Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:07

'Siyasi faktor aradan qalxsa, dollar 1.90-1.95 manat olacaq'


Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev

Ölkənin inkişaf yolu, mövcud ictimai-siyasi durumun dəyərləndirilməsi, əhalinin kasıblaşması və dolların bahalaşması bu gün medianın aparıcı mövzusudur.

BƏNZƏRSİZLİK –MÜSTƏQİL İNKİŞAF

«Azərbaycan» qəzetində dərc edilən «Müstəqil inkişaf yolu» sərlövhəli məqalədə ölkənin son 25 ildə inkişafı dəyərləndirilir.

Dörd bölümdən ibarət məqalənin ilk hissəsində müəllif yazır ki, 1995-ci ildən Azərbaycanda hüquqi-siyasi və iqtisadi islahatlar Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının əsas xəttini təşkil edib: «Respublikamızın iqtisadi və demokratik inkişafı, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır».

İkinci bölümdə isə müəllif İlham Əliyevin 13 illik prezidentlik dövrünə dair düşüncələrini bölüşür. Müəllifə görə, İ.Əliyev hakimiyyətinin yürütdüyü siyasət ölkənin iqtisadi uğurlarına, sosial problemlərin həllinə, əhalinin alıcılıq qabiliyyətinin və rifahının yüksəldilməsinə yönəlib: «Respublikamızın davamlı iqtisadi inkişaf yolunda olması idarəçiliyin demokratik formasını möhkəmlətməyə əsaslı zəmin yaradır. İndiki məqamda ölkənin siyasi elitası qarşısında duran əsas vəzifələrdən biri iqtisadi nailiyyətləri yeni demokratik şüurun formalaşdırılması amilinə transformasiya etməkdir».

Üçüncü bölümdə də həyata keçirilən islahatlar və bunun ölkə həyatında əhəmiyyətindən bəhs edilir.

Sonuncu-dördüncü bölümdə isə Azərbaycanın dünyada yeri və rolu dəyərləndirilir: «Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir bir ölkə kimi tanıdıb».

İlham Əliyev
İlham Əliyev

SİYASƏT ŞILTAQLIQ MEYDANI DEYİL

Azadliq.info saytı «Dövlət idarəçiliyi kaprizli oğlanların şıltaqlıq yeri deyil» sərlövhəli məqalədə ölkədəki mövcud ictimai-siyasi durumu dəyərləndirir.

Müəllif öncə mövcud rəhbərliyin, yeri gəldi-gəlmədi, «Azərbaycanın öz yolu var, biz öz yolumuzla gedirik» bəyanına diqqət çəkir: «Mahiyyət etibarı ilə düz də deyirlər, öz seçdikləri yolla gedirlər – Azərbaycanda avtoritarizm quruculuğu yolu ilə. Əvvəl seçki sistemini tamamilə ələ keçirdilər, nəticədə ölkədə bir dənə də olsun legitim seçkili orqan yoxdur. Sonra dövləti vətəndaş cəmiyyətindən ayırdılar, kiçik istisnalar olmaqla bütün vətəndaş cəmiyyətlərini, qeyri-hökumət təşkilatlarını, siyasi partiyaları total nəzarət altına aldılar. Müxalifətin ölkənin siyasi həyatına təsir imkanlarını minimuma endirdilər. Oyuncaq parlament, üzüyola məhkəmə sistemi və bütün bunların nəticəsi olaraq hakimiyyətin bir əldə cəmlənməsinə nail oldular. Yəni, avtoritar rejim qurdular».

Müəllifə görə, bu il sentyabrın 26-da keçirilən referendumundan sonra isə ölkədə avtoritarizmdən monarxiyaya keçidin aralıq mərhələsi başlayıb. Yazıda vurğulanır ki, avtoritarizm xalqın mütləq əksəriyyətinin iradəsi əleyhinə qurulub, son prezident seçkisindəki 58 faizlik saxtakarlıq bunun əyani sübutudur. Yazıda qeyd edilir ki, avtoritar idarəetmənin sonu yoxdur: «Bunlardan da yaxşı, qat-qat artıq ağılla qurulan avtoritar sistemlər olub. Hamısının da aqibəti eyni cür olub-iflas».

Müəllifə görə, artıq ölkə şəxsi maraqlar və düşüncələr üzərindən idarə edilir: «Siyasət meydanı, dövlət idarəçiliyi kaprizli oğlanların şıltaqlıq yeri deyil».

Dəvəquşu. Karikatura
Dəvəquşu. Karikatura

DƏVƏQUŞU SİYASƏTİ

«Novoye Vremya» qəzetində isə «Yoxsul əhali iqtisadiyyata kömək edə bilməz» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, son iki ildə əhalinin alıcılıq qabiliyyəti düşüb. Üstəlik, həm mağaza və ticarət mərkəzlərində satılan malların çeşidində, həm də keyfiyyətində azalma var.

Yazıda qeyd edilir ki, neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına ağır zərbə vurub. Əhalinin real gəlirləri kəskin azalıb. Hökumət bu vəziyyəti xalqla müzakirə etmək əvəzinə mövcud problemləri ört-basdır etmək yolunu tutub: «Bizdə bu mövzuya açıq yasaq qoyulub. Hakimiyyəti əllərində saxlayanlar belə hesab edirlər ki, bizdə hər şey yaxşıdır, problem haqda danışmasaq, deməli, problem də yoxdur».

Amma müəllif hesab edir ki, dəvəquşu başını quma soxub gizlədən kimi, problemi görməzliyə vurmaq çıxış yolu deyil.

Yazıda deyilir ki, Azərbaycan hakimiyyətinin ölkə iqtisadiyyatının inkişafı haqda bəyanatlarına baxmayaraq, iqtisadiyyata sərmayə qoyuluşu azalıb: «Keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində iqtisadiyyata 12.7 faiz az sərmayə yatırılıb».

Müəllif vurğulayır ki, nominal olaraq əhalinin gəlirləri artır. Amma bu gerçək inflyasiya ilə müqayisədə çox azdır.

Manat/Dollar
Manat/Dollar

MANAT YENİDƏN UCUZLAŞIR...

Musavat.com saytında «Manat yenə ucuzlaşır – bəs səbəb...» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif son günlər manatın yenidən ucuzlaşmasını ekspertlərlə dəyərləndirir.

Ekspert Vüqar Bayramovun fikrincə, manatın güclənməsinin müvəqqəti olacağı əvvəlcədən proqnozlaşdırılırdı: «Manatın möhkəmlənməsi bir neçə həftə davam edə bilərdi. Əslində gözlənilən kimi də oldu. Bununla da təxminən bir aylıq möhkəmlənən manat iqtisadi səbəblərdən dollara qarşı yenidən dəyər itirməkdədir».

V.Bayramov deyib ki, dollara olan tələb artmaqda davam edəcək. Çünki idxal, xarici borc ödənişləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq.

Ekspert Natiq Cəfərli isə manatın ucuzlaşmasına belə şərh edib: «Belə anlaşılır ki, növbədənkənar prezident seçkisi olmayacaq və nəticədə manat yenə dəyər itirir. Neft isə son 2 gündə 52-53 dollara qədər bahalaşıb. Demək, bizim manat heç bir məntiqə uyğun «üzmür». Əgər siyasi faktor aradan qalxsa, ilin sonuna dollar 1.90-1.95 manat olacaq».

Ekspert Elşad Məmmədovun fikrincə isə, son günlər valyuta bazarında ABŞ dollarının bahalaşması meylləri xarici ticarət əməliyyatlarının və tədiyyə balansının strukturunda baş verən dinamika ilə bağlıdır. Onun deməsinə görə, hətta Neft Fondu belə manatı təzyiqlərdən uzun müddət qorumaq gücündə deyil.

XS
SM
MD
LG