Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:57

İrandakı kürd üsyançı qrup 20 illik atəşkəsə son qoyub


İran Kürdüstanı Demokratik Partiyası (PDKI) əsgərləri
İran Kürdüstanı Demokratik Partiyası (PDKI) əsgərləri

Kürd separatçıları: İrandakı kampaniyamız davam edəcək

İrandakı əsas kürd müxalifət partiyası burada yaşayan kürdləri "müdafiə etməkdən ötrü" təhlükəsizlik qüvvələrinə silahlı kampaniyasını davam etdirəcək. İran Kürdüstanı Demokratik Partiyası (PDKI) liderinin müavini belə deyib. Onun sözlərinə görə, İranın böyük dövlətlərlə nüvə sazişi imzalamasından sonra mübarizə vacibdir. Məlumatı “Associated Press” agentliyi yayıb.

İranda əsas kürd üsyançı qrupu olan İran Kürdüstanı Demokratik Partiyasına son hücumlar dalğası iyirmi illik atəşkəsə son qoydu. Axı kürd separatçıları on illərdir ki, ölkənin şimal-qərbinə azadlıq istəyirlər.

10 FAİZ

Bu kampaniya regionun digər yerlərində kürd qüvvələrinin aktivləşməsi fonunda baş qaldırır. Suriya kürdləri ölkədəki vətəndaş müharibəsi gedişində özlərinə bir parça torpaq qopara biliblər. Şəhər və kəndləri "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasından azad edən İraq kürdləri də öz muxtar ərazilərini genişləndirməyə nail olublar.

80 milyonluq İran əhalisinin 10 faizini təmsil edən kürdlər, əsasən, ölkənin İraq və Türkiyə ilə həmsərhəd dağlıq şimal-qərb bölgələrində yaşayırlar.

Buna da bax:​ Atəşkəsin ikinci həftəsi: kürdlər və Türkiyəni bilinməzliyə aparan yol...

1990-cı illərdən bəri davam edən atəşkəs sayəsində ərazidə uzun müddət sakitlik hökm sürüb. 2015-ci ilin mayında ölkənin şimal-qərbindəki Mahabad şəhərində bir kürd otel xadiməsinin öldürülməsi yerli kürdlərin narazılığına səbəb olmuşdu. Müxalifət qrupları İran təhlükəsizlik qüvvələrini bu işdə əli olmaqda ittiham etdilər.

“REPRESSİYALAR”

Bu il kürd döyüşçüləri ilə İranın "Bəsic" (İnqilab keşikçiləri) və digər təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub. Hər iki tərəf tələfat verib. Şimali İraqda qərarlaşan PDKI bu hücumların bir çoxuna görə məsuliyyəti üzərinə götürüb. Hücumlara cavab olaraq İran qüvvələri kürd mövqelərini bombalayıb.

PDKI baş katibinin müavini Hassan Sharafi-nin sözlərinə görə, İranın "repressiyaları" kürd qüvvələrini cavab verməyə məcbur edib.

"Biz onların həbs edildiyini, işgəncəyə məruz qaldığını, ...görürük. Bu insanları müdafiə məqsədiylə biz, adi müharibə elan etməkdənsə, ərazidə var olmağı qərara almışıq", deyə o, "Associated Press" informasiya agentliyinə bildirib.

"İran Avropa və Amerika ilə nüvə sazişini imzalayanda düşündülər ki, nə etsələr də ətraf dünya onları tənqid etməyəcək. Ona görə də biz bu yolu tutmağa məcburuq", o vurğulayıb.

Buna da bax:​ Türkiyə kürdlərlə atəşkəsi təkzib edir

“İRANA HÜCUM ETMƏYİN”

İranın dövlət mediası baş verən toqquşmaları sünni Səudiyyə Ərəbistanı da daxil olmaqla İranın düşmənlərinin təşkil etdiyini bildirib. Məlumatlarda etnik gərginlik əlamətlərini büruzə verməməkdən ötrü kürd kimliyinə işarə edilməyib.

İran bundan başqa şərqdən, Pakistan sərhədindən bəluç silahlı qruplarının da hücumuna məruz qalır. Neftlə zəngin Xuzistan əyalətində yaşayan etnik ərəblərlə də zaman-zaman toqquşmalar baş verir.

İraq kürd muxtar ərazisinin hökuməti İraq kürdlərini İrana hücum etməməyə çağırıb. ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-lə döyüşməyə "peşmergə" kimi tanınan İraq kürd döyüşçülərinə təlim keçir. İŞİD-lə vuruşan bir İran kürd qrupu da bu təlimdə iştirak edir.

Sharafi deyir ki, PDKI "özünümüdafiəsində" hər hansı xarici yardım, yaxud dəstəyə güvənmir.

Buna da bax:​ İran kürdləri ilə toqquşma olub

DAHA VACİB PROBLEMLƏR

Vaşinqtondakı Yaxın Şərq İnstitutundan Alex Vatanka-nın sözlərinə görə, hazırda hər kəsin diqqəti İraq və Suriyada İŞİD-lə mübarizəyə yönəldiyindən PDKI-ın kampaniyasının genişlənəcəyi gözlənilmir.

"Tehran, İran kürdləri və İraqın kürd rəhbərliyinin başı daha vacib problemlərə qarışıb", o deyib.

Mahabad regionu II Dünya müharibəsindən sonra sovetlərin dəstəyi ilə qısa müddətə İrandan qoparaq Kürd Respublikası elan edilib. 1979-cu ildə İslam inqilabından sonra isə bölgədə üsyan baş qaldırıb.

PDKI döyüşçülərinin İrandakı kampaniyası 1990-cı illərin ortalarına qədər davam edib. 1992-ci ildə İran hökumətinin göndərdiyi qatillər PDKI liderini bir neçə başqa şəxslə birlikdə Berlində qətlə yetirib. Nəticədə 1996-cı ildə PDKI birtərəfli qaydada atəşkəs elan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG