Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:08

ABŞ və Rusiya “ortaq terrorçu siyahısı” barədə razılığa gəlib


ABŞ dövlət katibi John Kerry prezident Putinlə görüşünün ardınca deyib ki, tərəflərin İŞİD məsələsində mövqeləri yaxınlaşıb

ABŞ dövlət katibi John Kerry Moskvanı Suriyada mötədil müxalifətə hava zərbələri endirməməyə çağırıb.

ABŞ dövlət katibi John Kerry Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra bildirib ki, Birləşmiş Ştatlar “İslam Dövləti” adlı ekstremist qruplaşmaya qarşı Rusiya ilə birlikdə mübarizəni davam etdirməyə hazırdır və bu iki ölkənin ümumi fəaliyyəti hazırda çox səmərəli şəkildə gedir.

John Kerry: Biz Rusiyanın bəzi aviasiya zərbələrinin İŞİD-ə yox, mötədil müxalifətə endirilməsindən narahatlığımız barədə söhbət etdik

"Həqiqətən də biz bəzi razılaşma nöqtələri tapdıq və terrorçu qruplaşmaların təsnifatı məsələsindəki çətinliklər barədə danışdıq” – deyib Kerry.

Eyni zamanda John Kerry ABŞ-ın Rusiya hərbi aviasiyasının Suriyada müxalifətə zərbələr endirməsindən narahat olduğunu bildirib.

"Biz Rusiyanın bəzi aviasiya zərbələrinin İŞİD-ə yox, mötədil müxalifətə endirilməsindən narahatlığımız barədə söhbət etdik. Demək lazımdır ki, prezident Putin bu məsələni diqqətə aldığını bildirdi” – deyib ABŞ dövlət katibi.

Xəbər verilir ki, John Kerry-nin Vladimir Putinlə və xarici işlər naziri Sergey Lavrovla görüşü ümumilikdə 3 saatdan çox çəkib.

ABŞ və Rusiyanın “vahid terrorçu siyahısı”

Bu səfər zamanı John Kerry ABŞ-ın, Suriya prezidenti ilə bağlı mövqeyini bir daha səsləndirib və bildirib ki, Bashar al-Assad hakimiyyətdə qala bilməz.

“Biz hesab edirik ki, Assad gələcəkdə Suriyanın prezidenti olaraq qala bilməz, lakin biz bu gün diqqətimizi aramızdakı fikir ixtilaflarına yox, siyasi prosesə yönəltmişik” – deyib dövlət katibi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kerry ilə danışıqlarda tərəflərin Suriyaya dair Vyana razılaşmalarına sadiq qaldıqları təsdiq edilib.

Rusiya xarici işlər naziri bəyan edib ki, dövlət katibi ilə danışıqlarda, terrorçu hesab olunan təşkilatların ortaq siyahısının və danışqılarda iştirak edəcək Suriya müxalifəti nümayəndələrinin namizədliyinə dair müzakirələr aparılacağı barədə razılaşma əldə olunub.

Moskvada səfərdə olduğu saatlarda John Kerry, ABŞ-ın Rusiyadakı səfiri John Teft və öz müavini Victoria Nulandın müşayiəti ilə Köhnə Arbat küçəsində gəzintidə olub, moskvalılarla söhbət edib və 35 min rublluq (500 dollar) suvenir alıb.

XS
SM
MD
LG