İstanbul valisi Vasif Şahin Abdulqadir Maşaripovun günahını boynuna aldığını bildirir. Valinin sözlərinə görə bunu onun barmaq izləri də təsdiqləyib. Vasif Şahin onun 1983-cü ildə Özbəkistanda anadan olduğunu və Əfqanıstanda xüsusi təlim keçdiyini deyir. Vali, Maşaripovun yaxşı təhsilli olduğunu və 4 dildə danışdığını bildirib
***
Türkiyə hökuməti Yeni il axşamı İstanbuldakı "Reina" gecə klubunda 39 nəfəri, o cümlədən 1 azərbaycanlını qətlə yetirən terrorçunun yaxalanmasını təsdiqləyib.
Baş nazir Binali Yıldırım yanvarın 17-də keçirdiyi mətbuat konfransında onun İstanbulda yaxalandığını və hazırda sorğu-sual edildiyini bildirib.
O hazırda istintaq getdiyindən detallara aydınlıq gətirməyib.
Hürriyyet qəzeti onun əslən özbək olduğunu və 4 yaşlı oğlu ilə birlikdə yanvarın 16-sı yerli vaxtla axşam saat 11 radələrində İstanbulun Avropa hissəsindəki mənzillərdən birində yaxalandığını xəbər verir.
Anadolu agentliyi də daxil olmaqla yerli KİV-lərin məlumatına görə, Abdulqadir Maşaripov adlı bu şəxs Abu Məhəmməd Xorasani adı altında fəaliyyət göstərirmiş.
Anadolu Agentliyi onunla yanaşı İstanbulun Esenyurt rayonunda daha 4 nəfərin yaxalandığını xəbər verir.
Onlardan birinin əslən qırğız , üçününsə qadın olduğu bildirilir.
DHA agentliyi əməliyyat zamanı həbs olunanlardan birinin görüntülərini yayıb.
Hücuma görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.