Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:37

İki il əvvəl «İslam dövləti» qruplaşmasıİraqın Səncər dağı ətrafında yaşayan yezidi dini icmasına - kürdlərə hücum etdi. Yaraqlılar kəndlərdə kişiləri qətlə yetirdi, minlərlə qadını və uşağı da sonradan satmaq üçün əsir götürdülər.

Canını qurtarmağı bacaran yezidilər dağlara pənah apardılar. Orada günlərlə ağır şəraitdə - yeməksiz, isti paltarsız, bəzi hallarda ayaqyalın qaldılar. Masoud Barzani-nin İraq Kürdüstanındakı peşmərgələri – kürd silahlıları əvvəlcə onları qorumağa söz vermiş, di gəl, döyüşmək lazım gəlincə, gözdən itmişdilər.

AZAD OLMAQDAN ÖTRÜ…

Suriya və Türkiyədən olan kürd partizanları son nəticədə, «İslam dövləti»nin ərazisi daxilində vuruşa-vuruşa, dağlaracan gedib çıxa bildilər. Onlar bu yolla «İslam dövləti»nin içində dəhliz açdılar və dağlarda gizlənən yezidiləri güvənli yerə - Suriyanın muxtar Rocava (kürdcə «Qərb» deməkdir) əyalətinə apardılar.

Bu partizanların bir çoxu qadındır. On illərlə tarixi olan kürd azadlıq hərəkatının əsas prinsiplərindən biri odur ki, qadınlar başqalarının onları qorumasını gözləyə bilməzlər. Azad olmaqdan ötrü onların özü çarpışmalıdır. Bəzi qadınlar başqa qadınlar uğrunda vuruşduğunu deyir, çünki «İslam dövləti»nin pəncəsinə keçən həmcinslərinin başına gətirilən dəhşətlərdən xəbərləri var.

ROCAVADAKI QADINLAR

Rocavada qadınları tək ordu sıralarında yox, partizan birliklərinin rəhbərliyində də görmək olar. Səncər dağından azad edilən bəzi yezidi qadınlar da onlara baxıb öz silahlı dəstələrini – qadınların «Şenqal» adlı mühafizə birliyini yaradıblar. İraq Kürdüstanında da canını qul olmaqdan qurtaran yezidi qadınlar öz briqadalarını formalaşdırıblar.

Buna da bax - Kürd döyüşçülərin İŞİD yaraqlıları ilə atışması

Kürd azadlıq hərəkatını hərbi və ictimai baxımdan özünümüdafiəni önə çəkir. Rocavanın (bu ərazi Suriya sərhədləri daxilindədir) muxtar demokratiya sistemində qadınların hökumətdə iştirakı güclü şəkildə dəstəklənir. Bütün təşkilatları həm kişilər, həm də qadınlar yönəldir. Qadın komitələri məcburi evlilik və məişət zorakılığı problemlərinin aradan qaldırılmasına ciddi təsir göstərə bilir.

«SATIN ALMAQ» MƏQSƏD DEYİL…

Ancaq məhz qadın döyüşçü zorlanmış və alçaldılmış qurban obrazının tam tərsi olan mənzərəni qarşımıza çıxarır.

Hələ də çox patriarxal sayılan İraq Kürdüstanının qaçqın düşərgələrində yaşayan qadınların da bəziləri bu yolu seçir. Bu, kürd radikal qadın partizanlarının təsirindən də qaynaqlanır. Rocavadan ilham alan yezidilərin qurduğu qadın şurası ötən ilin iyulunda bildirib ki, «İslam dövləti»nin oğurladığı qadın və uşaqları «satın almaq» məqsəd olmamalıdır («İslam dövləti» ilə münasibətlərdə bu hala çox rast gəlinir). Şura həmin əsirləri azad etməyi, başqa deyimlə, özünümüdafiə ənənəsinə başlamağı hədəf götürüb.

Bu, asan olmayacaq. İki il əvvəl İŞİD-in əlinə keçən minlərlə yezidi qadın və uşaq hələ də əsirlikdədir. Türkiyə, İraq və Rocavanın qaçqın düşərgələrindəki yezidi qadın və uşaqların sayı bundan da çoxdur. Bir çoxları Avropaya sığınıb, bəziləri yolda - dənizdə boğularaq həyatını itirib. Ancaq yezidi mübarizəsinin mərkəzi əvvəllər də Səncər dağı idi, indi də. İraqın qaçqın düşərgələrində yaşayanların bir çoxu yezidilərin ata-baba yurdu sayılan bu əraziyə qayıtmağa can atır.

ƏVƏZİNDƏ İSƏ…

Səncər dağına qayıtmağı əngəlləyənlərdən biri Masoud Barzani-nin 2 il öncə onları müdafiəsiz buraxmış kürd qüvvələridir. Barzani-nin peşmərgələri Rocavaya və Səncər dağının quzeyinə aparan sərhəd xəttində yoxlama məntəqələri quraraq, işi çətinləşdiriblər. Onlar Türkiyə ilə birlikdə Rocava kürdlərinin blokadasını gerçəkləşdirirlər.

ABŞ bu yaxınlarda Barzani qüvvələrinə xeyli hərbi yardım vəd edib. Əvəzində isə yezidilər hərəkət azadlığı əldə etməli, öz yurdlarına dönərək, evlərini yenidən tikə bilməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG