Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:13

Mənzillərə sığınmış məktəblər


Mehdiabadda yerləşən "Gənclər şəhərciyi"nin məktəbi
Mehdiabadda yerləşən "Gənclər şəhərciyi"nin məktəbi

Binəqədi rayonu, Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış "Gənclər" şəhərciyində 6 ilə yaxındır ki, məktəbsizlik problemi var. Daha doğrusu, məktəb həm var, həm də yoxdur...

Məsələ bundadır ki, 30-dan çox beşmərtəbəli binanın yerləşdiyi şəhərcikdə ayrıca bir məktəb binası mövcud deyil. Burda nə bağça, nə poliklinika, nə də uşaqların oynayacağı, böyüklərin istirahət edə biləcəyi park gözə dəyir.

"Gənclər şəhərciyi"
"Gənclər şəhərciyi"

“HƏRƏ ÖZÜNƏ BİR MƏKTƏB AÇIB”

Şəhərcikdə Ağdam, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan məktəbləri fəaliyyət göstərir, ancaq onlar da mənzillərdə və binaların zirzəmisində yerləşir.

Samirə adlı sakin deyir ki, şəhərcik mərkəzi yoldan xeyli uzaqda yerləşdiyi üçün uşaqları hər gün Binəqədinin mərkəzindəki məktəbə aparıb-gətirmək əlverişsizdir: "Məktəb, bağça, poliklinikanın olmaması bizə problem yaradır. Aidiyyəti qurumlara ünvanladığımız şikayətlərə baxan yoxdur. Nə Təhsil Nazirliyindən, nə də “Qaçqınkom”dan normal cavab ala bilirik. Burada yaşayan məcburi köçkün rayonlarının hərəsinin bir məktəbi var. Özəl obyekt kimi hərə özünə bir məktəb açıb. Sadəcə, elə bil özlərinə bir yeyinti yeri tapıblar. Burada 6 məktəbin direktoru maaş alır. Belə etməkdənsə, bunu bir məktəbdə cəmləşdirsinlər. Bağça isə bir dənədir, o da özəldir. Hər ay 200 manat ödəyib uşağı o bağçaya necə göndərək?"

Nailə xanım deyir, əvvəl bir az səs-küy salan kimi yeni tikilən binalardan birini göstərirmişlər ki, “bu, məktəb binası olacaq”: "Sonra həmin binalar sakinlərə paylanırdı. 6 ildir ki, bu şəhərciyin məktəbi yoxdur. Buradakı "məktəbləri" istəməyənlər də uşaqlarını şəhər məktəblərinə aparır. Bunun üçün isə çox xərc tələb olunur. Demək olar ki, taksi sürücülərinin hamısı burdan şəhərə uşaq daşıyır".

“MƏKTƏB AB-HAVASI YOXDUR”

Buradakı məktəblər yaşayış binalarının kiçik otaqlarına sığışdırılır. Nailə xanım deyir ki, şagirdlər kiçik otaqlara yerləşmir.

“Burada məktəb ab-havası yoxdur. Zirzəmiləri, yaşayış binalarının birinci mərtəbəsini məktəb ediblər. Evlərin mətbəxində bir sinif otağı, dəhlizində başqa bir sinif otağı yerləşir. Elə sinif otağı var ki, kiminsə 3 otaqlı mənzilinin bir otağıdır. Ev sahibi mənzilin iki otağında özü yaşayır, bir otağı isə sinif kimi kirayə verib. Səhərlər uşaqlar həmin ev sahiblərini oyadırlar ki, “dərsə gəlmişik”. Burada "Həmrəy" kursu fəaliyyət göstərir. Düzdür, orada məktəb “havası” daha çox duyulur, amma yenə də çox deyil. Bapbalaca sinif otağında 19 uşaq dərs keçir. Əvvəllər orda abituriyent hazırlayırdılar. İndi isə 4-cü sinfə kimi dərs keçilir".

NƏ QƏDƏR KİTAB ALMAQ OLAR?!

Arzu xanımın uşaqlarından biri Zəngilan, digəri Füzuli məktəbində oxuyur: "İki uşağım burda oxusa da, birinci sinfə gedən oğlumu şəhər məktəbinə göndərirəm. Birinci sinfə gedən uşağı bu cür məktəbə necə göndərim? Bu şəraitdə keyfiyyətli təhsil almaq mümkündürmü? Dərs vəsaitləri almaq üçün nə qədər pul xərcləyirik. Keyfiyyət isə yox dərəcəsindədir. Normal şəraitli məktəb olsa, çəkdiyimiz xərcə də heyfimiz gəlməz. Amma bu cür məktəbə o xərci çəkmək istəmirik. Demək olar ki, dərslərin çoxu boş keçir. Hətta elə şagird var ki, 8 kitabı yoxdur. Nə qədər kitab almaq olar?! Kitabı biz almalı deyilik axı. Müəllim deyir ki, kitabı sinif yoldaşından alıb oxusunlar".

“KİMƏ SƏS VERİM?”

Nəzakət adlı sakin deyir ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkiyə getməyib: "Niyə səs verirəm ki?! Kim gəlib bizlə burda görüşüb, problemimizlə maraqlandı? Bəlkə gəlib dedi “sizə məktəb tikəcəm?” İmkanım səsimə çatır, onu da vermirəm. Məktəbi olmayan əraziyə nə deputat?".

Burada ayrı-ayrı bölgələrdən olanların məktəbləri kimi, deputatları da ayrıdır.

Füzuli rayon məktəbinin direktoru Rafiq Səfərov bu məktəbin şəhərcikdə həm böyüklüyünə, həm də keyfiyyətinə görə ən yaxşı olduğunu deyir: “1-ci sinifdən 5-ci sinfə qədər 8 sinif, iki 5-ci sinif "Həmrəy" kursunda birinci növbədə dərs keçir. Digər siniflər isə binalarda olan otaqlarda dərs keçirlər. Cəmi 14 sinif var".

Müəllimlər də şəhərcik uşaqları üçün ayrıca məktəb tikilməsini arzulayırlar.

“ORADA TƏHSİLDƏN KƏNAR QALAN YOXDUR”

Təhsil Nazirliyindən Azadlıq Radiosunun sorğusuna cavab olaraq bildirdilər ki, Mehdiabad qəsəbəsində məcburi köçkün rayonlarının məktəblərindəki dərslik təminatı ilə bağlı Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan 2 şikayət araşdırılıb və müsbət həll olunub.

Məktəb binasının olmaması məsələsinə gəlincə isə qurum bildirir ki, Mehdiabad qəsəbəsində məcburi köçkün ailələri üçün tikilmiş yaşayış massivinin sifarişçisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir və bu məsələ ilə bağlı həmin quruma müraciət etmək lazımdır.

Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun sözlərinə görə, həmin şəhərcik məcburi köçkünlər üçün salınmayıb, məcburi köçkünlər oradakı hazır binalara köçürülüblər: "Orada heç bir uşaq təhsildən kənarda qalmır. Eyni zamanda Mehdiabad qəsəbəsində olan məktəblərdə də təhsil ala bilərlər. Gələcəkdə orada yeni məktəb binasının tikiləcəyi ilə bağlı hazırda hansısa layihə yoxdur".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG