Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:36

Kürd liderlər Türkiyədən muxtariyyət istədilər


Türkiyənin cənub-şərqində görüşən kürdyönlü təşkilatların başçıları bölgə üçün özünüidarə tələb ediblər.

Türkiyənin cənub-şərqində görüşən kürdyönlü təşkilatların başçıları bölgə üçün özünüidarə tələb ediblər.

Reuters agentliyi qeyd edir ki, bu bəyanat hökumət qoşunlarının ölkənin cənub-şərqində, kürdlərin sıx yaşadığı rayonlarda apardığı ağır təhlükəsizlik əməliyyatı əsnasında səslənib.

Ankara əməliyyatın gedişində 200-dək kürd silahlının öldürüldüyünü bildirib.

Kürd QHT-ləri birləşdirən Demokratik Xalq Konqresi (DTK) muxtariyyət tələbini Diyarbakırda keçirilən ikigünlük görüşün sonunda elan edib.

Toplanışın yekun bəyanatında deyilir ki, “xalqımızın ədalətli mübarizəsi” yerli özünüidarə və yerli demokratiya üçündür.

Necə bir muxtariyyət?

Bəyanatda Diyarbakır ətrafındakı bir sıra rayonları da birləşdirəcək muxtar bölgənin yaradılması tələb edilir.

Bu sənəddə DTK PKK-nın mübarizəsini ədalətli adlandırıb.

Muxtariyyət bəyannaməsində deyilir ki, sözü gedən regionlar mərkəzi hakimiyyətdə təmsil olunmalı, lakin onların öz parlamentləri və yerli hökumətləri təşkil edilməlidir.

Eyni zamanda mərkəz, muxtar ərazi üzərində hər hansı direktiv səlahiyyətlərini itirəcəkdir. Bu isə o deməkdir ki, Ankara yerli parlament və hökumətin seçkili vəzifəlilərini işdən xaric edə və ya dəyişdirə bilməz.

Sənədə görə ədliyyə sisteminin muxtar əsaslarda yaradılması nəzərdə tutulur.

Muxtariyyət ölkənin təbii sərvətləri və sənayesində paya malik olacaqdır.

Bəyannamədə habelə yerli təhlükəsizlik və polis qüvvələrinin yaradılması niyyəti bildirilir.

DTK bildirib ki, bəyannamə müzakirə və kompromis üçün açıqdır.

Ankara rədd edir

Reuters agentliyi yazır ki, kürd liderlərin bu çağırışı kürdlərlə Türkiyə hökuməti arasında xeyli vaxtdır davam edən gərginliyi daha da gücləndirə bilər.

Rəsmi Ankara ölkədə kürdlər üçün hər hansı muxtariyyəti qətiyyətlə rədd edir.

Erdoğan: İndi də onlar torpağımızın parçalanmasına çağırırlar. İnşaallah biz öz ölkəmizin tamlığı üzərində cərrahiyyəyə yol verməyəcəyik
Prezident Recep Tayyip Erdoğan şənbə günü etdiyi çıxışda deyib ki, Türkiyə öz sərhədləri içərisində başqa bir dövlətin yaradılmasına heç vaxt yol verməyəcək.

“İndi onlar bizim torpağımızın parçalanmasına çağırırlar, - deyib Erdoğan, - İnşaallah biz öz ölkəmizin tamlığı üzərində cərrahiyyəyə yol verməyəcəyik”.

Türkiyənin baş naziri Ahmet Davutoğlu kürdyönlü Xalq Demokratik Partiyası (HDP) ilə planlaşdırılmış görüşünü ləğv edib.

O deyib ki, siyasətində zorakılıq olan bir təşkilatla görüşməyi faydasız hesab edir.

Kürdyönlü HDP-nin lideri Selahattin Demirtaş öz növbəsində deyib ki, kürdlərə ölülərini basdıqmaq imkanı verməyən hökumətin lideri ilə görüşdən onsuz da heç nə gözləmirdi.

Döyüşə tanklar gedir

Türkiyə hərbiyyəsi şənbə günü verdiyi məlumatda “200-dək kürd silahlısının məhv edildiyini” bildirib.

Televiziya xəbərlərində Cizre şəhərində baş verən partlayışlar, habelə tanklardan atəş açılması səhnələri görüntülənib.

Diyarbakırda aparılan əməliyyatda çox sayda ölənlər var
Diyarbakırda aparılan əməliyyatda çox sayda ölənlər var

Ordunun məlumatında bildirlir ki, döyüş əməliyyatlarının gedişində, PKK silahlılarının bomba basqını nəticəsində üç əsgər öldürülüb.

Reuters yazır ki, Ankara hökuməti kürdlərin Suriyada nəzarətlərindəki əraziləri genişləndirməsindən narahat olub.

Artıq üç onillikdir ki, Türkiyə hökuməti ABŞ və Avropa İttifaqı tərəfindən “terrorçu siyahısına” salınmış Kürdüstan İşçi Partiyası – PKK ilə qanlı münaqişədədir.

Bu iki qarşıduran tərəf arasında ikiillik atəşkəs iyul ayında pozulub. Kürdlər atəşkəsin prezident Erdoğan tərəfindən siyasət və seçki motivləri ilə pozulduğunu iddia edirlər.

Türkiyənin həmkarlar ittifaqları və peşə palataları cənub-şərqi Anadoluda hökumətin hərbi əməliyyatlarına etiraz olaraq birgünlük tətil elan ediblər.

XS
SM
MD
LG