Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:57

Küləkdən qorxa-qorxa butulka yığan çilingər


Rəfael Cəfərov daha çox səhərlər iş başına çıxır.

Rəfael Cəfərov daha çox səhərlər iş başına çıxır.

-

Ramin Deko (Xüsusi olaraq AzadlıqRadiosu üçün)

O, hər gün bir neçə kilometrlik yolu illərdir dostluq etdiyi arabasıyla qət edir. Üç-dörd saat Bakının kafe, restoranlarını gəzir, boş butulkaları yığaraq ailəsinə çörəkpulu aparır. Qazancı çox olmasa da, məmnundur. Həyatdan gileylənmir, hətta vaxtilə onu işdən azad edən müdiriyyət haqqında da pis fikirlər ağlından keçmir.

MARŞRUT XƏTTİ BİRDİR VƏ İLLƏRDİR Kİ, DƏYİŞİLMİR

58 yaşlı Rəfael Cəfərov artıq 12 ildir ki, butulka toplamaqla məşğuldur. Bundan öncə Musiqili Komediya Teatrında çilingər işləyirdi. O zaman da qazancı çox deyildi, ancaq, özünün dediyi kimi, kiminsə əlinə baxırdı, hər ayın sonu maaşın veriləcəyi anı gözləyirdi. İndi isə tam sərbəstdir, müdir də, ağa da özüdür. İstədiyi vaxt gedir, istədiyi zamanda geri qayıdır.

Rəfael Cəfərov daha çox səhərlər iş başına çıxır. Gecədən yığılan butulkaları kafelərdən toplamaq ona daha sərfəlidir. Hər gün saat 9-da yamaqlı əlcəklərini və nimdaş paltosunu götürüb mənzilini tərk edir. İşin nizamını elə qurub ki, günorta saat 2-də artıq mənzilində olur.

Marşrut xətti birdir və illərdir ki, dəyişilmir. Hər gün eyni saatda Bakı Ağır Cinayətlər Məhkəməsinin önündən üç-dörd kisə butulka dolu arabasıyla ağır-ağır addımlayır.

Qazancı 4 manat 30 qəpik

Qazancı 4 manat 30 qəpik

Kənardan baxanda xeyli qazandığını düşünürsən. Ancaq bu fikir insanın beyninə yalnız anbara çatana qədər hakim kəsilir. Elə ki, yüklər boşaldıldı, qazancın 3-4 manatdan o yana ötmədiyinin fərqinə varırsan. Bircə gününü Rəfael Cəfərovla keçirmək yetər ki, işin nə yerdə olduğunu, hansı əziyyətlər bahasına bu məbləği qazandığını görəsən.

ONU İŞƏ DÜZƏLTMƏYƏN QOHUMLARI VƏ SADİQ ARABASI

«Siqaret çəkmirəm, içki içmirəm», - bu, onun yolboyu tez-tez təkrar etdiyi sözlərdir. Hər dəfə də «niyə» sualını ünvanlamamış özü cavablandırır: «Siqaret bədənə ziyandır. İçki içib «piyan» evə getsəm, evdəki «Quran» mənə qənim olar. Ona görə nə içirəm, nə çəkirəm».

Hava küləkli olanda iş saatı tez bitir, bəzən iki gediş-gəlişdən sonra daxmasına qayıdır. Səbəbini belə izah edir: «Küləkdən çox qorxuram, zəhləmi tökür, canıma işləyir. Xəstələnsəm, kim mənə pul verəcək? Dava-dərman bahadır, bir aylıq qazancım bəs etməz. Canım əsasdır, bir az işləyirəm, bəs edir. Hava isti olanda isə çox işləyirəm. Qazancımı da anama, yoldaşıma verirəm, evə nə lazımdırsa, alırlar. Özümə heç nə lazım deyil».

Rəfael Cəfərovun yaxınları nə vaxtsa yüksək vəzifədə çalışıblar. Özü də, anası da həmin adamlardan onun işə düzəlməsinə yardımçı olmağı xahiş edib. Ancaq Rəfael dayının qorxduğu küləklər xahişlərini də çoxdan uzaq ellərə uçurub.

Rəfael Cəfərov

Rəfael Cəfərov

«Üç sənətim var, yaxşı yerlərdə işləyən qohumlarım məni öz yanlarında işə düzəltmədilər. Düzdür, indi işdən çıxıblar, ancaq vaxtilə kömək edə bilərdilər. Onlar mənim nəyimə gərəkdir? Heç salam da vermirəm», - deyə o bildirir.

Rəfael Cəfərov onu işə düzəltməyən qohumlarıyla bağlı danışanda, üzündə bir sevinc hiss edilir. Axı, o, pis-yaxşı özünə bir iş tapıb, vaxtilə yüksək vəzifələrdə çalışan yaxınları isə kənardadır.

***

Onunla söhbət etdiyimiz gün hava çox küləkli idi, bu üzdən də işini tez bitirməli oldu. Qazancı isə 4 manat 30 qəpik idi. Butulka kisələrini arabasına yükləyib daha sürətlə evinə doğru getməyə başladı...

...Yolboyu dodaqaltı danışırdı, deyəsən, ona bu dünyada sadiq qalan, heç zaman yarı yolda buraxmayan dostu arabasıyla söhbət edirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG