Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

►Abidə “K. və Günəş” adlanır

Məşhur çex heykəltəraşı, qeyri-adi əsərləri ilə tanınan David Çernının Praqaya bəxş etdiyi yeni şedevr qısa müddətdə paytaxt sakinləri və turistlər arasında populyarlaşıb.

O, həmvətəni, dünya şöhrətli yazıçı Frans Kafkanın unikal abidəsini yaradıb.

Abidə Kafkanın poladdan tökülən, çəkisi 45 ton olan, 11 metr hündürlüyündə başından ibarətdir. Abidə 45 dövr edən qatdan ibarətdir. Onların hamısı fırlanıb yazıçının abidəsini “metamarfoza”ya uğradandan sonra bir nöqtədə simmetrik hala gəlir. Abidə “K. və Günəş” adlanır.

Abidə Praqanın mərkəzində, vaxtilə Kafkanın çalışdığı bankın binası yaxınlığında ucaldılıb.

Əgər şəhərə gələn ədəbiyyatsevər turistlər yazıçının yəhudi qəbiristanlığındakı məzarını və Kafka Muzeyini ziyarət etməyə çalışırdılarsa, indi gün şüaları altında bərq vurub göz oxşayan yeni abidəni də görməyə gəlirlər.

Bu, David Çernının Kafka ilə ilk "görüşü" deyil. Praqadakı Kafka muzeyinin önündə fiziki ehtiyaclarını ödəyən iki nəfərin heykəli də onundur.

Həmin iki nəfər "ayıb işi" hamının gözü önündə Çexiyanın xəritəsi formasında hovuzda edirlər.

Çernının öz heykəllərinin mənasını açmaqla, bu barədə danışmaqla arası yoxdur.

Belə bir fikir var ki, heykəltəraş elə Kafkanın öz üslubunda Çexiyanın bir-birini görməyə gözü olmayan iki lideri (indi artıq keçmiş) Vaslav Havel və Vaslav Klausun siyasi intriqalarla Çexiyanı "mundarlamasına" işarə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG