Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:19

Su altında qalan milyonlar


Bakıda neft buruğu
Bakıda neft buruğu

Azərbaycanın dünyadakı rolu, idxaldan asılılığın artması, manatın ilin sonuna kimi taleyi və şəhər təsərrüfatına ayrılan milyonların aqibəti bu gün medianın aparıcı mövzusudur...

DÜNYA ÖLKƏLƏRİNƏ ÖRNƏK

«Azərbaycan» qəzetində «Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün nümunədir» sərlövhəli məqalə dərc edilib. Məqalədə ölkənin sabit iqtisadi inkişafından danışılır.

Müəllifə görə, qlobal kataklizmlərin dərinləşdiyi indiki dönəmdə Azərbaycan dünya birliyində öz yerini inamla qoruyub saxlamaqdadır: «Bunun da əsas səbəbləri Azərbaycanın yerləşdiyi bölgənin lideri statusunu getdikcə gücləndirməsi, söz sahibi olması, Avropanın enerji xəritəsinə etdiyi korrektələr və ən əsası, hər sahə üzrə müstəqil siyasət həyata keçirməsidir».

Müəllif hesab edir ki, artıq Azərbaycan həqiqətən inkişaf fenomeninə çevrilib: «Bu mənada inkişafın Azərbaycan modeli dünyanın əksər ölkələri üçün nümunə sayıla bilər».

Yazıda qeyd edilir ki, dünyada əlverişsiz iqtisadi proseslər, qonşu regionlarda silahlı münaqişələr getdiyi bir dövrdə ölkədə sabitliyin qorunub saxlanması dövlət başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Müəllifə görə, Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsi, ixrac və rəqabət imkanlarını genişləndirməkdir. Müəllif düşünür ki, bu islahatları Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları da dəstəkləyir: «Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan ağır problemlərin öhdəsindən daim layiqincə gəlib. Ona görə Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Belə ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub».

Nemət Əliyev
Nemət Əliyev

MONOPOLİYA, KORRUPSİYA, RÜŞVƏT OLDUQCA...

Azadliq.info saytı isə «İdxalın artma səbəbləri nədədir?» sualına iqtisadçı-ekspert Nemət Əliyevlə cavab axtarır.

N.Əliyev bildirib ki, bu il Azərbaycana yeyinti məhsullarının idxalında ötən illə müqayisədə 31.86 faiz artım var. Bu göstərici 2016-cı ilin yanvar-sentyabr aylarında 949 milyon 158.78 min ABŞ dollarına bərabər olub. O, qeyd edir ki ət, kərə yağı, meyvə-tərəvəz, çay, süd idxalında kəskin artım var: «Hesabat dövründə Azərbaycanın idxalının 15.31 faizi məhz yeyinti məhsullarının payına düşüb. Cari ilin ilk 8 ayı ərzində cəmi idxalda yeyinti məhsullarının payı 14.81 faiz təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 10.76 faiz olub».

N.Əliyev deyir ki, hökumət ölkənin idxaldan asılılığını azalda bilməyib. Əksinə, idxaldan asılılıq artıb.

İqtisadçı hesab edir ki, ölkəyə investisiya qoyuluşunun azalması ilə əhalinin pul gəlirləri əhəmiyyətli dərəcədə aşağı düşüb: «İstehsal göstəriciləri sürətlə aşağı düşür. Yeyinti məhsullarının da daxil olduğu emal sahələrində istehsalın həcmi ötən ilin 9 ayı ilə müqayisədə 47 faiz geriləyib. Səkkiz ayın göstəricilərinə görə, emal sahələrində 40 faiz geriləmə var idisə, bir ay sonra bu rəqəm 47 faizə yüksəlib».

N.Əliyevin deməsinə görə, idxalın artımını şərtləndirən əsas səbəb ölkə daxilində korrupsiya, inhisarçılıq, rüşvətxorluq, haqsız rəqabət kimi halların geniş yayılmasıdır: «Bu sahə, əsasən, inhisarçıların əlindədir. Onlar heç bir əziyyət çəkmədən hazırın naziri olurlar».

Ekspertə görə, korrupsiya və inhisarçılıq üzündən ölkə daxilində istehsal olunan məhsul baha başa gəlir.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

HƏTTA NEFT 100 DOLLAR OLSA BELƏ ...

«Exo» qəzetində isə «Hətta neftin qiyməti 100 dollar olsa belə, manat bahalaşmayacaq» sərlövhəli məqalə oxumaq olar.

Ölkənin iqtisadi, maliyyə vəziyyətini dəyərləndirən ekspertlər qəzetə yaxın gələcəklə bağlı bədbin proqnozlar təqdim ediblər: «Azərbaycanın maliyyə qurumları başa düşürlər ki, indi manatı sərbəst buraxmağın əsl vaxtıdır. Amma dövlət bu addımı atmaq istəmir ki, sosial partlayışa səbəb ola bilər. Bütün bunlara da baxmayaraq, cari ilin sonuna dollar 1.80 manat həddini keçə bilər. Hətta sabah möcüzə baş versə, neftin barreli 100 dollara qalxsa belə, manat yenə də bahalaşmayacaq». Bunu qəzetə ekspertlərdən Oqtay Haqverdiyev deyib.

O.Haqverdiyev deyir ki, neftin qiymətinin düşməsi ilə bütün problemlər üzə çıxıb. Ekspert hesab edir ki, dövlət xarici valyuta qıtlığı yaşayır.

Başqa bir iqtisadçı Natiq Cəfərli isə deyir ki, Azərbaycan banklarının beynəlxalq investorlara 4 milyarda yaxın borcu var: «Sentyabrda yaşanan ajiotaj Azərbaycan banklarının xarici kreditorlara borcları ilə bağlı idi və həmin proseslər ilin sonuna kimi maliyyə bazarında davam edəcək. Bir vaxt gəlir ki, banklar götürdükləri kreditləri qaytarmalıdırlar. Ümumi borc 4 milyard dollara yaxındır, bu borcun müəyyən hissəsi yaxın iki ayda ödənməlidir».

N.Cəfərliyə görə, ilin sonuna kimi gərginlik artacaq: «Hələ ki, Neft Fondu Mərkəzi Banka kömək edir, büdcə öhdəliklərini yerinə yetirir. Yeni il bayramı ilə bağlı ölkəyə idxal artacaq, deməli, dollara tələbat yüksələcək Ona görə də düşünürəm ki, dollar manata münasibətdə yüksələcək».

Bakı sel altında
Gözlə
Embed

No media source currently available

0:00 0:01:03 0:00

YARIM MİLYARD HARA GEDİB?

«Bizim Yol» qəzetində isə «Suda batan rayonlara yüz milyonlar xərclənib» sərlövhəli məqalə diqqəti çəkir. Yazıda paytaxt təsərrüfatının yararsız durumda olması dəyərləndirilir.

Müəllif qeyd edir ki, oktyabrın 16-sı və 17-də yağan yağışlar paytaxtda nəqliyyatın hərəkətini iflic hala salmışdı.

Yazıda vurğulanır ki, havaların yağıntılı keçməsi icra hakimiyyətlərinin paxırını üzə çıxarıb. Müəllif düşünür ki, büdcədən ayrılan vasitələr heç də tam şəkildə təyinatı üzrə xərclənməyib: «Əks halda hava şəraitinin dəyişməsi ilə şəhər suyun altında qalmazdı, Binəqədi rayonu keçən həftədən yağan yağışlardan sonra özünə gəlməyib, hələ də gölün içindədir».

Müəllif vurğulayır ki, keçən il büdcədən 443.7 mln. manat mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılıb. Həmin vəsaitin 239.8 mln. manatı mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsi, kommunal və abadlıq işlərinin həyata keçirilməsinə yönəldilib.

Yazıda qeyd edilir ki, bundan əlavə, paytaxtın rayonlarına büdcənin Ehtiyat Fondu və Prezidentin Ehtiyat Fondundan da hər il milyonlar ayrılır.

Yazıda bildirilir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Binəqədi rayonunda rəsmi 260 min 600 adam qeydiyyatdadır. Rayon rəhbərliyinin veb-saytına görə, faktiki əhalinin sayı 400 min nəfərə yaxındır: «İnfrastruktur 260 min adama hesablanır, amma 400 min nəfərə xidmət göstərir. Əslində, xidmət göstərə bilmədiyi də göz qabağındadır. Əhali sayının dəqiq olmaması paytaxtın kommunal xidmət keyfiyyətinə mənfi təsir edir. Bu adamların çoxu yeni yerlərdə məskunlaşır. Drenaj sistemi qurulmur, sonradan çəkilən kommunikasiya xətləri də əlavə yükdür».

XS
SM
MD
LG