Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:41

"Azərbaycan üçün necə lobbiçilik etdim”


US Congress
US Congress

►“Neftlə zəngin Azərbaycan Konqresi dilə tutmağa milyonlar xərcləyir. Mən də bir dəfə bilmədən buna yardım eləmişəm”.

Bunu “Foreign Policy” dərgisində Bethany Allen Ebrahimian yazır.

NİYƏ BURDA OLDUQLARINI BİLMİRDİLƏR

Müəllif bir neçə həftə öncə “Azərbaycanı Dəyərləndirmə Günü” adlı tədbirə dəvət alıb. Dəvətdə bildirilib ki, “müsəlman və yəhudi liderlər” Vaşinqtondakı Azərbaycan səfirliyinə nahara yığışacaqlar və “Azərbaycanın müsəlman-yəhudi münasibətlərində öncül işinə dəyər ifadə olunacaq”. O da fikirləşib ki, dinlərarası harmoniyanı dəstəkləyir və niyə də tədbirə qatılmasın?

Ancaq tədbirə bir gün qalmış məkan dəyişib, səfirlikdən Embassy Row otelinə keçirilib. Tədbirdə Nyu Yorkda mənzillənən Etnik Anlaşma Fondunun (FFEU) rəhbəri, ravvin Marc Schneier, Şimali Amerikanın İslam Cəmiyyətinin (ISNA) milli direktoru Sayyid Syeed çıxış edib, Azərbaycanın illər boyu müxtəlifliyə göstərdiyi sayğıdan danışıblar.

Müəllif yazır ki, tədbirdə Azərbaycanın dini siyasətindən çox, bu ölkənin müsəlman-yəhudi münasibətlərini necə irəlilətməsindən söz açılıb. Üstəlik, müəllifin söhbətləşdiyi iştirakçıların çoxu burda niyə olduqlarını dəqiq bilməyiblər. Çoxu Lonny Paris-in adını çəkib, onun vasitəsilə bura gəlib çıxdığını deyib. Paris Nyu Yorkda mənzillənən veteran kampaniyaçı Hank Sheinkopf ilə işləyir, tədbirin təşkilində FFEU-yə yardım edib. “Dinlərarası məsələlərə həsr olunmuş çox tədbirə qatılmışam, ancaq konsaltinq şirkəti tərəfindən təşkil olunanı görməmişəm”, müəllif yazır.

ANCAQ SELFİ ÇƏKİRDİLƏR

Nahardan sonra onları kiçik qruplara bölüb Konqres üzvlərinin ofislərinin yerləşdiyi Cannon House ofis binasına aparıblar. Müəllifin qrupunda, əsasən, israillilər olub, Nyu Yorkdan gəlmiş iki afro-amerikalı isə bütün günü ağızlarına su alıblar. Qrupun digər iki üzvü İsraildən gənc turist imiş, konqresmenlərin ofislərini gəzərkən də selfi çəkməklə məşğul olublar.

“Biri məndən soruşdu ki, Barack Obama ilə görüşəcəyik?”.

Bu qrup Nümayəndələr Palatasının üç üzvünə baş çəkib. Müəllif sonucda anlayıb ki, qatıldığı tədbir Azərbaycanda müsəlman-yəhudi münasibətləri barədə deyil, Azərbaycanın İsrail və ABŞ-dakı yəhudi təşkilatları ilə əlaqələri haqdadır.

“Görünür, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona bu həftəki (31 mart-1 aprel) səfəri öncəsi ölkə insan haqları pozuntuları sarıdan narahatlıq keçirən Konqres üzvlərinin qəlbini fəth etməyə çalışır, bu məqsədlə İsraillə güclü münasibətlərini təbliğ edirdi”.

Müəllif korrupsiya tüğyan edən, seçkiləri saxtalaşdırılan, insan haqları sahəsində zəif göstəriciləri olan Azərbaycanın ABŞ-la münasibətləri yaxşı səviyyədə saxlamaqdan ötrü kreativliyə əl atdığını vurğulayır. Yazıda ölkədə ictimai fəalların həbsə atılmasından, azadlıq və korrupsiya indekslərində aşağı səviyyələrdə yer almasında söz açılır.

ÖZÜ EDƏ BİLMƏYİNCƏ...

Richard Kauzlarich
Richard Kauzlarich

“Azərbaycanın ABŞ-da söykənəcəyi bir neçə güclü tərəfi var. On il qabaq Türkiyə ilə əlaqələri hesabına Konqresdə dəstək qazanmaq istəyirdi. Türkiyə-İsrail münasibətləri pisləşəndə isə durum dəyişdi”. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich deyib. Kauzlarich-in sözlərincə, Azərbaycan özü uğurlu lobbiçilik edə bilməyincə, İsraillə münasibətləri işə salıb.

Daha sonra yazıda Azərbaycanda dini tolerantlıq səviyyəsindən, burada 20 minədək yəhudinin yaşamasından danışılır. ABŞ-da lobbiçiliyə milyonlar xərcləndiyi də vurğulanır. Müəllifin fikrincə, bu səylərin bir məqsədi insan haqları pozuntularına görə ayrı-ayrı fərdlərə sanksiyaların önlənməsi ola bilər.

Yazıda qeyd olunur ki, FFEU kimi mötəbər təşkilatın niyə bu tip tədbirlərə baş vurması da anlaşılan deyil. Qurumun prezidenti Schneier Azəbaycanda insan haqları ilə bağlı sualı belə cavablandırıb ki, bu sahədə irəliləyiş var.

“Azərbaycan indi suriyalı qaçqınları da qəbul edir. Həyatda hər şey irəli gedir. Bu kiçik ölkə müsəlmanları və yəhudilər bir araya gətirir. Nə gözəl!”.

XS
SM
MD
LG