Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:39

Xarici işlər nazirliyindən Minsk qrupuna sərt cavab


Hokmət Hacıyev
Hokmət Hacıyev

.

“ATƏT Minsk qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində cüzi irəliləyişə belə nail olmadığı bir halda James Warlickin münaqişənin həlli ilə bağlı digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə haqqı yoxdur. Buna görə də münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyətlə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməsinə heç bir lüzum görülmür”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Minsk qrupunun amerikalı həmsədri James Warlickin özünün “Tvitter” səhifəsində Avropa Şurası Parlament Assambleyası Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul elədiyi məruzəyə dair şərhinə münasibət bildirərkən deyib:

”Əksinə, Minsk qrupunun həmsədrləri, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələri, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair sənədlərini rəhbər tutması və bu qurumlarla məsləhətləşməsinə ehtiyacı var. ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud “status-kvo”nu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir. James Warlickin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib hissəsi olması istisna deyil”, - deyə H. Hacıyev vurğulayıb.

James Warlick “Tvitter” səhifəsində yazıb ki, AŞPA Dağlıq Qarabağla bağlı hər-hansı hesabatı qəbul etməzdən əvvəl ATƏT-lə məsləhətləşməli idi.

Qeyd edək ki, AŞPA-nın Siyasi Komitəsinin noyabrın 4-də keçirilən iclasında “İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması” ilə bağlı məruzə qəbul olunub. Sənədi Siyasi Komitənin britaniyalı məruzəçisi Robert Walter hazırlayıb.

İclasda Azərbaycanı təmsil edən millət vəkili Səməd Seyidov ümumilikdə bu məruzəni yüksək qiymətləndirib. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, müzakirə zamanı Azərbaycan tərəfi sənədə 3 əlavə təklif edib və onların 3-də qəbul olunub:

“Bu əlavələr də məruzəyə daxil edildi. Əlavələrdən biri Dağlıq Qarabağda qeyri-qanuni saxlanılan 2 Azərbaycan vətəndaşının taleyinin müzakirəsi və onların dərhal azadlığa buraxılması barədə idi.

Bu məruzənin bənd-bənd müzakirəsi və qəbul olunması regionda obyektivliyin, qanunun aliliyinin bərqərar olmasına yardım edəcək.

Azərbaycan torpaqlarının işğalı, Azərbaycan xalqına qarşı etnik təmizləmələrin aparılması, Avropa Məhkəməsinin Çıraqov işi ilə bağlı qərarının bu məruzədə əks olunması bir daha sübut edir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsuliyyət daşıyır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG