Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:22

►Bakı Apellyasiya Məhkəməsi “Sepah”la əməkdaşlıq ittihamı ilə ömürlük həbsdə olanların cəzasını qüvvədə saxladı

Martın 29-da Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Hafiz Vəliyev və Ağamir Ağamirovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mirzəli Abbasov sədrlik etdiyi prosesdə şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin avqustunda çıxarılan hökmü qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, Ağamir Ağamirov və Hafiz Vəliyev İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Sepah”la məxfi əməkdaşlıq edib. Hər ikisi Azərbaycanın dövlət təhlükəsizliyinin zərərinə məlumatlar toplayaraq İrana ötürüblər. Eləcə də, İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “Sepah”la əməkdaşlığa cəlb ediblər.

3 AYDAN BİR “QONORAR” ALIB

Hökmdə qeyd olunur ki, Hafiz Vəliyev 2000-ci ildə “Hacı” ləqəbi ilə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub. Onu əməkdaşlığa İran vətəndaşı, Bakıda bizneslə məşğul olan və “Sepah” zabiti olan Riyazi Bəhmən cəlb edib. Hafiz Vəliyev həmin vaxtlar Bakıdakı müxtəlif sexlərə un məmulatları satırmış. Belə sexlərin birində o, Riyazi Bəhmənlə tanış olub. Bir neçə görüşdən sonra onların arasında yaxın münasibətlər yaranıb. R.Bəhmən ona “Sepah” əməkdaşı olduğunu, bizneslə bu fəaliyyətini pərdələmək üçün məşğul olduğunu deyib.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

İttihamnamədə daha sonra deyilir ki, o, Hafiz Vəliyevə əməkdaşlıq təklif edib, sonuncu bu təkliflə razılaşıb. Onlar birlikdə R.Bəhmənin 28 may küçəsindəki ofisinə gediblər və Hafiz Vəliyev orada İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan ötrü yazılı razılıq imzalayıb. Həmin illər ərzində o, “Sepah” zabitinin tapşırığı ilə müxtəlif adamları izləyib, materiallar toplayıb və ötürüb. Hər üç aydan bir “qonorar” alıb.

“İSRAİLƏ İŞLƏYƏNLƏR NAZİRLİKDƏ DƏ OLUR”

2003-cü ilin oktyabrında Hafiz Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində “Sepah” zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bir müddət sonra Əhməd Qaffari Bakıya gəlib və Hafiz Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.

Ağcabədi rayonundan olan Ağamir Ağamirov da həbs edilib. O, həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib. İfadəsində göstərib ki, Hafiz Vəliyevlə Yasamaldakı çayxanaların birində tanış olub. 2013-cü ilin yanvarında Hafiz ona zəng edərək həmin çayxanada görüşməyi təklif edib. Görüş zamanı Hafiz Ağamirə deyib ki, Bakıda keçirilən müxtəlif dini aksiyalarda İsrail dövləti günahkardır. Hafiz bildirib ki, belə adamlar, yəni İsrailə işləyənlər vaxtaşırı Müdafiə Sənayesi Nazirliyində də olur.

H.Vəliyev A.Ağamirovdan Müdafiə Sənayesi Nazirliyində işləyən İsrail vətəndaşlarının pasportlarının surətlərini və fotolarını ona ötürməyi xahiş edib. A.Ağamirov bu məsələdə Hafizə kömək etməyə razılaşıb.

MƏLUMATLARI SEPAH-A ÖTÜRÜBLƏR

Hökmə görə, bu şəxslər həm də Azərbaycan-İsrail münasibətləri barədə məlumatlar toplayıblar və həmin məlumatları “Sepah”a ötürüblər.

Bərdə sakini Hafiz Vəliyevi 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Axtarış zamanı onun üzərində noutbuk və fləş-kart aşkar olunub. Hafiz Vəliyevə məxsus “KİA Sorento” markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb.

Bir müddət əvvəl hər iki məhkum cəzanın həddindən artıq ağır olmasını əsas gətirərək və bəzi ittihamları qəbul etmədiklərindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişdi.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdi. Qərarla razılaşmayan məhkumlar Ali Məhkəməyə kassasiya şikayəti vermişdilər. Ali Məhkəmə də onların apellyasiya şikayətinə yenidən baxılması barədə qərar qəbul etmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi bu dəfə də şikayəti təmin etmədi.

İttihamnamədə qeyd olunanlarla bağlı təqsirləndirilən şəxlərin özlərinin və vəkillərinin nə düşündüyü haqda məlumat yoxdur.

Buna da bax: Bakı Venesiyaya "bənzəyir"

Günün bütün mövzuları

XS
SM
MD
LG