Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Kadırov "narkomanları ailələri ilə birlikdə" Çeçenistandan qovmaqla hədələdi


Ramzan Kadyrov

Ramzan Kadyrov

Narkotik alverində şübhəli bilinərək saxlananların əksəriyyəti qadınlardır

Çeçenistan lideri Ramzan Kadırov narkotik alverçilərini respublikadan qovmaqla hədələyib.

Güc qurumlarının keçirdiyi reydlər zamanı narkotik alveri və narkomanlıqda şübhəli bilinən azı 700 nəfər saxlanıb.

Onlar sentyabrın 28-də Qroznının mərkəzində Ramzan Kadırovun hüzuruna gətiriliblər.

Yerli sakinlərin sözlərinə görə, şübhəlilərin arasında onların qohumları və təsadüfən yanlarında olan adamlar da olub.

Kadırov onlara sonuncu şans verildiyini bildirib. Deyib ki, düzəlməsələr, ailələri ilə birlikdə respublikadan qovulacaqlar:

“Nəşə, digər narkotik və dərman satan kişi və qadınlar ailələri ilə birlikdə respublikadan qovulacaqlar. Xalqla birgə iş aparırıq və birgə qərar verəcəyik. Əgər bu cür adamlar ölkədən çıxarılmasa, narkotikə qurşanan gənclərin sayı artacaq. Vaxt olub, ata-babalarımız heç bir qanun olmadan, ildə bir dəfə şuraya toplaşmaqla qərarların necə yerinə yetirilməsinə nəzarət ediblər. İndi isə hər cür qanun var və onlara nəzarət edə bilməmək ayıbdır”, - Kadırov vurğulayıb.

Reydlər sentyabrın 26-28 arası keçirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, narkotik alverində şübhəli bilinərək saxlananların əksəriyyəti qadınlardır.

Narkotik qəbuluna görə, saxlananlar isə 18-30 yaş arasındadır.

Reydlər əsasəngecə saatlarında keçirilib.

İslam adlı Qroznı sakini bu reydləri alqışlayır, amma ucdantutma hamının saxlanması ilə razılaşmır:

“Mən istənilən normal bir adam kimi bunu alqışlayıram. Amma reyd zamanı polisin, ucdantutma hamını saxlaması və sonda onların hamısını narkoman adlandırması ilə razı deyiləm”, deyə o vurğulayır.

Digər Qroznı sakini Lema da reydlər zamanı polisin, ucdantutma hamını saxlamasını təsdiqləyir.

Keçmiş müəllimə Malika isə hesab edir ki, narkotik alverçiləri ölümə və ya ən azı ömürlük həbsə məhkum olunmalıdırlar.

Yerli qeyri-hökumət təşkilatlarından birinin adının çəkilməməsini istəyən rəhbəri isə kollektiv cavabdehlik prinsipinin dini normalara zidd olduğunu deyir:

"Narkotik alveri və narkomaniyanın qarşısı sözsüz alınmalıdır. Amma bu, qanun çərçivəsində edilməlidir. Kadırovun kollektiv, ailəvi cavabdehlik prinsipi dini normalar və Çeçenistan adətlərinə ziddir. Hətta Stalin dövründə belə bir prinsip vardı-“Oğul ataya görə cavab vermir” və ya əksinə."

O, Çeçenistan hakimiyyətində belə üsullardan çoxdan istifadə edildiyini yada salır:

“Vaxtilə güc qurumları yaraqlıların evini yandırır, ailələrini isə respublikadan qovurdular. Belə bir təcrübə bizdə çoxdan var”, deyə o vurğulayır.

Beynəlxalq hüquq müdafiəçiləri də həmin vaxt Çeçenistanda terrorçuluqla mübarizədə bu cür üsula əl atılmasını kəskin pisləmişdilər.

Kadırovsa deyirdi ki, yaraqlıların qohumları onların hərəkətinə görə cavab verməli, meşəyə birinci gedib uşaqlarını evə döndərməlidirlər.

Qeyd edək ki, bu yaxınlarda Çeçenistanın Kenxi kənd sakin Ramazan Calaldinov Kadyrovu tənqit etdiyinə görə evi yandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG