Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:23

Kinorejissor: 'Yeni qanun layihəsinin müsbət tərəfləri çoxdur'


Azərbaycan kinosu

Azərbaycan kinosu

“Bu tezislər qanunda olduğu kimi saxlansa, deməli, sponsorlar kino çəkməyə pul ayıracaqlar”, - kinoşünas Aygün Aslanlı Milli Məclisdə müzakirəsi gözlənən “Kinematoqrafiya haqqında” qanun layihəsini AzadlıqRadiosu-na şərh edərkən belə deyib.

Onun fikrincə, kino sahəsinə tətbiq edilən vergilər iş adamlarını film çəkilişlərini maliyyələşdirməkdən çəkindirirdi: “Kino çəkilişinə böyük vəsaitin tək mənbəyi dövlət idi, vergi də böyük idi”. Aygün Aslanlı ayrılan vəsaitdən bir neçə dəfə vergi ödəndiyini vurğulayır.

Buna da bax:​ 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

“Başqa ölkələrdən kirayəyə götürülürdü”

Kinoşünasın sözlərinə görə, özəl prodüser şirkətləri texniki avadanlıq alıb gətirməkdən də çəkinirdilər. Səbəb də o idi ki, onsuz da bahalı bu avadanlığa dəyərinin, az qala, üçdə biri qədər də gömrük rüsumu ödəmək lazım gəlirdi: “Bu üzdən, çəkilişlər üçün daha çox başqa ölkələrdən texniki avadanlıq kirayə edilirdi”.

Aygün Aslanlı deyir ki, qanun layihəsi tam təqdim olunmadığından, detalları bilmir: “Layihənin özünü görəndən sonra daha dəqiq fikir bildirmək olacaq, ancaq bu tezislər qanun kimi qəbul edilərsə, o zaman müstəqil kinonun inkişafından danışa biləcəyik”.

“Yeni qanun canlanma yaradacaq”

Əli İsa Cabbarov

Əli İsa Cabbarov

Yeni qanun layihəsinin müsbət tərəfləri çoxdur, kinoya da müsbət təsiri ola bilər, - kinorejissor Əli İsa Cabbarov belə düşünür. Onun düşüncəsinə görə, parlamentin kinoya vergi, gömrük güzəşti verilməsi təşəbbüsü film çəkilişlərini artıracaq, canlanma yaradacaq. Kinorejissorun fikrincə, qanun layihəsində təklif edilən “bir pəncərə” sistemi çəkilişlə bağlı texniki problemlərin həllini asanlaşdıracaq: “Təbii ki, bu qanun qəbul edilərsə, aktyor oyunu yaxşılaşmayacaq və ya ssenarilərin keyfiyyəti dərhal yüksəlməyəcək. Qanunun missiyası bu deyil, film sənayesinə dəstək verməkdir, bu da indi təklif edilən layihədə var”.

Buna da bax:​ Aygün Aslanlı. Hər gün öz peşəmə daha çox vuruluram

Qanun layihəsində kinematoqrafiya sahəsində film komissiyalarının yaradılması da nəzərdə tutulub. Film komissiyası Azərbaycanda audiovizual əsərlərin istehsalını dəstəkləyən publik hüquqi şəxs olacaq. Fəaliyyət "bir pəncərə" prinsipi əsasında qurulacaq və müraciət edən prodüserə audiovizual əsər istehsalında xidmətlər təqdim ediləcək.

“Film komissiyası senzura demək deyil”

Əli İsa Cabbarov film komissiyasını senzura saymır. Onun fikrincə, bu komissiya, sadəcə, ona üz tutan rejissora, prodüserə bölgələrdə çəkilişə yer tapmaqda yardım göstərəcək: “Senzura təhlükəsini görmürəm. Dünyanın hər yerində film komissiyaları var və kino istehsalçısına kömək edirlər. Film komissiyasının yardımından yararlanmaq məcburi deyil. İşi düzgün qursalar, film komissiyalarının kino sənayesinə müsbət təsiri olacaq”.

Əli İsa Cabbarov qanun layihəsində nəzərdə tutulan güzəştli kredit məsələsini real saymayaraq deyir ki, maliyyə bazarının indiki durumunda hər hansı bankın kino çəkilişi üçün rejissor və ya prodüserə güzəştli kredit verə biləcəyinə inanmır: “Bu, qanunda əksini tapsa da, bəlkə də çox illər sonra reallaşa bilər”.

Buna da bax:​ Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'

“Qazanmadan, 3 min vergi ödədik”

Parlamentin mədəniyyət komissiyasının üzvü Aqil Abbasın sözlərinə görə, güzəştli kredit məsələsi layihəyə salınsa da, hələlik, detallar bəlli deyil. Güzəştli kredit portfelinin dövlət büdcəsindən milli kino sənayesinə ayrılan vəsait, yoxsa bankların öz hesabına formalaşdırılacağı bilinmir. Ancaq Aqil Abbas əmin edir ki, qanun layihəsində yerli film sənayesini inkişaf etdirəcək bir çox detallar var: “Vergi güzəşti nəzərdə tutulur. Mənim “Dolu” ssenarim əsasında film çəkiləndə, dövlət büdcəsindən 1 milyon 500 min manat vəsait ayrılmışdı. Mənə 16 min manat qonorar verdilər, həmin qonorarın 3 minini vergi kimi dövlətə qaytardım. Yaradıcı heyətin digər üzvləri də öz qonorarından vergi ödədilər. Film qazandırmamış, vergi ödədik, amma indi filmin gəlirindən vergi tutulacaq”.

Aqil Abbasın fikrincə, xaricdən kinotexnika gətirilməsinin gömrük rüsumundan azad edilməsi film sənayesinin texniki imkanlarını genişləndirəcək: “Düzdür, indi 3 il müddət nəzərdə tutulub, amma inanıram ki, daha sonra bu müddət uzadılacaq”.

Buna da bax:​ ​Kinonun kölgədə qalan işçiləri prodüserlər - onlar kimdir?

“Mən hələ görmədim ki...”

Milli Məclis üzvü sözügedən qanun layihəsinin iş adamlarını film sənayesinı maliyyələşdirməyə həvəsləndirəcəyinə inanmadığını vurğulayır: “Mən hələ görmədim ki, sponsor hesabına film çəkilsin. Olub, kimsə 500 min verib ki, get film çək, onu da öz şöhrətinə edib, desinlər ki, məsələn, Aqil Abbas filmə sponsorluq edib. Dövlət puluna daha yaxşı film çəkmək olar”.

Kinematoqrafiya haqqında qanun layihəsi hələ plenar iclasda müzakirəyə çıxarılmayıb, Aqil Abbas deyir ki, müzakirə parlamentin 11 noyabr iclasına salınmasa da, yaxın vaxtlarda gözlənir.

XS
SM
MD
LG