Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:09

Odla su bir arada: Büdcə qurumlarında antikorrupsiya bölmələri yaradılır


Foto illüstrasiya
Foto illüstrasiya

Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə üçün bölmə yaradılır. Bu məqsədlə prezident «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna dəyişiklik təklif edib.

Dövlət qurumlarında çalışanlar korrupsiya ilə bağlı məlumatları bu səlahiyyətli bölməyə verəcək. Məlumat 20 iş günü müddətində araşdırılaraq nəticəsi bildiriləcək.

«BU, ƏLAVƏ XƏRCDİR»

«Büdcə təşkilatlarında yeni struktur – antikorrupsiya bölməsi yaradılması əlavə xərcdir». İqtisadçı Əli Hacıyev belə düşünür. O hesab edir ki, əlavə qurum yaratmaqdansa, hər şeydən öncə qanunların işləməsini təmin etmək gərəkdir.

«Büdcə təşkilatlarına ayrılan vəsaitin necə xərclənməsi ilə bağlı ciddi nəzarət mexanizmi, ciddi hesabat sistemi olmalıdır. Hesablama Palatası öz funksiyasını gücləndirilməli, səlahiyyəti artırılmalıdır. Bu olsa, əlavə bölmə yaradılmasına ehtiyac yoxdur», – iqtisadçı söyləyir.

Ə.Hacıyevin sözlərinə görə, əslində büdcə təşkilatları birbaşa Hesablama Palatasının nəzarəti altındadır: «Sadəcə, həmin nəzarəti lazımi səviyyədə həyata keçirmək, buna əlverişli şərait yaratmaq lazımdır».

Şəxsən siz korrupsiyaya qarşı mübarizədə nə edə bilərsiniz?

Şəxsən siz korrupsiyaya qarşı mübarizədə nə edə bilərsiniz?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

BÜDCƏ VƏSAİTİNƏ QƏNAƏT

İqtisadçı Vüqar Bayramov Əli Hacıyevdən fərqli olaraq, anti-korrupsiya bölmələrinin yaradılmasını normal sayır. O, Hesablama Palatasının texniki baxımdan büdcə qurumlarının hamısına nəzarət etməsinin mümkün olmadığını düşünür.

İqtisadçıya görə, büdcə təşkilatlarında əlavə bölmənin yaradılması artıq xərc tələb etsə də, daha məqsədəuyğundur: «Hesablama Palatası hər bir dövlət qurumunda birbaşa monitorinq həyata keçirə bilməyəcək. Onun işçiləri də azdır və texniki baxımdan bu, mümkün deyil».

V.Bayramovun fikrincə, indiki postneft dövrünün əsas məqsədi büdcə vəsaitlərinə qənaət etmək və xərclərin səmərəliliyinin artırılmasını təmin etməkdir: «Neft bumu dövründə büdcə qurumlarına ayrılan vəsaitin bir qisminin təyinatından yayındırması halları vardı, səmərəli və şəffaf xərclənmirdi».

«BÖLMƏLƏR MALİYYƏ NAZİRLİYİNƏ TABE OLMALIDIR»

İqtisadçıya görə, yeni yaradılan bölmələrin işinin nə qədər səmərəli olacağı yeni qurumun işinin necə qurulmasından və nəzarət mexanizminin necə həyata keçirilməsindən asılı olacaq.

V.Bayramov yeni bölmələrin Hesablama Palatası və ya Maliyyə Nazirliyinə tabe olması gərəkdiyini düşünür.

«Daha məqsəduyğundur ki, həmin bölmələr yaradıldıqları dövlət qurumlarının rəhbərliyinə tabe olmasın. Əksinə, kənar quruma – Maliyyə Nazirliyinə tabel olmalıdırlar. Maliyyə Nazirliyi həmin bölmələrə birbaşa nəzarət etsin ki, kənar nəzarət mexanizmi formalaşa bilsin. Yalnız bu halda büdcə qurumlarında korrupsiya ilə mübarizə aparıla bilər», – iqtisadçı bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG