Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 23:47

Lavrov: 'Üçtərəfli razılaşmalarda 'Zəngəzur dəhlizi' söhbəti heç vaxt olmayıb'


Sergey Lavrov (Arxiv fotosu)
Sergey Lavrov (Arxiv fotosu)

2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi”ndən söhbət getməyib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də “diplomatik ilin yekunlarına dair” mətbuat konfransında deyib:

“Baş nazir Paşinyan hardasa deyib ki, Ermənistan Zəngəzur dəhlizinin qəti əleyhinədir. Rusiya və Azərbaycan prezidentləri və baş nazir Paşinyan arasında əldə olunmuş razılaşmalarda Zəngəzur dəhlizi məsələsi heç vaxt olmayıb. Bütün marşrutların blokdan çıxarılması zamanı Ermənistan və Azərbaycan bu marşrutların onların ərazisindən keçən hissəsi üzərində suverenliklərini saxlayacaqlar”.

Sergey Lavrov məsələyə bir az da aydınlıq gətirməyə çalışıb:

“Orada deyilir ki, bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır və Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki tərəfə nəqliyyat əlaqəsinin təhhlükəsizliyini təmin edir, bu nəqliyyat əlaqəsi üzərində nəzarəti isə Rusiya Federasiyası FTX-nin sərhəd xidməti həyata keçirir. Bu, əslində 2020-ci ilin 9 noyabrında üçtərəfli formatda imzalanmış sənəddən gətirilmiş sitatdır. Paşinyanın onun Ermənistan ərazisindən tranzit üçün, Azərbaycan və Naxçıvan arasında İran ərazisindən keçən tranzitlə eyni şərtlər istəməsinə gəlincə, açıq desək, mən burda hansısa məntiq görmürəm”.

Lavrov Qərbi günahlandırır

Rusiya xarici işlər naziri bildirib ki, elə sözü gedən üçtərəfli razılaşmalarda Azərbaycan ərazisindən Ermənistan ərazisinə girişin və Naxçıvan ərazisinə çıxışın gömrük və sərhəd nəzarətinin prinsipləri razılaşdırılıb.

Lavrov xatrıladıb ki, üçtərəfli işçi qrupunda hələ 2023-cü ilin iyununda əvvəlcə dəmir yolu ilə əlaqənin bərpa olunması razılaşdırılmışdı:

“Mən bunun çox müsbət qarşılandığını yaxşı xatırlayıram. Sonra hər şey harasa yoxa çıxdı. Biz yaxşı başa düşürük ki, razılaşmalardan belə geriçəkilmələr təəssüf ki, nadir hadisə deyil. Mən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında hərəkətin açılmasının kağız üzərində razılaşdırılmış prinsiplərinin həyata keçirilməsinə nəyin mane olduğunu bilmirəm... Amma biz yaxşı bilirik ki, qərbli dostların “xeyirxah məsələhətləri” Cənubi Qafqazda həmişə olub, prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilib. Amma Qərbin məsləhətləri heç də həmişə region ölkələri arasında onların maraqlar balansı nəzərə alınmaqla razılaşma əldə olunmasına deyil, onların öz geosiyasi məqsədlərinə xidmət edir”.

Moskva Yerevandan narazı, Bakıdan razıdır

Lavrov bunu da əlavə edib ki, hazırda razılaşmaları əngəlləyən həm də Yerevanın kommunikasiyaların açılması məsələsindəki mövqeyidir:

“Məhz Ermənistan yolların təhlükəsizliyi ilə bağlı yeni tələblər irəli sürür. Onlar istəmirlər ki, orada Rusiya sərhədçiləri dayansınlar. Neytral gömrük və sərhəd nəzarətinin olmasını istəmirlər. Bütün bunlar razılaşmalarımıza ziddir”.

Sergey Lavrov bildirib ki, Bakı və Yerevanla razılaşmaların həyata keçməsinə Qərb mane olur. Nazirin sözlərinə görə Qərbi bu prosesdə vasitəçinin Rusiya olması qane etmir. Lavrovun deyib ki, Yerevandan fərqli olaraq Bakı sülh müqaviləsinin Rusiya ərazisində imzalanmasına hazırdır:

"Qərbli həmkarların sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəmələri bir faktdır. Azərbaycanın onu...Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. Yerevanın buna nə dərəcədə hazır olması mənə məlum deyil...”

Moskva ilə Yerevan arasında münasibətlərin soyuması məsələsinə toxunan Lavrov bildirib ki, Rusiya heç vaxt Ermənistanla münasibətlərdə gərginliyin yaranmasında maraqlı olmayıb.

O deyib ki, Moskvada Ermənistanın indiki rəsmilərinin hələ müxalifətdə olduqları vaxt Ermənistanın KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və Avrasiya İqtisadi İttifaqından çıxmalı olduğunu necə təbliğ etdiklərini unutmayıblar.

“Zəngəzur dəhlizi”

“Zəngəzur dəhlizi” terminindən əsasən Azərbaycan tərəfi dəfələrlə istifadə edib. Rəsmi Bakı bu terminlə Azərbaycan və Naxçıvan arasında Ermənistanın Syunik vilayətindən keçməli olan 40 kilometrlik dəmir və avtomobil yolunu nəzərdə tutur.

Prezident İlham Əliyevin sözlərinə görə əgər Ermənistan bu dəhlizi açmağa razılıq verməsə, Azərbaycan da sərhədinin heç bir hissəsindən Ermənistana çıxış verməyəcək.

Paşinyan hakimiyyəti “Zəngəzur dəhlizi” terminini, ümumiyyətlə “dəhliz məntiqini” qəbul etmədiyini dəfələrlə bəyan edib.

Bunun ardınca bir sıra Ermənistan rəsmiləri Ermənistan ərazisindən keçəcək tranzitin yalnız Yerevanın nəzarətində olmalı olduğunu bəyan ediblər.

Bununla da Yerevan faktiki olaraq Azərbaycan və Naxçıvan arasında yollara Rusiya sərhədçilərinin nəzarət edəcəyinə dair müddəanı rədd etmiş olub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG