Keçid linkləri

Təcili xəbərlər

Bu meymunlar insan kimi daş alətlərdən istifadə edir- VİDEO


White-fronted capuchin (Cebus albifrons)
White-fronted capuchin (Cebus albifrons)

►Kapusin meymunları daş alətlərdən istifadə edirmiş

Şimal-şərqi Braziliyanın yarıquraqlıq yerlərində meymunların yeyə bilməsi üçün az şey var.

Ancaq burada cürbəcür qərzəkli (sərt qabıqlı) meyvələr və toxumlar var.

Ona görə təqribən yarım milyon il bundan əvvəl kapusinlər bura ilk dəfə gələndə buralarda olan yeganə qida növündən yararlana bilmək üçün bir yol tapmalı idilər.

Və yəqin qədim saqqallı kapusinlərdən biri Braziliya fıstığına baxıb anlamışdı ki, onu daş parçası ilə qırıb yeyə bilər. Bunu etməklə o təmsil etdiyi növ üçün tamamilə yeni bir yaşayış məkanını açmışdı.

Oksford Universitetinin alimi Michael Haslam deyir ki, kapusinlərin texnoloji həll yolu tapması, yəni daş alətdən istifadə etməyə başlaması onların bu ərazidə məskunlaşa bilməsinin səbəblərindən biri ola bilər.

Haslamin rəhbərlik etdiyi yeni tədqiqatın nəticəsinə görə, Braziliyada yaşayan meymunlar alətlərdən azı 700 il ərzində istifadə ediblər.

Haslam özünün Oksford və San Paolo universitetlərindən olan həmkarları ilə birlikdə şimal-şərqi Braziliyada yerləşən Serra da Capivara milli parkında onlarla daş 'çəkic' aşkar edib. "Current Biology" jurnalı yazır ki, bunlar Afrikadan kənarda tapılmış, insana və şimpanzeyə aid olmayan ən qədim alətlərdir.

Haslamın sözlərinə görə, əksər kapusinlər meşələrdə, o cümlədən Amazon meşələrində yaşayırlar. Buralar isə qərzəkli meyvələrin bolluğu ilə seçilmir.

Brailiya kapusinləri fıstığı qabığından ayırmağın müxtəlif yollarını tapıblar. Fazenda Boa Vistada yaşayan bir populyasiyanın meymunları fıstığı sərt səthin üzərinə sürtüb deşirlər və ləpəsini yeyirlər. Serra da Capivarada yaşayan populyasiya isə daş alətlərdən istifadə edir.

Kapusinlər alətləri ölçüsünə və materialına görə seçirlər. Adətən sərt kvarsitdən düzəldilmiş çəkiclər balaca meymun ovcunda rahat tutulacaq qədər kiçik olmalıdır.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Haslam deyir ki, meymunlar yaxşı fıstıq sındıran tapanda onu əldən buraxmaq istəmirlər. Onlar bu kiçik alətləri elə meyvə ağacının altındaca saxlayırlar ki, növbəti dəfə gələndə yenə onları burada tapsınlar.

Elə meymunların qədim alətlərini tapmaq üçün də alimlər müasir alətlərin olduğu, yəni fıstıq ağaclarının bitdiyi yerlərə baxıblar. Belə ki, bu bitkilərin bitməsi üçün indi və keçmişdə mövcud olan şərait bir-birindən fərqli olmamalıdır.

Tədqiqatçılar bu daşların üzərində qaralmış fıstıq qalıqları və izləri tapıblar. Bu isə həmin daşlardan alət kimi istifadə edildiyini göstərir. Müasir kapusinlər kimi onların əcdadları da fıstıq qıran alətləri səliqə ilə toplayırdılar.

700 il əvvələ aid tapıntılar göstərir ki, kapusin meymunlarının 100 nəsillik daş alətlərdən istifadə tarixi var. İnsan illərinə çevirsək, bu təxminən 2500 il deməkdir.

Bu 100 nəsildə texnologiya çox da dəyişməyib.

Haslamın fikrincə, bu onu göstərir ki, mövcud sistem yaxşı işləyir və onu təkmilləşdirməyə ehtyac yoxdur.

Müasir Brailiya ərazisinə ilk insanlar təxminən 20000 il bundan əvvəl gəliblər. Tədqiqatçılar ehtimal edirlər ki, 7000 il əvvəl qədim insanlar fıstıq yeməyə başlayanda onu yetişdirməyi kapusinləri müşahidə edərək öyrəniblər.

"İnsanlar heyvanların davranışını izləyərək onları əhatə edən mühit barədə çox şey öyrənirlər. Ola bilsin ki, kapusinlərin fıstıq qırması prosesi çox səs-küylü və nəzərəçarpan olduğuna görə insanlar üçün nümunə olub," Haslam deyir.

Ancaq bu, hələlik, yalnız bir ehtimaldır.

“Biz indi qeyri-insan arxeologiyasının başlanğıcındayıq. Bu sahə şimpanze, makaka və kapusinləri əhatə edir. Kim bilir iş davam etdikcə biz nələri öyrənəcəyik," deyə Haslam əlavə edib.

Ən son yazılan

XS
SM
MD
LG