Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08

“Bir gün bu bina uçacaq, altında qalacağıq”


►Qəzalı evlərdə yaşayan məcburi köçkünlər köçürülmələrini istəyirlər

“Bircə çıxış yolu qalır ki, bizi buradan köçürsünlər. Yoxsa bir gün bina uçacaq, altında qalacağıq”.

Bunu Bakının Xətai rayonunda qəzalı binalarda məskunlaşanlar deyirlər. Onlar 17 ildən çoxdur "3 nömrəli köhnə uşaq evi" adlanan 3 ikimərtəbəli qəzalı binada yaşayırlar. Deyirlər, binaların təmiri də mümkün deyil.

“YOXDAN EV QURDUQ”

Esmira adlı sakin söyləyir ki, məskunlaşdıqları binalarda əvvəlcə kimsəsiz uşaqlar yaşayıb:

"Əvvəl burda 4 bina var imiş. Mətbəxin yerləşdiyi 4-cü binada partlayış olub. Bunun nəticəsində həmin bina tamamilə dağılıb. Yerdə qalan 3 bina qəzalı vəziyyətə düşüb. Köhnə binadan bir az uzaqda yeni bina tikilib uşaqlar köçürülüncə, qəzalı binalar illərlə boş qalıb".

Esmira xanım bildirir ki, buranı yaşayış yeri halına gətirib yerləşənədək çox çətinliklərdən keçiblər:

"İllərlə boş qalıb əyyaşların, heyvanların yerinə çevrilib. Binaların içi qapqara his idi, üz qabığında olan daşlar sökülmüşdü. Bir sözlə, yaşayış üçün tam yararsız yer idi. Birtəhər özümüzə şərait yaradıb, yoxdan ev qurduq. Burada məskunlaşandan sonra öz vəsaitimiz hesabına müəyyən kommunal şərait yaratdıq. Çünki nə işıq, nə su, nə də qaz var idi".

Buna da bax: "Bu, əlil ailəsini ələ salmaqdır"

DEMƏK OLAR Kİ, BİNALAR ÇÖKÜR

Ceyran adlı sakin də binanın yaşayış üçün tam yararsız olduğunu deyir:

"Uzun illər boş qaldığı üçün bu binalarda heç bir təmir işləri aparılmayıb. Elə biz məskunlaşmazdan əvvəl də bu binaların divarlarında geniş çatlar əmələ gəlmişdi. 17 ildən çox vaxt keçdiyindən çatlar da çoxalıb və bura tam yararsız vəziyyətə düşüb. Demək olar ki, binalar çökür. Divarlar çat-çatdır. Yəni burada yaşamaq artıq dözülməz olub. Bina onsuz da qəzalı idi, illər keçdikcə vəziyyət daha da pisləşir".

Buna da bax: Azərbaycanın xarici borcu artır...

“BİZİMLƏ NİYƏ MARAQLANMADIQLARINI BİLMİRİK”

Tavar adlı sakin deyir ki, bir neçə dəfə gəlib onları siyahıya alıblar və köçürəcəklərini deyiblər, amma sonra səs-səmir gəlməyib:

"Burada 35-40 ailə yaşayır. Elə də çox deyilik. Bizimlə niyə maraqlanmadıqlarını, niyə köçürmədiklərini bilmirik. Bu ilin yayında dedilər ki, “I Avropa Oyunları bitəndən sonra köçürüləcəksiniz”. Həmin vaxtdan artıq 5 ay keçib. Binanın təmiri mümkünsüzdür, ancaq sökülüb yerində yeni bina tikilə bilər".

Tavar xanım bildirir ki, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə dəfələrlə məktub ünvanlayıblar:

"Yazmışdıq ki, “heç olmasa, buranı təmir edin”. Bildirdilər ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binaların təmiri həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Digər bir məktubumuza isə "Qaçqınkom"dan "adıçəkilən obyektin təmirinin mümkünlüyünə növbəti illərin təmir planı tutularkən baxılacaq" cavabı verildi. Fövqəladə Hallar Nazirliyindən də gəlib baxış keçiriblər. Müvafiq tədbir görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət olunduğunu dedilər, amma heç bir tədbir görülmədi".

Buna da bax: "Rafiq Tağı Mükafatı" təqdim edildi

KÖÇÜRÜLMƏ PROQRAMINA SALINIB

Xətai Rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, ərazidə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı Dövlət Komitəsinə məlumat verilib:

"Bu, İcra Hakimiyyətinin deyil, birbaşa "Qaçqınkom"un işidir. Biz də Dövlət Komitəsini məlumatlaşdırmışıq. Artıq o ərazi "Qaçqınkom"un köçürülmə proqramına daxil olub. Oradakı məcburi köçkünlər köçürüləcək. Amma nə vaxt köçürüləcəklərini bilmirik".

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsilə dəfələrlə əlaqə saxlasaq da, məlumat almaq mümkün olmadı.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG