Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Sən demə qədim insanlar bir-birindən minlərlə kilometr aralıda, Avropada və Asiyada iki fərqli canavar populyasiyasını əhliləşdirməklə itlərlə bir yox, iki dəfə dostlaşıblarmış.

Alimlər müasir genetikanın verdiyi imkanlardan istifadə edərək itlərin təkamül tarixini araşdırıblar. Onlar aşkar ediblər ki, mənşəcə Avrasiya materikinin şərq və qərb hissələrindən olan itlər arasında dərin fərqlər var.

İnsanlarla itlər azı 15.000 ildir ki, birlikdə yaşayırlar. İnəklər, keçilər və donuzlar onlardan 5000 il sonra əhliləşdirilib. Ancaq insanla itin ilk dəfə necə və harada dostlaşdığı sirr olaraq qalır.

Alimlərin əksəriyyəti itlərin bir dəfə əhliləşdirildiyinə inanırdı. Onlardan bəziləri bunun ilk dəfə Avropada, bəziləri isə mərkəzi Asiya, yaxud da Çində baş verdiyini iddia edirdilər.

Ancaq 4800 il bundan əvvəl yaşamış itin daxili qulağının İrlandiyada tapılmış sümüyü bu heyvanın bütün genomunu açmağa imkan verib. Alimlər bu itin genomunu həm müasir itlərin, həm də 59 qədim itin DNT izləri ilə müqayisə ediblər.

"Əlimizdəki məlumat göstərir ki, itlər iki dəfə, Köhnə Dünyanın hər iki tərəfində əhliləşdirilib. Bu isə onu göstərir ki, azı iki insan qrupu bir-birindən asılı olmadan eyni nəticəyə gəlib: itlər əhliləşdirilə bilər. Bu həm də onu göstərir ki, əhliləşdirmə prosesi bizim düşündüyümüzdən daha çox dəfə təkrarlana bilər", Oksford Universitetindən genetik Laurent Frantz deyir.

Alimlər əldə olan genetik məlumat əsasında itlərin nəsil şəcərəsini ortaya qoymaqla belə nəticəyə gəliblər ki, çox qədim əhliləşdirilmiş itlər Avrasiya materikinin şərqində və qərbində yaşayıblar, materikin mərkəzində isə onlara rast gəlinmir.

Alimlərin fikrincə çox qədim zamanlarda Asiyadan qərbə axışan insanlar özləri ilə itlərini də gətiriblər və beləliklə müasir itlərin genlərində asiyalı əcdadlarının genləri dominantlıq təşkil edir.

Daha bir hipotezə görə itlər yalnız bir dəfə, Asiyada əhliləşdiriliblər. Daha sonra isə insanlarla birlikdə Avropaya köç ediblər. Ancaq alimlər düşünürlər ki, bu hipotezi təsdiqləmək üçün hələ daha çox dəlilə, yəni daha çox qədim it və canavarın genetik məlumatına ehtiyac var. Belə ki, materikin ortasından kifayət qədər dəlil tapılmayıb.

Aydın olmayan digər məsələ isə boz canavarların necə bir-birindən bu qədər fərqli olan müasir it cinslərinə qədər gəlib çıxmasıdır.

Oksford Universitetinin Arxeologiya kafedrasından genetik Greger Larson düşünür ki, qədim ovçu-yığıcının bir canavar balasını götürüb yavaş-yavaş yetişdirməsi versiyası çox bəsitdir.

"Böyük ehtimalla bu, qarşılıqlı təkamül olub. Əvvəlcə bir dəstə canavar insanlara yaxınlaşıb. Sonra insanlar canavarlara öyrəşiblər. Yəqin ki, sonda bu, daha çox insanların iradəsinə bağlı olub", alim qeyd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG