Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:37

'Daha vurmayın, görmürsünüz, ağzımdan qan gəlir?'


Qətldə şübhəli bilinən polis

Qətldə şübhəli bilinən polis

Ukraynanın Nikolayev vilayətinin Krivoye Ozero kəndində 100-ə yaxın yerli sakin 6 polisi linç etməyə cəhd göstərib. Polislər kəndin 31 yaşlı sakinini öldürməkdə təqsirləndirilirlər.

Həmin polislərdən üçünə qarşı rəsmi ittiham irəli sürülüb. Aleksandr Priçipoyde adlı polis əməkdaşı haqqında məhkəmə artıq bir ay müddətinə həbs-qətimkan tədbiri də seçib.

Əsas şübhəli şəxs polis serjantı Denis Lyaxvatski sayılır. Kənd sakininə məhz onun atəş açdığı bildirilir.

Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün Facebook səhifəsində rayon polis şöbəsinin tamamilə buraxılıb yenidən təşkil olunacağını yazıb. «Cinayətkar və hüquqazidd hərəkətlərdə əli olan bütün polislər hakim qarşısına çıxarılacaq. Polis formasını təmizə çıxarmaq cəhdindən söhbət gedə bilməz», – deyə o bildirib.

YERLİ MEDİANIN VERSİYASI

Bəs hadisə necə olub? Avqustun 24-nə keçən gecə Krivoye Ozero kəndinin sakini Aleksandr Tsukerman həyat yoldaşı ilə mübahisə edib. O, evdən çıxıb maşınında yatıb. Həyat yoldaşı isə polisə zəng edib ondan şikayətlənib. Qadının polisə zəngindən sonra evə üç polis gəlib. Polislər Aleksandr Tsukermanımaşınından çıxarıb qollarını qandallayıblar. Sonra daha üç polis gəlib. Aleksandrı anasının, həyat yoldaşının və 13 yaşlı oğlunun gözləri qarşısında vəhşicəsinə döyüblər. Görəndə ki, onun vəziyyəti pisləşir, təcili yardım çağırıblar. Həkimlərin əlindən ölüm faktını təsdiqləməkdən başqa bir şey gəlməyib.

Mərhumun anasının sözlərinə görə, Aleksandr bir ara «daha vurmayın, görmürsünüz, ağzımdan qan gəlir?» – deyə zarıldayıb.

Aleksandr Tsukermanın meyiti

Aleksandr Tsukermanın meyiti

POLİSİN VERSİYASI

Nikolayev rayon Polis İdarəsinin məlumatına görə, polis əməkdaşları Aleksandr Tsukermanın evinə iki fərqli müraciət əsasında gəliblər. Müraciətin biri həyat yoldaşından, digəri yerli taksi sürücüsündən daxil olub. Taksi sürücüsü mərhumun onu döydüyünü və içində 500 qrivna olan çantasını aldığını iddia edib.

Məlumatda deyilir ki, Tsukerman polisə müqavimət göstərdiyindən, ictimai təhlükənin səviyyəsini nəzərə alaraq, polislər fiziki tədbirlər görməli olublar.

Polisin məlumatına görə, mərhum qanun keşikçilərinin qarşısına əlində bellə çıxıb. Onları 30-40 metr qovub. Bundan sonra polis xüsusi vasitədən istifadə etməli olub.

RƏSMİLƏRİN REAKSİYASI

Qətli Ukrayna Milli Polis Aparatının mərkəzi komissiyası araşdırır.

Ölkənin baş prokuroru Yuri Lutsenko Facebook səhifəsində bildirib ki, polislərin həbsi barədə qərarı məhkəmə verəcək. «Ekspertiza göstərir ki, döyməkdən savayı, polislər qandallanmış şəxsə travmatik tapançadan atəş açıb», – deyə o, əlavə edib.

MƏRHUMUN HƏMKƏNDLİLƏRİNİN REAKSİYASI

Baş verənlərdən sonra həmkəndliləri mərhumun evinin qarşısına yığışmağa başlayıblar. Pervomaysk şəhərinin polisləri mərhumun nəşini ekspertizaya aparmaq istəyəndə, sakinlər onlara etibar etmədiklərini əsas gətirərək, buna imkan verməyiblər. Meyiti Nikolayev polisinin aparmasını istəyiblər.

Onların bu tələbi yerinə yetirildikdən sonra kəndlilər bu dəfə şübhəli 6 polisin saxlanıldığı rayon prokurorluğu binasının qarşısına gəliblər. Həmin polisləri Nikolayev təcridxanasına aparmaqdan ötrü avtobusa mindirəndə, kəndlilər onları linç etməyə cəhd göstəriblər. Qəzəbli kütlə həm şübhəli polisləri, həm də onları müşayiət edən başqa polisləri vurub. Polisləri aparacaq avtobusu çevirməyə çalışıblar.

Hay-küyə rayon prokurorunun müavini Stepan Bojilo, rayon polis rəisinin müavini Artur Kasparov da gəlib. Onlar kəndlilərlə söhbət edib, istintaqın tam şəffaf və ədalətli aparılacağına söz veriblər. Yalnız bu söhbətlərdən və vədlərdən sonra durumu nisbətən nəzarətə almaq mümkün olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG