Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21

Millət vəkilinin qətli referendum kampaniyasını dayandırdı


Britaniya millət vəkili Jo Cox

Britaniya millət vəkili Jo Cox

Leyborist Jo Cox Britaniyanın Avropa İttifaqında qalması uğrunda kampaniyanın fəal iştirakçısı idi.

Britaniyada leyborist millət vəkili Jo Cox-un qətlindən sonra ölkənin Avropa İttifaqında qalıb-qalmaması məsələsinə dair referendum kampaniyasının hər iki düşərgəsi fəaliyyətini dayandırıb.

Millət vəkilinə silahlı hücumŞimali İngiltərənin Lids şəhərində baş verib.

Hadisədən az əvvəl xanım Cox seçiciləri ilə görüş keçirirdi.

Bu hücum və qətllə əlaqədar 52 yaşlı yerli sakin həbs edilib. Jo Cox-a üç atəş açılıb və bir neçə bıçaq zərbəsi endirilib.

Həbs edilən şəxsin əvvəllər ruhi xəstəliklə bağlı müalicə olunması barədə məlumatlar var. Hadisənin şahidləri deyirlər ki, hücum edən şəxs xanım Cox-u vurmazdan əvvəl bir neçə dəfə “Hər şeydən irəli Britaniyadır” deyə çığırıb.

Bununla əlaqədar mediada və sosial şəbəkələrdə bu qətlin referendum kampaniyası ilə bağlı ola biləcəyinə dair fikirlər səslənir.

Xanım Cox Britaniyanın Avropa İttifaqında qalması uğrunda kampaniyanın fəal iştirakçısı idi.

O parlamentə ötən il seçilsə də Leyborist Partiyasının yüksələn ulduzu sayılırdı.

Avropa İttifaqına dair referendum iyunun 23-də keçirilməlidir.

Britaniyada siyasətçilərə qəsd nadir hadisədir

İttifaqdan çıxmaq tərəfdarı olanların lideri, keçmiş London meri Boris Johnson baş vermis faciənin ardınca təbliğat kampaniyasının dayandırıldığını bildirib.

Bunun ardınca Avropa İttifaqı tərəfdarları da öz kampaniyalarını dayandırıblar.

Avropada qalıb-qalmamaq qərarına dair son rəy sorğuları əhalinin təxminən tən yarıya bölündüyünü göstərir. Son günlər referendum debatları çox gərgin axarda davam edirdi.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker hadisədən sarsıldığını yazır.

ABŞ prezidentliyinə namizəd Hillary Clinton başsağlığı verib və kədərləndiyini bildirib.

Britaniyanın baş naziri David Cameron hər iki düşərgənin kampaniyanı dayandırmaq qərarını düzgün addım adlandırıb. Baş nazir Cəbəllütariq səfərini təxirə salıb.

Cəbəllütariq İspaniya ərazisində yerləşən Britaniya torpağı sayılır.

Britaniyada millət vəkilləri və siyasətçilər üzərinə hücumlar tez-tez baş versə də, ciddi basqınlar tarixən az olub.

Məsələn, 1812-ci ildə qətlə yetirilmiş baş nazir Spencer Perceval Britaniya tarixində sui-qəsd nəticəsində öldürülmüş yeganə baş nazirdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG