Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:13

İmam Hüseynin qırx mərasimi dünyada ən böyük yürüşlərdən biri oldu


İraqın Kərbəla şəhərində Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qırx mərasimi (AFP)

İraqın Kərbəla şəhərində Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qırx mərasimi (AFP)

Milyonlarla şiə müsəlman İraqın Kərbəla şəhərində Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qırx mərasimi münasibətilə dünyada ən böyük yürüşlərdən birini gerçəkləşdirib.

Şiələr 680-ci ildə qətlə yetirilmiş dini liderin "Arbain" adlanan qırx mərasimini qeyd etmək üçün Bağdadın 100 kilometr cənubunda yerləşən Kərbəlaya üz tutublar.

Aramsız insan axını İmam Hüseyn və qardaşı Abbasın məqbərələrini ziyarət edib. Onlar Əməvi hakimi Yezid-ə qarşı üsyan qaldırdıqlarına, Əməvi xilafətinə tabe olmaq istəmədiklərinə görə qətlə yetiriliblər.

Buna da bax:​ Azərbaycanlı zəvvarların sərhəddə saxlandığı bildirilir

Aralarında 3 milyon əcnəbi var

Kərbəla əyalət şurasının rəhbəri Nusayyef al-Khattabi bir neçə gün ərzində gələn ziyarətçi sayının “17 milyondan 20 milyonadək olacağını" gözləyirmiş. Onların arasında 3 milyon əcnəbi var. Gələn əcnəbilərin əksər hissəsi olan iranlılar sərhədi bir neçə gün əvvəldən keçməyə başlayıblar.

Bir çoxları bu ziyarəti piyada gerçəkləşdiriblər. İŞİD-in nəzarətindəki ərazilərin yaxınlığından keçmələri, bu qisasçı qruplaşmanın əvvəllər də ziyarətçilərə dəfələrlə hücum etməsi onları bu yoldan döndərməyib.

İŞİD-in son hücumunda Kərbəlada Arbain ziyarətindən geri dönən 80-dək şiə müsəlman qətlə yetirilib.

Şiə müsəlmanları kafir və mürtəd elan edən İŞİD İraq və Suriyada xilafət yaratmaq uğrunda mübarizəsində onları hədəf seçib.

Buna da bax: Astarada qadağalarla Aşura mərasimi...

İŞİD bu ərazilərə tez-tez hücum edir

Builki ziyarət yürüşü boyunca 24 min əsgər və polisin cəlb edildiyi irimiqyaslı təhlükəsizlik əməliyyatları həyata keçirilib. Bu əməliyyatlar İŞİD-in sonuncu əsas yuvası olan Mosul və çevrəsindəki yaraqlıların Arbain mərasimindən yararlanıb Bağdad və Kərbəlaya hücumunu önləmək məqsədi daşıyıb.

Kərbəla yaxınlığındakı Ənbar səhrası lap bu yaxınlaradək İŞİD-in nəzarətində olub. Cihadçılar hələ də bu ərazilərə tez-tez hücum edirlər.

Ötən həftə bir sui-qəsdçi Kərbəla yaxınlığında hücum çəkərək, 6 nəfərin həyatına son qoyub. "İslam dövləti" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Beləliklə, son illərdə gerçəkləşdirilən Arbain ziyarəti İŞİD terrorçularına etiraz aksiyasına da çevrilib.

Buna da bax:​ Astara gömrüyündə zəvvarları daşıyan avtobusların növbəsi yaranıb

“Allaha dua edirik ki…”

Zəvvar Jaber Kadhem Khalif deyir: "Arvadım və üç oğlumla birlikdə Bəsrədən piyada gəldim... Bu, üçüncü dəfədir. Biz 13 gün əvvəl çıxdıq və bazar günü axşam Kərbəlaya çatdıq".

40 yaşlı Khalif İŞİD-lə vuruşmaq məqsədilə cəbhə xəttinə toplaşan on minlərlə insandan ibarət Hashed al-Shaabi partizan qrupu üçün dua edəcəyini söyləyir.

Umm Ali isə ərsiz gəlib. Əri ön cəbhədəki təhlükəsizlik qüvvələrinin tərkibində döyüşür.

İraqın Kərbəla şəhərində Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qırx mərasimi (AP)

İraqın Kərbəla şəhərində Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qırx mərasimi (AP)

“Oğlum və iki qızımla gəlmişəm. Samavadan Nəcəfə minik maşını ilə, Nəcəfdən Kərbəlaya piyada gəldim. Ərimin sağ-salamat dönməsi üçün dua edəcəyəm… Allaha dua edirik ki, bizə DAEŞ (İŞİD-in ərəbcəsi) üzvləri ilə mübarizədə yardımçı olsun. Mosulu azad etməyimizə kömək olsun və siyasətçilərimizin yadına salsın ki, bu qədər qurbanlar verən insanlar var", - 45 yaşlı qadın belə deyir.

Buna da bax:​ Hökumət Aşuranın küçələrdə keçirilməsini qadağan edir - səbəbi ekspert şərhlərində

“Təəssüf ki, bəzi media qurumları…”

Kərbəlaya Arbain ziyarəti dünyadakı ən böyük mərasimlərdən biridir, hətta Həcc ziyarətindən də böyükdür. Məkkəyə Həcc ziyarətinə yalnız 1,5 milyon adam qatılır. Ancaq nədənsə Arbain ziyarəti Qərbdə bir o qədər də tanınmır.

Britaniyada Arbain yürüşünün təşkilatçıları mərasimin əsas media qurumlarında necə işıqlandırılmamasından narazılıqlarını dilə gətiriblər.

Ötənilki mərasimdə könüllü olmuş Mohammed Al-Sharifi-nin fikrincə, bunun səbəbi olayın yetərincə maraqlı olmamasıdır:

"Təəssüf ki, bəzi media qurumları, müəyyən mənada, bölücü mahiyyət daşıyan xəbərlərə üstünlük verirlər. Bir qrup müsəlman yaxşı bir iş görsə, bu barədə məlumat verilmir, yaxud onların dini mənsubiyyəti göstərilmir. Yox, əgər kimsə pis bir iş görsə, bu barədə xəbər ön səhifəyə çıxarılır və həmin şəxsin dini mənsubiyyəti də vurğulanır".

“Hüseynin zorakılığa boyun əyməmək qərarı…”

İngiltərə İslam Mərkəzinin direktoru doktor Mohammed Shomali deyir ki, İmam Hüseynin verdiyi qurban və onun nəcib mesajı İslamda sülh və gözəl məziyyətləri tərənnüm edir: “Məhz buna görə də qeyri-müsəlmanlar və müxtəlif məzhəbləri təmsil edən müsəlmanlar birlikdə İraq və dünyadakı tədbirlərə toplaşa biliblər. Hüseynin zorakılığa boyun əyməmək qərarı bütün bəşəriyyətin təkrarlaya biləcəyi hünər örnəyidir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG