Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

«Məktəb yaxınlaşır, çox narahatıq. Tək mən yox, uşağı o məktəbdə oxuyan çoxu narahatdır. Belə də şey olar? Niyə bunun səbəbini araşdırıb ortaya çıxarmırlar axı..»

AzadlıqRadiosunun «Qaynar xətt»inə danışan Mədinə Aslanovanın iki övladı Kürdəxanıdakı 113 saylı orta məktəbdə təhsil alır. Ananı narahat edən son 3 ildə şagirdlər arasında bir-birinin ardınca baş verən ölüm hadisələridir. Bu müddətdə məktəbin beş şagirdi faciəli ölüb. Onların asılmış vəziyyətdə nəşləri yaşadıqları ərazilərdən aşkarlanıb. Sonuncu olaysa bu il avqustun 9-da baş verib. 15 yaşlı məktəbli Teymur Həsənlinin asılmış meyiti işlədiyi sexdə aşkarlanıb. Hüquq-mühafizə orqanları bu ölüm hadisələrini intihar faktı kimi araşdırır.

«PSİXOLOQ GƏRƏKDİR»

Kənd camaatı arasındasa hadisələrin hər birinə müxtəlif yanaşmalar var. Sakinlərdən kimisi bu hadisələrin intihar, kimisi isə başqa mətləblərlə bağlı olduğunu söyləyir. Məsələn, Teymur Həsənlinin intihar edildiyi deyilən qarajın tavanı o qədər də hündür deyil. Ona görə də kənd sakinləri arasında olayın intihar olduğu versiyasına inanmayanlar var. İntihar versiyasını üstün tutanlar bildirirlər ki, Teymurun cibində sevgi şeiri olub.

Bir çox kənd sakini intiharların səbəbini yeniyetmələrin sevgi macəraları ilə bağlasa da, bəziləri bunu dini inanclarla əlaqələndirirlər.

Mədinə Aslanovanın deməsinə görə, övladlarını iki dəfə məktəbdən çıxarmaq istəyib, müəllimlər fikrindən daşındırıblar: «Deyirlər, «sən uşaqları məktəbdən çıxarsan, o biri valideynlər də baxıb övladlarını başqa məktəbə aparacaqlar». Ancaq inanın ki, uşaqlara çox pis təsir edib. Oğlum hələ də Teymurun başına gələni yadından çıxara bilmir. Bu məktəbə əməlli-başlı, savadlı psixoloqlar təyin etməlidilər ki, uşaqları gərginlikdən çıxarsınlar. Hər il eyni hadisələr uşaqlara əməllicə təsirini göstərir. 2 il əvvəlki ölüm hadisəsi vaxtı uşaqların biri 4, o biri 6-da oxuyurdu. Evdə söz-söhbətləri həmin hadisədən idi. Özüm psixoloqa apardım. Ancaq hər valideynin bunu etməyə imkanı yoxdur».

Buna da bax-Bu qədər insanı intihar həddinə kim çatdırıb?

İNTİHAR HƏDƏSİ

Kürdəxanı sakini Sevda Abbasova da eyni məktəbin 6-cı sinfində təhsil alan övladına görə narahatdır. Teymurun başına gələnlərdən sonra ana oğlu Anarı addımbaaddım diqqətdə saxlamaq məcburiyyətində qalıb.

İndi Kürdəxanıda intihar mövzusu məişət söhbətləri kimi adiləşib. Valideynlərin deməsinə görə, bəzən uşaqları çox «cırnadanda», onlar böyükləri «özümü asaram» deyə hədələyirlər».

«BÖYÜKLƏRİN DƏ PSİXOLOQA EHTİYACI VAR»

Uşaq psixoloqu Aygün Cavadzadə hesab edir ki, belə hadisələr baş verən məktəbdə şagirdlərlə mütləq psixoloqlar məşğul olmalıdır: «Şagirdlərə psixoloji yardım olunsaydı, bəlkə də məsələ ilk hadisə ilə bitə bilərdi. Belə vəziyyətlərdə nəinki uşağın, hətta böyüyün də ilk ehtiyacı olan psixoloqdur».

Ekspertin fikrincə, ümumiyyətlə, xüsusilə uşaqların «özümü asacağam» kimi siqnalı ciddi məsələdir və artıq valideynə işarədir ki, o uşağın psixoloji durumunu nəzarətdə saxlamaqdan ötrü psixoloqa müraciət etsin.

Eyni məktəbin şagirdi Teymur Həsənlinin intihar faktı kimi araşdırılan ölümü bu il avqustun 9-da baş verib. Yaxınlarının deməsinə görə, Teymur 20 gün imiş namaz qılmağa başlayıb. Hadisədən əvvəl dostları onu futbol oynamağa dəvət edib, o isə getməyib. Az sonra işlədiyi qapalı ərazidə asılmış meyiti aşkarlanıb.

«İSTİNTAQ GEDİR»

113 saylı məktəb şagirdlərinin bundan əvvəlki ölüm faktları kimi, Teymurun faciəsinə görə cinayət işi də eyni - özünü öldürmə həddinə çatdırma maddəsi ilə Sabunçu rayon Prokurorluğunda başlanıb.

Xatırladaq ki, əvvəlki cinayət işləri Bakı Şəhər Prokurorluğuna verilərək eyni icraatda birləşdirilib. Həmin cinayət işi barədə informasiya ala bilmədik.

Teymur Həsənli ilə bağlı cinayət işinin istintaqı, hələlik, Sabunçu rayon Prokurorluğunda aparılır. Prokurorluqdan «Qaynar xətt»ə bildirilib ki, yeniyetmənin ailə üzvləri, məktəbli yoldaşları, müəllimləri, meyiti aşkarlanan məkanın sahibi dindirilib. Müəllimləri və yaxınları Teymuru istiqanlı, tərbiyəli yeniyetmə kimi xarakterizə ediblər.

İstintaq davam etdiyindən əlavə məlumat verilmir.

Kənd sakinləri hüquq-mühafizə orqanlarından gileylidirlər. Onların fikrincə, istintaq orqanı məktəblilərin faciəsini dərindən araşdırıb kökünü tapsa, ən azı, bundan sonra məktəblilərin boynu ipdən, valideynlərinsə ürəyi narahatçılıqdan qurtular.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG