Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:10

Kürdəxanı təcridxanasında daha dustaq saxlamağa yer yoxdur


Kürdəxanı təcridxanası
Kürdəxanı təcridxanası

-

Nurçu təriqətini yaymaqda təqsirləndirilərək həbs olunan şəxslər barələrində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamasına baxmayaraq, Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə həmin cinayət işi üzrə təqsirləndirilən 5 nəfərdən dördünün – Eldəniz Hacıyev, Şahin Hacıyev, İsmayıl və Zəkəriyyə Məmmədov qardaşlarının vəkili Əshabəli Mustafayev məlumat yayıb. Müdafiəçi bu addımın qanunsuz olduğunu bildirir.

Vəkilin sözlərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda dustaqların köçürülməsini istintaq təcridxanasında yer olmaması ilə əsaslandırıblar: «Ədliyyə Nazirliyi və istintaq təcridxanası ilə telefonla danışdım. Deyirlər ki, dustaqları saxlamağa yer çatışmır, ona görə də cəzaçəkmə müəssisəsinə göndəririk. Bu tutulan şəxslər yalnız dini məzmunlu kitablar oxuduqları üçün məhkum olunublar. İnsanlar heç bir cinayət törətmədiyi halda məhkum olunurlar, sonra da kamera çatışmır və yenə də qanunu pozaraq, onları hökm qüvvəyə minməmiş cəzaçəkmə müəssisəsinə göndərirlər».

İŞ HƏLƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏDİR

Cinayət işində «klassik nurçu» kimi təqdim olunan və CM-nin 167-2.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq dini təyinatlı ədəbiyyat və dini məzmunlu digər materiallar yayma) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələri ilə ittiham edilən beş nəfər 2014-cü ilin aprelində keçmiş MTN əməkdaşları tərəfindən həbs olunub. Beş ay sonra gözlənilmədən onların barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Təxminən bir il davam edən məhkəmə prosesindən sonra keçən ilin oktyabrında Yasamal rayon Məhkəməsində onların barəsində hökm elan olunub. Hökmə əsasən, Rəvan Fərzəliyev 1 il 6 ay, İsmayıl Məmmədov 5 il 6 ay, Eldəniz Hacıyev 4 il 6 ay, Zəkəriyyə Məmmədov və Şahin Həsənovun hər biri isə 5 il azadlıqdan məhrum edilib və onlar məhkəmə zalında yenidən həbs olunub.

Həmin hökmdən də apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasında Qail Məmmədovun sədrliyi ilə hakimlər kollegiyası bu işə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan) baxılması barədə qərar qəbul edib. Vəkil Əshabəli Mustafayev, həmçinin Rəvan Zərbəliyevin müdafiəçisi Yalçın İmanov ilkin baxış iclasının sözügedən qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu şikayətə baxılıb qərar verilənə qədər apellyasiya instansiyasındakı proses təxirə salınıb. Hökmün qüvvəyə minməsi üçün isə apellyasiya məhkəməsinin yekun qərarı olmalıdır.

MƏHKƏMƏYƏ ŞİKAYƏT

Əshabəli Mustafayev deyir ki, bu adamların barəsində həbs qərarının qanunsuzluğu barədə şikayətləri artıq Avropa Məhkəməsindədir: «İndi də hökm qüvvəyə minməmiş onun icra edilməsi barədə şikayət göndəriləcək».

Müdafiəçi onu da qeyd edib ki, hüquqlarını qoruduğu şəxslərə qarşı bu qanunsuzluğa görə Penitensiar Xidməti də məhkəməyə verəcək.

Novruz bayramıyla əlaqədar ölkədə qeyri-iş günü olduğundan Penitensiar Xidmətin məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG