Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19

Bir sıra İran rəsmiləri bəyan ediblər ki, məşhur teleşou ulduzu İran İslam Respublikasının milli təhlükəsizlyinə hədə təşkil edir

Media xəbərlərində deyilir ki, dünya Amerikanın məşhur teleşou ulduzu Kim Kardashian-ı onun açıq-saçıq fotoları ilə tanısa da, İran mühafizəkarları onu ölkələrinə qarşı casusluq fəaliyyətində olan agent elan ediblər.

Bir sıra İran rəsmiləri bəyan ediblər Kardashian İran İslam Respublikasının milli təhlükəsizlyinə hədə təşkil edir.

İranın Mütəşəkkil Kibercinayətkarlığa qarşı Mübarizə Mərkəzinin sözçüsü Mostafa Alizadeh bildirib ki, xanımKardashian sosial media platforması olan Instagram-ın tapşırığı ilə İran qadınlarını öz fotolarını internetə yükləməyə sövq edir və beləliklə də, İranda islami geyim məcəlləsinə qarşı təxribat törədir.

Sözçü deyib ki, bu qəsd bəzi Körfəz ölkələri və Britaniyada hazırlanıb və bu işə milyonlarla dollar vəsait ayrılıb.

Hörümçək torunda

İran mediası bildirir ki, bu yaxınlarda keçirilmiş “Hörümçək əməliyyatı-2”- dən məqsəd bu təxribatın qarşısını almaq olub.

Bəsic - İranın əxlaq polisi

Bəsic - İranın əxlaq polisi

Bu əməliyyatın nəticəsi olaraq Tehranda 150-dək gözəllik və foto salonu bağlanıb və 30-dək model, makiajçı və fotoqraf barəsində cinayət işləri qaldırılıb. 8 qadın da hələ də həbsxanada saxlanır.

Qərb qəzetləri yazır ki, bu hay-küyün arxasında geyim məcəlləsindən daha böyük hədəflər gizlənir.

İranın əsasən İnqilab Keşikçiləri Korpusunda, ədliyyəsində və köhnə parlamentində cəmləşmiş sərt xətt-hərəkət tərəfdarları inanırlar ki, ABŞ ötən il imzalanmış nüvə sazişinə baxmayaraq, İranda rejim dəyişikliyi etmək planlarından əl çəkməyib.

İran mediasının yazdığına görə məhz bu məqsədlə “zərif təsir” taktikasından istifadə edən Qərb sosial medialar vasitəsilə gəncləri, ələlxüsus da gənc qadınları İslam inqilabının ideologiyasına qarşı çıxmağa təhrik edir.

Məqsəd Rouhani-ni gözdən salmaqdır

Lakin islahatyönlü təhlilçilərin fikrincə “son əxlaq reydləri” mühafizəkarlarla mötədillər arasında gedən qızğın çarpışmanın təzahürüdür.

Müşahidəcilər düşünürlər ki, belə hərəkətlərlə mühafizəkarlar, adamları prezident Rouhani-dən bədgüman etməyə çalışırlar.

Bu, fahişələrin özlərini sosial mediada reklam etdiyi və küçələrdə müştəri axtardığı, lakin peşəkar və təhsilli qadınların həbsxanalara salındığı bir ölkədir

Qərb təhlilçiləri bidlririrlər ki, mötədillərin parlament və hətta ölkənin gələcək ali rəhbərini seçəcək Üləmalar Şurasına seçkilərdə gözlənilməz uğuru mühafizəkarları “revanşa” qaldırıb.

Adının çəkilməsini istəməyən bir İran şərhçisi “The Financial Times” qəzetinə deyib ki, nə edəcəklərini bilməyən mühafizəkarların indi beyinlərində bir məqsəd var və bu da prezident Rouhani-nin ikinci müddətə seçilməsini əngəlləməkdir.

Qəzet yazır ki, hətta bu əngəllərsiz də prezidentin qarşısında ciddi problemlər dayanır. Ölkə iqtisasdiyyatı hələlik resessiyadan çıxmayıb, gənclər arasında işsizlik 26 faiz təşkil edir.

Belə bir şəraitdə iqtisadi çətinliklərdən fürsətlənən mühafizəkarlar islahatçı qüvvələrin əsas güc bazası olan orta təbəqənin həyatını sosial və siyasi təzyiqlərlə ağırlaşdırmağa çalışırlar.

Canlı teletövbə

“The Financial Times” yazır ki, “casus Kim Kardashian-ın təsirinə düşənlərdən biri” – gəlinlik geyimlərini İnstagramda reklam edən Elham Arab artıq prokuror qarşısına çıxarılıb və onun “sidq-ürəkdən etdiyi etiraf və tövbə” milli telekanallarda canlı yayınlanıb.

Model Elham Arab belə fotolara görə tövbə edib

Model Elham Arab belə fotolara görə tövbə edib

O da İnstagram-ın lənətlənməsinə qoşularaq deyib ki, “belə əməllərlə məşğul olmaq ləyaqətin və evlilik perspektivlərinin itirilməsinə dəyməz”.

Qərb mediası yazır ki, “əxlaqsızlıq əleyhinə reydlər” gəncləri mühafizəkarların əxlaq və din motivlərindən çıxış etdiyinə inandıra bilməyib.

Bir iranlı müəllimə qadın “The Financial Times” qəzetinin müxbirinə deyib: “Bu, fahişələrin özlərini sosial mediada reklam etdiyi və küçələrdə müştəri axtardığı, lakin peşəkar və təhsilli qadınların həbsxanalara salındığı bir ölkədir”.

Qərb qəzetləri yazırlar ki, İranda “imperializmin agenti” elan edilmiş şəxsin özü, yəni Kim Kardashian və ya onun nümayəndəsi son xəbərlərlə bağlı hər hansı şərh verməkdən imtina ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG