Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:09

'Bu küçədə obyekt əlindən tərpənmək olmur'


Foto illüstrasiya
Foto illüstrasiya

«Kiçik bir küçədə obyekt əlindən addım atmaq olmur. Kasıb təbəqənin yaşadığı məhəllədə bu qədər obyektə nə ehtiyac var?».

Ağsu rayonu, 20 Yanvar küçəsinin sakinləri yaşadıqları ərazinin yaşıllıqlarının məhv edilməsindən və yerində müxtəlif, əsasən də, ticarət obyektlərinin tikilməsindən narazıdırlar. Deyirlər, bu durum 5 ildir davam edir. Kimin bir az pulu varsa, üz verir bu tərəflərə, ağacları kəsdirir, yerində kafe, mağaza, çayxana tikdirir. Növbə Ağsu çayı kənarındakı yaşıllığa çatanda sakinlər dilə gəliblər. Bu ilin fevralında ağacları kəsməyə gələnləri qovublar.

«GƏLDİLƏR KƏSMƏYƏ, QOVDUQ»

Küçə sakini Həsən Həsənov AzadlıqRadiosuna sakinlərin «ağackəsənlər»lə mübarizəsindən danışır: «Onlar gəldilər kəsməyə, biz qovduq. Bir neçə gün belə davam elədi. Bir gün səhər oyanıb gördük ki, gecəylə kəsib töküblər. Fevraldan bu tərəfə yerində nəsə tikirlər. Görünür ki, tikilən obyektdir. Orada yaşlı şam ağacları vardı. Xəstə, qoca – hamı gedib orada oturub təmiz hava alırdı. Uşaqlı-böyüklü – hamının yeganə istirahət yeri idi».

Beləcə, çay kənarındakı istirahət bağı əldən gedib. Məhəllədəki boş ərazilər də həmçinin... Sakin Ələmdar Quliyevin deməsinə görə, indi də küçədəki zibilliyə əl qoyulub: «Gəlib, təmizləyib, ətrafını bağlayıblar. Yeri kimsə alıb».

«5-10 MANAT TƏKLİF OLUNAN KİMİ...»

Sakinin sözlərinə görə, bu ərazidə yüzlərlə ailə yaşayır. Adamların maddi durumu olduqca aşağıdır. Elə kənardan gəlib burada obyekt tikənlər də bundan istifadə edirlər: «Burada yaşayanların çoxu illərlə əli pula dəyməyən insanlardır. 5-10 manat təklif olunan kimi ev-eşiyini, həyət-bacasını verir, gedir kənddə-kəsəkdə bir daxma alır, pulun qalanını da çörəyə, suya saxlayır. İşbazlar insanların durumundan faydalanıb bu yolla bütün küçələri, əraziləri ələ keçirirlər».

Ağsu rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, 20 Yanvar küçəsində abadlıq işləri aparılır: «Orada təzə obyekt tikilmir, sadəcə, obyekti olanlara tapşırıq verilib ki, tikililərini müasir tələblərə uyğunlaşdırsınlar. Bunlar hamısı abadlıq işləri çərçivəsində həyata keçirilir. Deyilənlərin heç bir əsası yoxdur».

Sakinlərsə tikintilərin dayandırılmasını, məhv edilmiş yaşıllıqların bərpasını tələb edirlər.

Buna da bax-'Ağacları kəsməyin dedim, məni psixi ekspertizaya göndərdilər'

"Ağacları kəsməyin dedim, məni psixi ekspertizaya göndərdilər"
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

XS
SM
MD
LG