Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:57

-

“Respublikaçı Alternativ” (ReAl) hərəkatı Konstitusiyaya dəyişikliklər üzrə referendumda təşviqat qrupu yaradılmasına maneələr törədildiyini bildirib.

ReAl-ın İdarə Heyətinin üzvü Erkin Qədirlinin Turan-a verdiyi məlumata görə, iyulun 29-da səhər Mərkəzi Seçki Komissiyasında (MSK) onların nümayəndələrinə bildiriş verməkdən imtina ediblər.

E. Qədirlinin deməsinə görə, MSK-dan ReAl nümayəndələrinə günün ikinci yarısında gəlməyi təklif ediblər. Amma onun sözlərinə görə, bu dəfə də onlara deyiblər ki, bildirişlər Dairə Seçki Komissiyalarına (DSK) paylanıb.

E. Qədrli deyir ki, bir sıra DSK-da bildiriş verməkdən imtina ediblər, bəzilərində isə bildirişləri, hələ, almadıqlarını söyləyiblər.

MSK-nın saytında da bildiriş yerləşdirilməyib.

“Belə görünür işi uzadırlar ki, imza toplamağa vaxt az qalsın. Qanuni müddət artıq başlayıb, amma biz işimizə başlaya bilmirik”, deyə Qədirli bildirib.

Buna da bax: 'Yayda kampaniya aparılması absurddur'

İmza vərəqələrinin təhvil verilməsi müddəti avqustun 22-də başa çatır.

ReAl hərəkatı Konstitusiyaya dövlət başçısının təklif etdiyi düzəlişlərin əleyhinə təşviqat aparmaq niyyətindədir.

Mərkəzi Seçki Komissiyası mövzunu şərh etmək istəməyib.

Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min seçicinin imzası təqdim olunmalıdır. Üstəlik, onlar da ən azı 60 seçki dairəsini əhatə etməlidir və hər birindən ən azı 100 imza olmalıdır.

Bütün ölkə boyunca təşviqat qrupunun yaradılmasının üstünlüyü ondadır ki, qrup İctimai televiziya və dövlət qəzetlərində pulsuz efir vaxtı əldə edir. Ancaq bu prosesə qoşulmaqdan ötrü də, ilkin olaraq 2 min imza təqdim edilməlidir.

Referendum sentyabrın 26-na təyin edilib.

Konstitusiyaya düzəlişlər prezidentin səlahiyyətlərinin genişləndirilməsini, ona parlamenti buraxmaq hüququ verilməsini, birinci vitse-prezident və vitse-prezidentlərin təyin edilməsini nəzərdə tutur. Bundan başqa, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılır.

Buna da bax: Hüquqşünas: "Həmin hakimlər monarxiyanı qanuniləşdirdilər"

Günün bütün mövzuları

XS
SM
MD
LG