Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:11

Kerç körpüsündə köləlik


Kerç körpüsünün tikintisi
Kerç körpüsünün tikintisi

Rusiyanın Çelyabinsk vilayəti sakini Vyacheslav Abdullin evinə 600 km-lik yolu pay-piyada qayıdıb. Krımdan - Kerç körpüsünün tikintisindən dönürmüş. Cibində pulu olmadığından yolda əlinə və dişinə keçənləri, ən çox da yol qırağında bitənləri yeyib:

«ORADA İŞLƏMƏYİN NƏ MƏNASI VAR?»

«Sadəcə, çıxıb qaçdım, axı oradan işləməyin nə mənası? «Atırlar» adamlara. Tikintiyə göz qoyan yoxdur. Sanki qulsan və gün çıxandan gün batana işləməlisən. Nə dura bilirsən, nə də otura... Lap tikinti materialı gətirilənəcən yarım saat gözləməli olsan da, dayana bilməzsən, dayansan, səni işdən çıxararlar. Otursan, yenə çıxararlar. Nəsə eləməlisən, istəyirsən taxtaları ora-bura daşı. Gərək həmişə məşğul olasan. Bir az oyan-buyan eləsən, qovacaqlar. İş geyimini əyninə alıb, istidə-bürküdə işləməlisən. Su yox, heç nə yox. Su gətirməsələr, su içməyə yer də yox».

ARVADI VƏ 3 QIZI VAR

Vyacheslav-ın Zlatoust şəhərində arvadı və üç qızı var. Ailə kiçicik bir otaqda yaşayır. Bura da özlərinin deyil. Keçən payız evləri yanandan sonra tanışları onları öz evinə buraxıb. Ev növbəsinə dura bilmələri üçün aylarla sənəd yığmalı olublar. Adları iki ev növbəsinə salınıb, birində 5-cidirlər, o birində 1144-cü. Avqustun sonunda Abdullin-lər indi qaldıqları evi tərk etməlidirlər, çünki ev yiyəsi onu tələbələrə kirayəyə verib. Vyacheslav-la arvadı Oksana ikiotaqlı mənzil kirayə tutmaq istəyirdilər. Ailənin başçısı Kerç körpüsünün tikintisində işləməyə də kirayəpulunu qazanmağa getmişdi. O, doğma şəhərində ayda, vur-tut, 10-12 min rubl (150-180 dollar və ya təxminən 230-270 manat – red.) qazana bilirdi.Krımdasa bundan 5 dəfə çox - təxminən 50 min rubl ödəməyə söz vermişdilər. «Liberti» şirkətinin iş elanı yerli televiziyada getmişdi.

SƏN SAYDIĞINI SAY, GÖR ŞİRKƏT NƏ SAYIR...

Vyacheslav şirkətə zəng vuranda, ayda 5 min rubl (76 dollar və 110 manata yaxın – red.) gündəlik xərc verəcəklərini də demişdilər. Təmiz 47 min rubl da (710 dollar və ya təxminən 1030 manat – red.) maaş alacağını söyləmişdilər. Bundan başqa, gündə iki dəfə yemək, yolpulu, iş geyimi və qalmağa yer də veriləcək, bütün bunlar maaşdan çıxılmayacaqdı. Hər halda şirkətdən belə demişdilər: «Ancaq gəlib çatandan bir həftə sonra məlum oldu ki, hər şeyi maaşdan çıxırlar. Mən orada daha öncə bu şirkətdə çalışan adamlarla danışdım, o vaxt şirkətin adı başqa olsa da. Sən demə, bu şirkət təkcə bir ilin içində adını 8 dəfə dəyişibmiş. Çox yerə, əsasən, körpü salmağa adam toplayan şirkətdir. Yadınızdadırsa, olimpiadaya hazırlaşarkən, Soçidə də irimiqyaslı tikinti vardı. Orada da adamlara kələk gəlmişdilər. Bax orada indi Samara vilayətindən gələn bir qoca kişi yaşayır. Çıxıb evinə gedə bilmir. O da «Liberti»nin toruna düşüb. Muzdurluq edir, yer süpürür, yemək və evpulunu ödəməyəqazanc axtarır. Qaldığı evə gündə 300 rubl (4,5 dollar – təxminən 7 manata yaxın –red.) verir. Pensiyasının gəlməsini, evdən ona yolpulunun göndərilməsini gözləyir. İşə ara verilərkən, o da dənizə - dincəlməyə gedib. Nə soyunub, nə də çimib, eləcə üzüb-keçən gəmi-bərələrə baxıb. Buna görə onu işdən qovublar. Pulunu da verməyib, fırıldaqçılar. O, 2 həftə ard-arda və hər növbədə 11 saat qan-tər tökərək işləyib.Saatına 130 rubl (2 dollar – 3 manatdan bir az çox –red.) söz veriblər. Günə 1400 rubl (21 dollar – təxminən 32 manat – red.) qazanırmış. İndi ona 15-16 min rubl (225 - 240 dollar, təxminən 360-380 manat – red.) ödənməlidir, ancaq kimdir ödəyən», - Vyacheslav belə deyir.

ANCAQ TƏK O YOX, ÇOXLARI EVİNƏ QAYITMIR

Kiminin qayıtmağa pulu yoxdur, kimi də ona çatacaq pulu alacağına ümid edir:

«Axı onların hamısı uzaqdan gəlir, indi şəhərlərdə iş azdır.Elələri vardı ki gəlincə, işin nə yerdə olduğunu anlayır və ertəsi gün geri qayıdırdı. Söhbət qayıtmağa pulu olanlardan gedir, əlbəttə. Pulu olmayanlar da neyləsinlər? Tutalım, mən yola dözümüm var, günlərlə ac-susuz qala bilərəm. Axı başqası bunu bacarmır. Kimisi yolu piyada getməyə də qorxur, gecə magistral yolda nə desən ola bilər. Bax elə bu üzdən onlar orada işləyirlər».

Vyacheslav Abdullin və qızları
Vyacheslav Abdullin və qızları

«SİZİ BURAYA GƏTİRƏN PULUNUZU DA VERSİN»

Vyaçeslav ağına-bozuna, təhlükəsinə baxmadan, tikintidəhər cür iş görməli olub:

«Qaldırıcı kran meydançalarının altında metal konstruksiyalar yığırdıq. Qasırğada da çalışırdıq. Nə sığorta var, nə bir şey. Güclü fırtınada da dırmaşıb konstruksiyanı yığırdıq. Qaynaqçılarsa qaynağını edirdi. O konstruksiyanı, demək olar, yalın əllə yığmışıq. Hündürlükdə işləyirdik, axı. Elə bir xilasedici jilet verirdilər ki, heç jiletə də oxşamırdı. Sığortadansa söhbət gedə bilməzdi. Sənin hansı şəraitdə işləyəcəyin heç kimin vecinə deyildi. İşi görmədinsə, dərhal qovurdular. Biz ustaya bildirdik ki, gedirik, daha işləməyəcəyik. O da dedi ki, mənə fərqi yoxdur, gedirsiniz-gedin. Soruşdum ki, bəs pulumuz necə olacaq? O da dedi ki, sizi buraya gətirən pulunuzu da versin. Bizi gətirəni necə tapacaqsan, axı... Zəng vururam, heç dəstəyi götürən yoxdur».

Vyacheslav-la birgə yerlisi Aleksei Loginov da evə qayıdıb. Usta vəzifəsində çalışan Loginov-u səbəb göstərmədən işdən çıxarıblar.

TƏCİLİ PUL LAZIMDIR

Vyacheslav danışır ki, əvvəlcə Tamaniyədək bərə ilə gəliblər, sonra piyada, bəzən yoldan ötən maşınlara miniblər. Yolda təzə salınmış meşələrdə gecələyib, yol qırağında bitən qarğıdalı, gilas, alma, bir sözlə, əllərinə keçəni yeyiblər. Rostov vilayətinə çatanda, arvadı ona pul göndərib, o da əvvəl Penzaya, oradan da evə gələ bilib.

Vyacheslav Abdullin Kerç körpüsünün tikintisində işlədiyi bir ayın maaşını almaq üçün bütün qanuni yollara əl atacağını deyir. Ailəsinə təcili pul lazımdır. O, yaxın günlərdə prokurorluğa gedəcək. Aleksei Loginov da maaşını ala bilməyib. Ancaq o bu məsələdə ədalətin bərpa oluna biləcəyinə inanmır. Evə gələndən bəri qızdırmadan yatır. Açıq havada yatmaqdan soyuqlayıb. Nə «Liberti»yə, nə də hüquq-mühafizə strukturlarına zəng vurmaq fikrindədir. Deyir ki, Krıma səfərini mümkün qədər tez unutmaq istəyir:

«YERİNƏ 20 NƏFƏR GƏLƏCƏK...»

«Orada insanlara çox pis münasibət var. Adamları adam yerinə qoymurlar, onlarla heyvandan betər davranırlar. Günboyu oturmaq, siqaret çəkmək, fasiləyə çıxmaq da mümkün deyil... Adamları dəstə-dəstə işdən qovurlar. Özü də utanmadan deyirlər: «Biz sənə demişdik. Cürətin varsa, sözümüzə baxma, ağzını açsan, səni qovacağıq. Yerinə də 20 nəfər gələcək»... Heç nəyə görə işdən qovurlar. Kerç körpüsündə bütün iş elə bunun üzərində qurulub. İnsanları işdən qovurlar, onlara görə pul alırlar, müavinət yox, dotasiya yox. İnsanları, sadəcə, evlərindən çox uzaqda olduqlarına görə sındırmağa çalışırlar. Onların da evə qayıtmağa pulu yox, neyləsinlər?!. İnsanları ələ salırlar...».

ABONENT MÖVCUD DEYİL?

Aleksei ilə Vyacheslav-ın «Liberti» şirkətiylə bağladıqları əmək müqavilələri də Krımda qalıb. Onları tikinti meydançasına atınca, müqavilələrini əllərindən alıblar. Şirkətə də zəng çatmır. İnternetdə göstərilən tək telefon nömrəsi söndürülüb. Avtocavab cihazı isə bildirir ki, «abonent mövcud deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG