusiya münaqişənin həlli istiqamətində təşəbbüsü ələ alıb, iki ölkə prezidenti arasında görüş keçirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG