Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:14

'Putin klassik diktator deyil, 'xaç atasıdır''


Garry Kasparov
Garry Kasparov

Şahmat üzrə 13 dünya çempionu Garry Kasparov «Bolotnaya işi», repressiyalar və ifadə verməyə çağrılandan sonra Putin Rusiyasına qayıtmayıb və artıq dörd ildir ki, xaricdə yaşayır. Kasparov Vilnüsdə keçirilən Azad Rusiya Forumu zamanı AzadlıqRadiosunun rus xidmətinə müsahibə verib.

BİR NƏFƏRİN HAKİMİYYƏTİ

«Putin diktaturası kimi diktaturaya daxildən təsir etmək olmur, çünki onun bütün ictimai proseslər üzərində tam nəzarəti var. Rusiyada bu gün istənilən ictimai-siyasi proses Kremlin total nəzarətindədir. Hansısa proses baş verirsə, deməli, o, Kremlə sərf edir. Onların ictimai reaksiyadan qorxduqlarına görə kimisə sıxışdırmaması, həbs etməməsi barədə deyilənlər, sadəcə, gülməlidir. Ukraynada baş verənlərdən, Krımdan, Hələbin bombalanmasından sonra aydındır ki, heç nə onların vecinə deyil», - Kasparov deyir.

Onun sözlərinə görə, bu gün Putin diktaturası tamamilə formalaşıb: «Artıq klassik diktaturanın bütün elementləri yaranıb – bir nəfərin hakimiyyəti, rəhbər, fürer... Bu, faşist ideologiyasının açıq yararlandığı ünsürlərdir... Xarici aqressiya, qonşu ölkələrin ərazilərinin ilhaqı, azad dünya ilə qarşıdurma, münaqişə dərəcəsinin daim artması. Artıq Krım və Krım tatarlarının durumuna baxanda, bu xalqa qarşı soyqırımının başlanğıcından danışmaq olar».

Garry Kasparov-un sözlərinə görə, narazılıq dalğasının demokratik yolla hakimiyyətə gətirdiyi diktator əvvəlcə iqtisadiyyatı, yaşayış şəraitini yaxşılaşdırma təsəvvürü yaradır. Ancaq gec-tez, bu proses başa çatır.

QƏRBLƏ QARŞIDURMA

«İqtisadi dövr bitəndən sonra ...paradiqma dəyişikliyi baş verir və iqtisadi prioritetləri düşmən obrazı, qarşıdurma əvəzləyir. Çünki xarici aqressiya rəhbər imicinin saxlanmasının yeganə yoldur. Əvvəlcə ölkənin daxilindəki düşmənlər təmizlənir və... ölkədə siyasi məkanın təmizlənməsindən sonra diktatorun əlindəki imkanlardan asılı olaraq, ölkə xaricində gərginlik ocaqları yaradılır. Təəssüf ki, Putin-in əlində belə imkanlar çoxdur. Ona görə də Putin-in xəritədə özünə yeni münaqişə zonaları axtarıb-axtarmayacağını yox, bunu konkret olaraq harada edəcəyini düşünmək lazımdır. ...Bu mənada, Qərblə qarşıdurma onun ümdə vəzifəsidir. Çünki özünün güclü siyasətçi, rəhbər, ölkəni xarici təhlükələrdən qorumağa qadir olan yeganə adam imicini saxlamaqdan ötrü Avropa və Amerika ilə qarşıdurma rejimi... daim öz üstünlüyünü nümayiş etdirmək zəruridir. Tutalım, Obama dedi ki, Assad getməlidir, Putin göstərəcək ki, Obama-nın sözləri heç nə demək deyil. Bu, əslində, təkcə Yaxın Şərqdə və dünyada yox, Rusiyada da nəhəng nüfuz potensialını göstərir», – Kasparov deyir.

Azad Rusiya Forumu
Azad Rusiya Forumu

CLINTON PREZİDENT OLARSA...

Kasparov hesab edir ki, Hillary Clinton ABŞ prezidenti olarsa, Rusiyaya qarşı yetərincə sərt mövqe tutacaq, çünki Qərb Rusiyaya bütün mümkün güzəştləri artıq edib: «Ancaq digər tərəfdən, bu, siyasi sistemlər vasitəsilə təsir göstərmək imkanlarını itirmiş Putin-in qarşıdurmanı yeni səviyyəyə qaldırmaq üçün ənənəvi KQB metodlarına, birbaşa hərbi gücə əl atması demək olacaq. Onun bunu edəcəyi qaçılmazdır... Çünki durum nə qədər gərginləşsə, nə qədər çox münaqişə yaransa, bulanıq suda balıq tutmaq imkanı bir o qədər çox olur. Putin anlayır ki, Avropa Birliyi, NATO onillərlə Avropa və başqa regionlarda sülhün qorunmasının əsasını təşkil etmiş institutlardır... AB-nin, NATO-nun, Qərb demokratiyalarının zəifləməsi diktatorlara öz oyunlarını oynamağa yeni imkanlar verir».

XAÇ ATASI

«Ukraynada müsbət dəyişiklik biz, Rusiyada dəyişiklik istəyənlərdən ötrü son dərəcə arzuolunandır. Çünki bu, mental olaraq tarixən Rusiyaya... yaxın ölkədə dəyişiklik obrazı yaradardı. Əlbəttə ki, bu, Putin rejiminə ciddi problem törədərdi. Məhz buna görə Putin Ukraynada sabitliyi pozmağı qarşısına məqsəd qoyub».

«Məncə Rusiyanın daxilində siyasi alternativin formalaşacağına heç bir ümid yoxdur. ... Unutmamalıyıq ki, son illər ərzində nəhəng sayda istedadlı insan mühacirət edib. Yüz minlərlə, əsasən, gənclər ölkədə hər hansı perspektivlərin olmaması səbəbindən buranı tərk edir. Çünki Putin rejimi onları maraqlandıracaq heç nə təklif etmir və hər hansı yaradıcı təşəbbüsü əngəlləyir. Düzgün təşkilatlanma şəraitində bu insanlar... dəyişikliyin özəyi ola bilərdilər... Biz anlamalıyıq ki, on minlərlə məmur dəyişdirilməlidir. Özü də, mümkün qədər tez».

«Düşünürəm ki, Putin klassik diktator yox, geniş mafiya strukturunun başında duran xaç atasıdır. Mafiya başçısı müəyyən balans gözləməlidir. O, seçildiyinə görə yox, tarazlığın təminatı olduğuna görə hakimiyyətdədir. ...Hesab edirəm ki, bu gün Qərbin, sözün əsl mənasında, sərt mövqeyi çoxumuzun düşündüyündən də tez dəyişikliklə sonuclana bilər», - Garry Kasparov deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG