Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:21

Mosulda kim qalacaq, kim gedəcək?


Kürd döyüşçülər Mosul əməliyyatında
Kürd döyüşçülər Mosul əməliyyatında

Mosulda əməliyyatların gedişi barədə kürd komandirləri məlumat verir, beynəlxalq nəşrlər ordunun uğurları haqda kürd əsgərlərindən sitat gətirərək xəbər yayırlar.

İraqın Mosul şəhərinin «İslam Dövləti» qruplaşmasından (İŞİD) alınması uğrunda əməliyyatlar oktyabrın 16-də başlayıb.

BBC kürd silahlı qüvvələrinin ilk saatlarda irəlilədiklərini, bir neçə kəndi azad etdiklərini yazır. Bir kürd generalı BBC-yə müsahibəsində deyib ki, onların düşmənləri güclüdür və təkcə kürdlər, şiələrlə deyil, bütün dünyayla savaşır.

MOSULDA İŞİD-LƏ DÖYÜŞƏNLƏR KİMLƏRDİR?

Mosul İraqın ən çoxmillətli şəhərlərindəndir. Əvvəl şəhərdə kürdlər, türkmanlar, sünni və şiələr, eləcə də digər din və təriqətlərdən olan millətlər yaşayırdı. Müharibədən sonrakı hökumətin—şiələrin dini siyasəti, bu siyasətdən narazı sünnilərin İŞİD-i əvvəl xüsusi rəğbətlə qarşılaması və İŞİD-in digər azlıqlara hücumundan sonra şəhərin demoqrafik vəziyyəti xeyli dəyişdi.

İndi daha çox sünni olan şəhər əhalisi hücum əməliyyatında şiələrin fəallığından narahatdır. Çünki şiələr başqa azad olunmuş şəhərlərdə dini ayrı-seçkilikdə, zorakılıqda günahlandırılırlar. İraqın baş naziri Haider al-Abadi, görünür, bu narahatlığa son qoymaqdan ötrü Mosula yalnız dövlət təhlükəsizlik qüvvələrinin girəcəyinə söz verib. İraq briqada generalı Haidar Fadhil «The Associated Press» agentliyinə müsahibəsində deyib ki, Mosulun qurtarılması uğrunda əməliyyatda 25 min əsgər iştirak edir, onlardan 4 mini kürd peşmərgələridir. BBC Mosulun bərpasına 150 min kürd döyüşçüsünün cəlb oluna biləcəyini yazır. Bu yaxınlarda Birləşmiş Ştatlar kürd döyüşçülərinə pul ödəmək, döyüş sursatı, yanacaq və ərzaq almaqdan ötrü peşmərgəyə 415 milyon dollar verməyə razı olub. Bundan başqa, BBC kürd silahlı qüvvələrinin ağır silahlarla təchiz olunduğunu xəbər verir.

Bütün bunlar kürd yaraqlılarının əlindən qan ağlayan Türkiyəni narahat etməyə bilməz.

KÜRDLƏRİN MÖHKƏMLƏNMƏSİNİ ÖNLƏMƏK

BBC yazır ki, Türkiyənin əsas məqsədlərindən biri Mosulda kürdlərin möhkəmlənməsini önləməkdir. Məhz buna görə Bağdadın etirazlarına baxmayaraq, Türkiyə Mosul ətrafında 2 minlik hərbi qüvvə, eləcə də tanklar saxlayır. Türk əsgərləri İŞİD-lə döyüşən sünni qəbilələrinə təlim keçirlər.

Türkiyə öz döyüşçülərini İraqda Bağdadla deyil, regional hökumətlə razılığa əsasən saxladığını bildirir.

Türkiyənin baş naziri Binali Yıldırım bu yaxınlarda xəbərdarlıq edib ki, Mosul uğrunda əməliyyat demoqrafik dəyişikliklə nəticələnməməlidir

Amma BMT-nin xəbərdarlığında Mosul əməliyyatlarının yeni qaçqın axınına səbəb olacağı, İraq vətəndaşlarının, özəlliklə, sünni və kürdlərin Suriya və Türkiyəyə tərəf axışacağı deyilir.

XS
SM
MD
LG